Общественно-политическая интернет газета
Avqustun bu qorabişirən istisində Ramiz Rövşənin şeirinin plagiat olması ilə bağlı müzakirələr başlayıb. İddia budur ki, Nəcib Fazil Qısakürəyin "Var mı Allahtan yuxarı, kabırdan aşağı? Toparlan ruhum, gediyoruz, sen yuxarı, ben aşağı" misralarının eynilə Ramiz Rövşənin "Nə var Allahdan yuxarı, Nə var qəbirdən aşağı, ruhum, dur yığış gedirik, sən yuxarı mən aşağı" şeirində təkrarlanıb. “Ayrı-ayrı ölkələrdə yaşayan iki şairin şeiri bir - birinə necə bənzəyə bilər” deyə sual edilir.
Bu müzakirə kimin ağlına gəlibsə, lap yaxşı edib. Mənim də ürəyimdə bəzi sözlər vardı, yazmağa fürsət oldu. Ramiz Rövşəni gərək havalar sərinləyəndə Yazıçılar İttifaqına çağırıb “partbiletin” geri alalar. Deyələr ki, “ver vəsiqəni, sən o şair deyilmişsən...”
Mən də razıyam, alın bütün şeirlərini, deyin ki, bax, bu filan şeirdə filan bənd də filosof Konfutsiyə məxsusdur, filan bəndi Alfred Hiçkokun “Məryəm” filmindən almısan. Axtarsanız, Spielberqin filmlərindən də xeyli iqtibaslar, “çırpışdımalar” tapacaqsınız. Deyin ki, “Qara paltarlı qadın” şeiri əslində Leonarda Da Vinçinin “Mona Liza” əsərinin dublikatıdır. Sonra? Sonra deyin Ramiz Rövşən əslində gəncliyində dediyi şeirlərlə özünü dəliyə-yəni Salvador Dali sürrealizminə bənzədirmiş. Kimin ürəyində nə var desin...Amma, fəqət və lakin, onun özünü aralığa qoymayın.
“İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda...”
Avqustdur, Ramiz Rövşən isə aralıq (dekabr) ayında doğulub. Allah da onu bu cür “qarğıyıb”, belə tale yazıb ki, təzə ilə köhnənin, payızla qışın, pislə yaxşının, Xeyirlə Şərin arasında qalsın.
Avqustda ilan da çox olur, yatmış ilanlar da baş qaldırır axı... Ramiz Rövşən indi həm də o “İlan balası” şeirinin cəfasını çəkir. Onun “İlan balası” şeirini ən azı 10 yerə yozmaq olar, 10 məna axtarmaq, 10 məna tapmaq olar. (Bunu bir dəfə də yazmışam. Rayonların birində qonaq idim. Gecənin bir vaxtı evə ilan girdiyi məlum oldu. Heç kimin gözünə yuxu getməyəcəyini görüb Ramiz Rövşənin “İlan balası” şeirini mızıldandım, beləcə yatdıq...)
İlandan “oğurlanmış” o şeir necə idi?
Böyüyür bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
...Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...
...Saytlar yazır ki, Ramiz Rövşənin bu plagiat məsələsinə mövqeyini öyrənə bilmirlər, telefonuna zəng çatmır. Niyə? Göyəmi çıxdı? Axı onun şeirlərindəki “İlahi”, “Allah” müraciətləri Göylərdən çox Yerə-insanlara, suya, çörəyə, dostluğa, sevgiyə bağlılığını göstərir. Axı bizim tanıdığımız Ramiz Rövşən niyə sussun ki? Ramiz Rövşən o qədər sözlü adamdır ki, onu dinləməkdən doymursan. Danışar, danışar sən yorulmazsan. Ramiz Rövşən axı həm də monoloq adamıdır, o səni də səbirlə dinləyir, amma özü sənin səsinlə danışır. Onun hər çıxışı özü bir şeirdir, qısa hekayədir axı...
Tutaq ki, telefonu götürdü, nə deyəcəksən, müxbir qardaş? Ramiz Rövşən söz ustasıdır, amma söz oyunçusu deyil, söz canbazı heç deyil...
Türkiyədə çox səs-küy gətirən Müslüm Gursəsin həyatından olan “Müslüm” filminə baxanlar bilir: gənc Müslümün ustadının bir ifadəsi mismar kimi adamın başını deşir: “Müslüm, yalnız sən susarsansa, səsin kəsilər...”
Ramiz Rövşənin bir neçə il əvvəl bir ifadəsi yadıma düşür: “Mən iyrənib susa bilərəm...” Cavab bu qədər sadədir, məncə...
КомментарииОставить комментарий