Общественно-политическая интернет газета
Doğrusu, Azərbaycan və Ermənistan təmsilçilərinin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sonuncu görüşündə dərhal yekun nəticənin əldə olunacağını gözləmirdik, baxmayaraq ki, erməni tərəfi görüş ərəfəsində on beş gün ərzində sülh sazişinin imzalanacağını demişdi.
Prinsipcə, sülh sazişi ilk olaraq çərçivə sazişi kimi imzalana bilər və bundan sonra sərhədlərlə bağlı dəqiqləşdirmələri davam etdirmək olar.
Amma bizə elə gəlir ki, məsələnin belə qoyuluşu heç də bizim maraqlarımıza cavab vermir. Bir vaxtlar ermənilər münaqişənin həlli üçün paket variantını tələb etdiyi kimi indi biz də belə edə bilərik – bəli, yalnız səkkiz kənd Azərbaycana qaytarılandan sonra sülh sazişini imzalaya bilərik.
Belədə isə sərhədlər nisbətən çətin problemdir. Biz hələ Gürcüstanla sərhədlərin delimitasiyasını və demarkasiyasını baş çatdırmamışıq. Hətta İranla Xəzərdə müəyyən problemlərimiz var, bir sıra neft və qaz yataqları mübahisəli olaraq qalırlar. Amma təminat yoxdur ki, sülh sazişi imzalanandan sonra ermənilər bizim səkkiz kəndi qaytaracaqlar. Hərçənd, bu kəndlərin qaytarılması səhv etmiriksə, ilkin razılaşmalarda nəzərdə tutulmuşdu.
Üstəgəl, erməni baş naziri Nikol Paşinyan da bir neçə dəfə səkkiz kənd də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi nə oldu? Niyə görə bu kəndləri qaytarmağa tələsmirlər? Yoxsa bunun üçün də xüsusi hərbi əməliyyat keçirmək lazımdır? Elə bu səbəbdən də bir daha deyirik ki, sülh sazişi yalnız və yalnız səkkiz kənd qaytarılandan sonra imzalana bilər...
İlin artıq yalnız bircə ayı qalıb. Düşünmürük ki, bu bir ayda hansısa ciddi və ya fövqəladə hadisələr baş versin. Düzdür, erməni baş naziri və Ermənistanın parlament başçısı bir neçə dəfə bəyan ediblər ki, sülh sazişi ən yaxın müddətdə imzalanacaq. Nə deyirik? Qoy belə olsun. Amma əvvəlcə zəhmət çəkib səkkiz kəndi qaytarsınlar...
Bizə isə elə gəlir ki, proses bir az uzanacaq. Növbəti ildə Rusiyada və ABŞ-da prezident seçkiləri gözlənir. Rusiyada prezident seçkiləri elə də çox vaxt aparmır, aydın məsələdir ki, bu dəfə də prezident Vladimir Putin olacaq. Prinsipcə, bu, bizim üçün maraqlı deyil. Maraqlısı iki əsas məqamdır.
Birincisi, xanım Mariya Zaxarova Nikol Paşinyanı öz mövqeyini dəqiqləşdirməyə çağırır. Məsələ bundadır ki, N.Paşinyan demək olar ki, MDB-nin və KTMT-nin bütün tədbirlərini boykot edir, onların işində iştirak etmir. İkinci, bizim üçün vacib məqam budur ki, rusların ən son bəyanatına görə, onlar Qarabağda sonuncu erməni qalana kimi qalmaq fikrindədirlər, halbuki, onların beş illik vaxt limiti bitir və belə görünür ki, rus sülhməramlılarını buradan tərpətmək çox da asan olmayacaq. Onlar belə hesab edirlər ki, guya heç kim onlar kimi sülhü təmin etmək iqtidarında deyillər. Moskva keçmiş Dağlıq Qarabağdan getməyə tələsmir, çünki oranı tərk edəcəyi təqdirdə onun Azərbaycana heç bir təsir rıçaqı qalmayacaq.
Hazırda Cənubi Qafqazın hər üç ölkəsində Moskvanın təsir rıçaqları var. Gürcüstanda Abxaziya və Cənubi Osetiya Kremlin nəzarətindədir. Digər bir respublika – Ermənistan hələki bütünlüklə Rusiyanın orbitindədir, baxmayaraq ki, Paşinyan bütün vasitələrlə bu vəziyyəti dəyişmək istəyir. Amma o, hələ real və ya praktiki olaraq heç nəyi dəyişə bilməyib və hələ məlum deyildir ki, o, nə vaxtsa buna nail olacaqmı?..
Qalır Azərbaycan. Hazırda burada bir neçə yüz rus sülhməramlısından savayı Rusiyanın qeyri bir iştirakı yoxdur. Biz dəfələrlə yazmışıq ki, çox şey Ukraynadakı savaş bitəndən sonra aydınlaşacaq. Təəssüf ki, hazırda burada döyüşlər Rusiyanın üstünlüyü şəraitində keçir. Üstəgəl, ABŞ-dakı prezident seçkilərinin də bu prosesə birbaşa təsiri olacaqdır. Hələliksə çox böyük ehtimalla Ştatlar Kiyevə 60 milyard dollarlıq hərbi yardımı edəcəkdir. Amma bu, müharibənin taleyini birdəfəlik və birmənalı həll etmək iqtidarındadırmı?..
КомментарииОставить комментарий