Общественно-политическая интернет газета
Elə çıxmasın ki, avtomobillə lotuluq edənlər yeni çıxıb. Xeyr. Bunlar 30-40 il (hətta daha çox) əvvəllər də vardı. Sadəcə, maşınla lotuluq edənlərin öz mərifətlərini lentə alıb ictimailəşdirmələri hadisəsi yenidir.
Əvvəllər video-mideo yox idi, videokakameralar təkcə kinoçəkənlərdəydi (sonralar toyçəkənlər də əldə etdilər). İndi maşallah, hamının videokamerası var. Müasir telefonlar həm də videokameradır axı, hamı da operatordur, suda boğulanı da çəkirlər, “özümü körpüdən atacam” deyəni də.
Belə bir cihaz 40-50 il əvvəl olsaydı, o zamanın avtoxuliqanları da öz müstəsna qabiliyyəttlərini çəkib internetə, sosial şəbəkələrə qoyardılar. İndiki nəsil də baxardı, deyərdi, ustad sələflərimiz olub ey. Məsələn, biz gəncəli “smert Tofiq”in öz “Jiquli”si ilə yollarda nə kimi hoqqalar çıxardığını ağızdan-ağıza eşidirdik. Bəlkə də çoxu gop idi, hər danışan bir az şişirtmişdi və nəticədə belə əfsanələr yaranmışdı: “Tofiq lələ Yevlax yolunda maşını 160-la sürüb, qapını açıb asfaltdan kibrit qutusu götürüb”; “Lələ Kirovabaddan Bakıya 2 saata çatıb”; “Tofiq maşınını elə yığdırıb ki, tormozunu basanda stoplarında “smert” yazılır” və sair və ilaxır.
Şişirtmə olsa da, olmasa da, adam dövrünün ən məşhur avtoxuliqanıydı, ölkəylə bir şöhrəti vardı. Özünü ona oxşadanlar, maşını idarə edə bilməyib xosunvay olanlar da olurdu. Bir tanıdığımız gənc vardı, əsgərlikdən gələndən sonra atası ona bir “011” almışdı, o da torpaq yol, daş yol, asfalt yol demirdi, ley kimi şığıyırdı. “Bura yaşayış məntəqəsinin içidir, bir az yavaş sürüm” söhbəti yox idi. Ta elə bir gün olmurdu ki, camaat ondan atasına şikayət eləməsin. Bəziləri şikayəti diplomatcasına edirdilər: “Əmioğlu, vallah, oğlun bir xəta çıxardacaq. Kiminsə uşağını vuracaq, el içində qanlı olacağıq”. Axırda ağsaqqal başa düşdü ki, belə gedə bilməz, maşını oğlundan alıb satdı, ona da bir iş düzəltdi ki, başı qarışsın. Maşınsız qalan gənc söhbət düşən kimi deyirdi, çox mərdiməzar camaatımız var, gül kimi maşını əlmdən aldırdılar.
Hazırda yollar daha hamardır, maşınlar 20 dəfə çoxdur, avtoxuliqanlıq etmək istəyən dəliqanlı gədələr 40 il əvvəlkilərin 40 misli qədər artıb. Nəticədə hər gün maraqlı videolar izləyirik. Maşınını 3-4 kilometr geri-geri sürən kimi, birtərəfli yolda qəsdən qarşıdan gələnlərin yoluyla hərəkət edən kim, avtobanlarda 180-200 sürət yığan kim, iki təkərə qaldıran kim, təhlükəli driftlər edən kim... Bəzi dəliqanlılar ağıllıdır, yedikləri məmulatı çəkib camaata göstərmirlər, amma aralarında gicbəsərlər də çoxdur, xuliqanlığı edirlər, sonra da sənədləşdirirlər. Beləcə, hüquq-mühafizə orqanlar əməkdaşlarının işini asanlaşdırırlar. Onlar birbaşa ünvana gedir, gənci “Fiat Dobla”ya basıb məhkəməyə aparırlar, oradan da onları 15 günlüyə, 1 aylığa inzibati cəzaçəkmə yerinə göndərirlər. (Belə şeyər edən, amma cəzasız qalanların olduğunu da qeyd edək ki, obyektivlik olsun).
Bu, hələ ən yaxşı variantdır. İçib sükan arxasına oturan, bir-birilə ötüşən gənclərin törətdiyi ağır qəzalar haqqında vaxtaşırı xəbərlər yayılır. Bir dəfə bir vəzifəli şəxsin nəvəsi ötüşəndə 3-4 adamı xışlamışdı, media şivən saldı, gənci tutdular, bir müddət içəridə 5 ulduzlu lüks kamerada “cəza” çəkdi, sonra buraxdılar. Bir dəfə də bir vəzifəli şəxsin oğlu öz “Galendevagen”ini aşırmışdı, mən də bir neçə cümləlik yazı yazmışdım, məni şəhər prokurorluğuna çağırıb xəbərdarlıq etdilər ki, “qalik”i aşıran gənc heç də onların sistemində çalışan vəzifəli adamın oğlu deyil. Bəlkə də düz deyirdilər, ola bilər, 200 min dollarlıq avtomobili aşıran oğlan kanalizasiya sistemində çalışan santexnikin oğluydu. Kim bilir? Sonra da deyirlər, qara işlərdə pul yoxdur.
Xüləs. Əslində bu ölkədə ucuz və artıq cırıq-cırıq olmuş sovet maşınlarında yüksək səslə musiqi oxuda-oxuda son sürətlə hərəkət edən gənclər “porşe”lərdə lotuluq edənlərdən qat-qat çoxdur. Gəncləri avtoxuliqanlığa sövq edən daxili hiss heç də harınlıq və qudurğanlıqla bağlı deyil. Elə olsaydı, 1974-cü il buraxılışı olan VAZ-21011-in kasıb sürücüsü “avtoş”luq xəyalına düşməzdi. (Təsəvvür edin ki, onun “Ferrari”si olsaydı, nə qayırardı).
Bu, hər nədirsə, psixoloji məsələdir, gənclər özlərini göstərmək, təsdiq etmək, “belədə mən də varam” demək istəyirlər. Yəni maşınla lotuluq etmək təkcə ruhi ehtiyac və zövq məsələsi olsaydı, onlar o qələti edəndən sonra gizli saxlayardılar. Amma çəkdirib yayırlarsa, demək, ad çıxarmaq istəyirlər.
Bax, dünən qarlı havada 25 metrlik avtobusu buz bağlamış meydanda sürüşdürən, drift edən sürücünün də yüz faiz şöhrətə, ad-sana ehtiyacı var. Bu gün onun əməlindən hamı xəbərdardır. Bu gün-sabah adı da məlum olacaq. Ən azı bəzi saytlar tapıb danışdıracaq, “Avtobusla drift edən sürücü danışdı” başlıqlı xəbər yazacaqlar. Oxucu da o mərifət sahibinin kim olduğunu biləcək. Amma ertəsi gün nə olacaq? Heç nə. Unudulub gedəcək.
Ucuz şöhrət qovalayan adamlar bilməlidirlər ki, belə hərəkətlərlə, sıradışı əməllərlə əldə edilən şöhrət qalıcı olmur, tez unudulur. Ona görə özünə problem yaratmağa, danlanmağa, pazlanmağa dəyməz.
КомментарииОставить комментарий