Общественно-политическая интернет газета
8 may. 1992-ci il. Şuşanın işğalı. Azərbaycan tarixinin ən qara səhifələrindən biri... 29 il hər 8 mayda yaşamışıq bu utanc tarixini. Əslində utanc demək də bəlkə doğru deyil, Birinci Qarabağ savaşında Şuşa uğrunda canından keçənləri necə unutmaq, bizim kimi “utananlar” sırasına aid etmək olardı ki? Onların da boynumuzda haqları olub həmişə, onlara da borcluyuq...
8 may tarixini həmişə fərqli yad etmişik. Fərqli münasibət olub Şuşaya. Pasportumuzda heç dəyişməyən Şuşa qeydiyyatını görən yol polisi də dövlətin cəriməsini görməzdən gəlib. Həmin adama görə yox, Şuşaya görə... Hələ “şuşalıyam” adını qorumaq da vardı- indi qəribə gələ bilər, amma bu da olub. Şuşalı adamı aldatmaz, şuşalı toyda oynamaz... Sonuncusu etiraf edim ki, mənim “kəşfimdir”, oynaya bilməməyimi Şuşa adı altında gizlətdim illərlə. İşə yaradı, hamı anlayışla qarşılayıb, bəlkə də üzə deməsələr də, şuşalı oynayanda qıraqdan baxıb qınadılar da...Şuşa işğaldaykən, necə oynamaq olardı axı Allahım?
8 may! Hər bu tarix yer öz oxu ətrafında fırlanıb gələndə dünya adamın başına yıxılardı. Son illər ümumiyyətlə, həmin gün heç televizoru yandırmağa daha hey də qalmırdı. Nə qədər olardı bu həsrətlə yaşamaq? Ermənilərin Şuşada yeyib-içdiklərini, orada genəlib dincəlməklərini, bizə acıq vermələrini heç zaman unutmaq olmaz...Sənin vətənində yadellilərin qol götürüb oynamasından daha böyük utanc olardımı? Ata-babanın işğaldakı qəbirlərində sümükləri də yanırsa, sən ümumiyyətlə necə “yaşayıram” deyə bilmisən?
Amma hər ötən il bizi Şuşadan uzaqlaşdırmırdı, əksinə bu dərd daha da adamı özünə çəkər, yaxasından yapışar, çərlədərdi. Pirşağıdakı “şuşalılar qəbiristanlığı” son nəfəsində “Şuşada ölə bilmədik” deyənlərlə doludur...
Hikmətin(Sabiroğlu) apreldə yazdığı yazıdan sitat yerinə düşür: “Anam. Bir vaxt belə yazmışam: “Daha qapını üzümə açmır anam, “Torpaqdan nə xəbər?” soruşmur. Onun Torpaq davası bitib artıq. Şuşanın 21-ci ilində bitib.
O 21 ildə heç olmamışdı ki, məndən Torpağı xəbər almasın anam. Nə vaxt qapını döyüb evə girirdim, Torpaqdan xəbər istəyirdi. Qarabağ demirdi, Şuşa demirdi, eləcə Torpaq deyirdi”.
...Heç Şuşanı görməyən uşaqlarımıza hər şeydən öncə “şuşalıyam” deməyi öyrədirdik. Amma “məni Şuşaya niyə aparmırsan” sualı qarşısında ürəyimizi ovuşdurmaqdan başqa çarəmiz qalmazdı. Uşaqlar da böyüyər, gerçəyi öyrənər, elə biz qədər dərdlənməyə başlayırdılar. Biz uşaqlarımızı bu boyda ağır yükün altında qoyub getməməliydik!
Son illər tez-tez “ Şuşa daha getdi...” eşitməkdəydik. Gəlib-gedən Minsk Qrupuna, mənasız danışıqlara daha inam qalmamışdı. “Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu da son illərin ən çox işlədilən fikirlərindən biri, bəlkə də birincisi idi.
2016-cı ilin aprel döyüşlərində “niyə hərbi əməliyyatlar yarımçıq dayandı, niyə irəli getmədik” dedik. Yenə ümidsizlik... Şuşa sən demə, o həmsədr müzakirələrində masada heç yoxmuş! “Şuşada Azərbaycan bayrağı o zaman dalğalanacaq ki, burada bəlkə konsulluq binası açasız”-ermənilər deyirmişlər bunu da. Düşmən Şuşanı əbədi caynaqlarına keçirdiklərinə özlərini elə inandırmışdılar ki...
27 sentyabrda başlayan Vətən müharibəsinin hər saatını “Şuşa da işğaldan mütləq qurtulacaq” ümidi ilə yaşadıq. Hər işğaldan azad kənd bizi Şuşaya yaxınlaşdırırdı. “Amma”lar, “bəlkə...”lər də vardı. Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deməklə “amma” və “bəlkə”lərin üzərinə xətt çəkdi.
Çətin oldu “ŞUŞA, SƏN AZADSAN!” xəbərini gözləmək. O xəbəri qulağınla eşitmək xoşbəxtliyi...29 illik ayrılığın bitdiyini bildirən 8 noyabr günü! Qələbəyə həsrət, Şuşaya həsrət xalqın bayramı! Möcüzə kimi bir gün...
Şuşa azaddır! Doğrudan, yəni?! Ali Baş Komandana Şuşadan məruzə edilir, bayrağımız Şuşada! Gövhər Ağa məscidində xüsusi təyinatlımız azan oxuyur...Belə bir möcüzəni yaşamaq qismətimizdə varmış sən demə... 8 may utancından, 8 noyabr zəfərinə aparan yol uzun, ağrılı oldu. Amma oldu!
Biz yaşayaq, başımızı dik tutaq deyə, canlarından keçən şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq...Onlar Şuşanı Azərbaycana qaytarmardılar təkcə, xalqın 29 illik əzilmiş, təhqir edilmiş qürurunu xilas etdilər!
Şuşa və digər torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirik! Başımızı onların qarşısında əymək nə böyük qürur!!!
Bu gün Şuşaya ilk köç başlayır. İllər sonra 8 maya sevinmək, şükür eləmək də möcüzə. Sənə şükür, Şuşa...
КомментарииОставить комментарий