Общественно-политическая интернет газета
Qərəz, qonşu Gürcüstanda baş verən siyasi etirazlar “beynəlxalq komponentsiz” sovuşmadı – bu günlərdə ABŞ və bəzi Avropa ölkələri Tiflislə münasibətlərinə yenidən baxacaqlarını bəyan etdilər, bir neçə dəfə bu xüsusda bəyanat verdilər, bir sıra Avropa ölkələrinin təmsilçiləri isə hətta paytaxtdakı etirazlara qaldılar.
Susan tərəf yalnız Rusiya idi və yalnız son günlərdə bu ölkə sükut tabusunu pozdu, diplomatlar ilk öncə Gürcüstanda baş verən prosesləri qiymətləndirməyə çalışdılar- əlbəttə ki, özünəməxsus şəkildə. Nəhayət ki, Rusiya mətbuatı da yazdı ki, Tiflis rusiyayönümlü inkişaf yolu ilə qərbyönümlü inkişaf yolu arasında seçim edir.
Qeyd edək ki, bu, çox böyük etiraf idi. Ən birincisi ona görə ki, gürcü hakimiyyəti israrla bunu inkar edir, hətta qəbul etdikləri qanunun Rusiyadan “köçürmə” olduğunu etiraf etmir, daha çox ABŞ təcrübəsinə istinad edir və bildirirdi ki, guya bu qanunu Rusiyadan maliyyələşən sosial-siyasi qruplar üzərində nəzarəti gücləndirmək üçün qəbul edirlər!
Bir sözlə, hələki hakimiyyət “xal hesabı” ilə önədədir. Qanun üçüncü oxunuşdan da keçdi. İndi qalır prezidentin vetosu. Amma sonuncu bir qədər formal xarakter daşıyır. Məsələ bundadır ki, gürcü qanunvericiliyinə görə, parlament prezidentin vetosunu ləğv edə bilər və bu aspektdən yanaşanda prezident Salome Zurabişvilinin vetosu qalmaqallı qanunun tam qəbulunu yalnız bircə ay yubada bilər. Amma burada da bəzi məqamlar var.
Birincisi, üçüncü oxunuş ərəfəsində Gürcüstanın baş naziri də bəyan etdi ki, onlar qanunda bəzi düzəlişlər edə bilərlər, sadəcə, bunun üçün müxalifət, xüsusən də qanuna veto qoymağa hazırlaşan prezident öz təkliflərini verməlidir ki, parlament onları da nəzərdən keçirsin. Amma burada maraqlı sual yaranır: bununla hakimiyyət qeyri-demokratik qanunun qəbulunu legitimləşdirmək və belə təsəvvür yaratmaq istəmirmi ki, guya qanun müxalifətin də iştirakı ilə müzakirə edilib və qəbul olunubdur? Bəli, elə məsələ də bundadır. Məhz buna görə də ölkənin 180-200 qeyri-hökumət təşkilatı anti-demokratik qanunu, ümumiyyətlə, ləğv etməyə çağırır.
İkincisi, tərəflər, həm müxalifət, həm də hakimiyyət gizlətmir ki, bu proses onlar üçün oktyabr ayında baş tutacaq parlament seçkiləri ərəfəsində bir məşqdir. Bu günlərdə prezident Salome Zurabişvili bəyan etdi ki, o, seçkilərdə qərbçi müxalifətə rəhbərlik etməyi planlaşdırır.
Üçüncüsü, Gürcüstanın siyasətində qərbçilər və anti-qərbçilər heç bir vaxt indiki kimi qütbləşməmişdi. Düzdür, hakimiyyət də özünü qərbçi kimi təqdim edir və ölkənin qərbə inteqrasiyasının davam edəcəyini bildirirlər. Amma bu xüsusda onlara inananların sayı gündən-günə azalır – xüsusən də demokratik Qərbdə.
Ölkənin özünə gəldikdə isə, əhalinin səksən faizi Gürcüstanın qərbə inteqrasiyasının tərəfdarıdır. Məhz buna görə də bəzi təhlilçilər indidən belə hesab edirlər ki, payızda hakimiyyəti ciddi məğlubiyyət gözləyir. Amma fransız sosioloqlarının öz seçiciləri haqda maralı sosioloji diaqnozu var: onlar sağçı kimi düşünür, amma solçulara səs verirlər ki, özlərini sağçı siyasətin fəsadlarından sığortalaya bilsinlər!..
Eyni sözləri post-sovet məkanının qərbçiləri haqqında da demək olar: insanlar Qərbi sevir və onu istəyirlər, amma Qərbin də acı reallıqları var. Qərb özünə arxayın olanların ünvanıdır. Odur ki, keçmiş sovet məkanının qərbçiləri bir az “yarımçıq qərbçi”lərdir, onlar da özlərini sığortalamaq üçün bəzi keçmiş qaydaların qalmasına çalışır və hakimiyyətə qərbçi-fanatların gəlməsini qəti istəmirlər.
Odur ki, bu ilin oktyabr ayının 26-da baş tutacaq Gürcüstan parlament seçkilərinin nəticələrini hələ çox araşdırmaq və proqnozlaşdırmaq lazım gələcək. Amma yeni qanun təkcə qərbçilərin deyil, başqa sosial qrupların da maraqlarına toxunur. Məsələn, prosesin lap əvvəllində belə deyildi ki, guya Gürcüstanda yaşayan azərbaycanlılar da bu qanunun əleyhinədirlər. Bir sözlə, qanun qəbul olunsa da, məsələni hələ bitmiş hesab etmək olmaz. Mümkündür ki, bu qanunu qəbul etməklə ölkədəki siyasi vəziyyəti ciddi şəkildə dəyişmək niyyətində olan hakimiyyət əks nəticə ilə qarşılaşsın – bir neçə aydan sonra qanun da getsin, onu israrla qəbul etdirən hakimiyyət də...
КомментарииОставить комментарий