Общественно-политическая интернет газета
Biz niyə belə olduq? Bəs qonaqpərvər xalq idik, süfrəmiz həmişə qonaq üzünə açıq idi, evin ikinci mərtəbəsində sırf qonaq üçün döşəli otaq saxlayırdıq, kənd yerində qonağın ayağı altında kəsməyə hazır toğlu bəsləyirdik, şəhərdə soyuducuda qəfil qonaq üçün əlahiddə ərzaq tədarükümüz vardı, hanı, nə oldu?
Yəni kapitalizmin amansız qayda-qanunları bizi də ələ düşən qonağı soymağa vadar etdi? Elə görünür.
Dünən internet resurslarında bit türkiyəli bloqerin İsmayıllı rayonunun Lahıc qəsəbəsində lentə aldığı bir videoçarxı gördüm. Heç nə, tamam xəcalət. Bloqer bir yeməkxana tapmaq, bir öynə nəsə yemək istəyir, bir yerli adam da onu yanına salıb evinə aparır, deyir, gedək qonağım ol, “qəşəng dolma bişirmişik”. Bloqer də yarıkönüllü-yarıkönülsüz onun böyrünə düşüb gedir, hətta onun üçün açılmlş süfrəni də çəkib göstərir. Sonra lentdə pauza əmələ gəlir. Bir də onu görürsən ki, bloqer küçədədir, tənhadır və kamera qarşısında durub deyir ki, onu evinə aparan kişi yemək-içməkdən sonra ondan 20 manat tələb edib. Bu da 5 manat verəcəkmiş, ta məcbur olub 15 manatla canını qurtarıb.
İndi siz deyin, küçədən qonağı tutub evə aparmaq nədir, sonra ondan yemək pulu tələb etmək nə? Bu, biznesin hansı növüdür? Kişi, sən Sumqayıta, Müşviqabada işləyən manatlıq taksisən, nəsən ki, adamı zorla maşına basıb aparmaq istəyəsən?
Keçən il başqa bir əcnəbi bloqer “Lahıcda kimdən ünvan soruşursansa, pul istəyir” deyəndə güman etmişdim ki, tamahkar adama rast gəlib, hər kənd-kəsəkdə, küçə-məhəllədə mütləq tamahkar adamlar da var axı.
Son haqq-hesab isə göstərdi ki, yox, turistdən pul qazanmaq, daha dəqiqi, turisti qazlamaq ehtirası bizimkilərin də şüuruna hakim kəsilib. Beləcə, gözəl Lahıcın adı dünyada bu cür çıxır, lahıclıların xəbəri olsun.
Kimsə deyəcək ki, normaldır, turistlər pullu olur, 5 manat artıq xərcləsələr, kasıb düşməzlər, üstəlik, heç bir başqa gəliri olmayan yeri sakinlər 3-5 manat pul qazanarlar.
Əlbəttə, yol qırağında iri çətirli ağacın dibinə bir taxta masa, 4 kətil qoymaqla, bunu yol keçən və bir hovur (hour-saat) dincəlmək istəyən şəxslərə icarəyə verməklə 5-10 manat irəli düşmək olar, amma bu turizm növü ölkəni aparıb dünyanın ən kasıb, əhalisi qürursuz şəkildə ona-buna əl açan ölkələrinin cərgəsinə qoyur.
Çünki indiki turistlər həm də bloqerdirlər, çəkə-çəkə gedirlər. Sonra oturub çəkdiklərini montaj edir, film halına salıb Yutub-a yükləyirlər, milyonlarla insan oturub baxır ki, görsün, Azərbaycan nə biçim yerdir, baxırlar və ara yerdə ölkəmizin adı biabır olur.
Məsələn, Şərqi Asiya ölkələrini, Afrikanı, Cənubi Amerikanı ölkə-ölkə gəzən rus və türk bloqerlər var, vaxtaşırı milyonlarla baxışı olan videolar paylaşırlar. Bu yaxınlarda bir rus bloqerin videosunda belə detallar vardı, süjetləri göstərə-göstərə deyirdi ki, Kolumbiyanın iri şəhərlərində bir ictimai məkanda bir qıza-qadına 4-5 saniyə baxmaq kifayətdir ki, yerlərindən durub sənə yaxınlaşsınlar, qiymətlərini desinlər; küçədə çəkiliş apardığın yerdə kimsə təsadüfən obyektivə düşürsə, pul tələb edir; kiməsə salam verdinsə, söz soruşdunsa, gərək pul verəsən və sair və ilaxır.
Misirlilərin turistlərə kütləvi şəkildə kələk gəlməsi, hər addımda onlardan pul tələb etməsi barədə minlərlə şahid ifadəsi var.
7-8 il öncə özüm Milanın mərkəzi meydanlarından birində gördüm, 5-6 ərəb gədə meydanda göyərçin uçurdur, tamaşaya duran insanlara bir ovuc dən verirdilər, quşlar onların əllərinə, qollarına qoyub dənləri yeyirdilər. Proses başa çatandan sonra gədələr quş yedirdən turistlərdən bir çuval dənin pulunu tələb edirdilər – 30-40 avro. Dən onların, quş onların, öz quşlarını yedirdiblər, amma pulunu səndən alırlar, özü də yüzqat bahasına. Sən də məcbursan, səndən sonra yolu o meydana düşən həmvətənlərə xəbərdarlıq edəsən ki, ərəbin quşunu yedirtməyin.
Dediyim odur ki, 5 manata görə gərək özümüzü biabır etməyək. Qonaqpərvər olmasaq da olar, amma qonaqbərbər (bu, yeni kəlmədir, indicə icad elədim) də olmayaq, əlimizə düşən qonağı qırxıb buraxmayaq. Elə edək ki, bu ölkəyə bir gələn bir də gəlsin, ta deməsin ki, oy-oy-oy, Azərbaycan adı tutmayın, o ölkədə adamı yolurlar.
Unutmayaq ki, turizmin əsas bicliyi onu ölkənə bağlamaqdır və elə etməkdir ki, o öz ölkəsinə qayıdanda elə şeylər danışsın, əvəzinə iki turist gəlsin. Yoxsa “abi gedək bizdə dolma ye” de, evə apar, yeyib qurtarandan sonra qapını kəs, pul tələb elə. Bu turizm hadisəsi deyil, bu, cındırlıqdır.
КомментарииОставить комментарий