Общественно-политическая интернет газета
Bəri başdan deyək ki, ruslar Azərbaycanda əlavə konsulluqlar açmaqla guya indiki vəziyyətə simmetrik məzmun vermək istəyirlər: Azərbaycanın Rusiyada bir neçə konsulluğu varsa, niyə Rusiyanın da Azərbaycanda əlavə konsulluqları olmasın? Bəli, ilk baxışda məntiqli və hətta ədalətli bir tələb və təklif kimi görünür.
Amma dərindən fikirləşəndə yalnız ilk baxışda belədir. Məsələ bundadır ki, Rusiya çox böyük dövlətdir. Ona görə də insanların diplomatik xidmətlərdən yararlanmasını asanlaşdırmaq üçün bu ölkədə eyni bir dövlətin bir neçə konsulluq açmasında məntiq var – axı elə insanlar var ki, bu xidmətdən istifadə etmək üçün minlərlə kilometr qət etməli olur!
Amma Azərbaycan çox kiçik bir ölkədir, onun bir tərəfindən o biri tərəfinə qədər məsafə uzağı bir neçə yüz kilometr olar. Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən, Azərbaycan Rusiyada bir neçə konsulluq açarkən insanların işini asanlaşdırmaqdan savayı hər hansı bir başqa məqsəd güdməyib. Rusiya isə belə etmir. Onlar ilk olaraq belə bəyan etdilər ki, konsulluğu Xankəndidə açmaq istəyirlər. Sual olunur: niyə məhz Xankəndidə? Axı onlar bunu keçmiş Qarabağın başqa rayonlarında da açmağı təklif edə bilərdilər! Biz hələ onu demirik ki, təkcə Xankəndidə yox, indi bütün Qarabağda çox az əhali var və məskunlaşma əmsalının digər ərazilərə çatmasına hələ çox var. Ona görə də dərhal aydın oldu ki, rusların məqsədi tamam başqadır: onlar bölgəyə daha bir “ilgək” atmaq istəyir, ermənilərin keçmiş Dağlıq Qarabağdan köçüb getməsi ilə qəti barışmır və “konsulluq” adı altında əslində, Xankəndidə ermənilər üçün “koordinasiya mərkəzi” açmağı planlaşdırırlar. Ona görə də heç bir halda buna imkan vermək olmaz - əgər çox israr edirlərsə, onda qoy, öz “konsulluq”larını keçmiş Dağlıq Qarabağdan tamam kənarda, məsələn, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə açsınlar...
Belədə isə onların bu tələbini qulaqardına vurmaq olar. Amma bu məsələ ilə bağlı müəyyən şayiələr də dolaşır. Belə “ehtimal”lar var ki, guya ruslar sülhməramlılarını Qarabağdan çıxaranda belə bir tələb qoyublar ki, bölgədə hərbi iştiraklarını diplomatik təmsilçiliklərini artırmaqla kompensasiya edəcəklər. Doğrusu, bu “ehtimal”lara, hətta deyərdik ki, şayiələrə inanmırıq. Sülhməramlıların çıxması hələ 2020-ci il razılaşmalarında nəzərdə tutulmuşdu. Amma ruslar bunu bir az tezləşdirdilər. Məsələ bundadır ki, Ukrayna ilə müharibə davam etdiyi bir vaxtda Azərbaycanda bir-iki minlik hərbi heyət saxlamağın heç bir mənası yox idi. Əlbəttə, indi də, elə onda da inanmaq olmurdu ki, ruslar bizim bölgədən birdəfəlik çıxıb gedəcəklər. Ona görə də bir az əvvəldə qeyd etdiyimiz şayiələr hətta zahirən “məntiqli” görünür. Amma məsələ tezliklə aydınlaşacaq. Düşünürük ki, rusların Xankəndidə konsulluq açmaq istəyi, necə deyər, ürəklərində qalacaq...
Bir məsələ də var ki, Kreml eyni siyasəti Ermənistanda da reallaşdırmaq istəyir. Söhbət onların Qafanda konsulluq açmasından gedir.
Ermənistan da çox kiçik bir ölkədir, ərazisi, vur-tut, 29 min kv kilometrdir. Doğrudanmı, burada daha bir konsulluq açılmasına ciddi bir ehtiyac var? Düşünürük ki, əslində, belə bir zərurət yoxdur, sadəcə, Kremlin imkanı olsaydı, ermənilərin hamısının mənzilinndə bir əsgər qoyardı ki, haylar başqa fikrə düşməsin.
Yox, əgər Ermənistanda diplomatik xidmətlərdən yararlanmaq istəyənlərin sayı həqiqətən də çoxdursa, bu məsələni indiki səfirliyin personalının artırılması yolu ilə həll etmək olmazdımı? Ən azı ortada ABŞ səfirliyinin nümunəsi də var – bu, regionda ən böyük səfirlikdir.
Doğrusu, belə böyüklüyün əsl motivləri bizə dəqiq məlum deyildir. Ola bilsin, burada tamam başqa “xidmətlər” də var. Amma biz bunun mahiyyətinə varmır, sadəcə, qeyd edirik ki, insanların işini asanlaşdırmağın bu yolu da var...
КомментарииОставить комментарий