Свобода людям, независимость нациям!

Qəzəblənmiş sənətkarla hiddətlənmiş mühafizəçinin qovğası...

Ağadadaşın başına gələnlərə sırf lağlağı prizmasından yanaşanlar da var, kasta ixtilafı platformasından çıxış edənlər də.

Fikir vermişəm, bizdə bir kasıbla bır varlı dalaşanda ölkənin kasıbları kasıbın tərəfində olur, varlılar da varlını müdafiə edirlər. Kim haqlıdır, kim haqsızdır, ikinci dərəcəli məsələdir. Döyülən və haqlı tərəf varlı olsa da, proletariat deyir, ona o da azdır. Yəni onun varlı və məşhur olması artıq onu haqsız və suçlu edib.

Varlılar da məsələyə eyni prizmadan yanaşırlar, kasıbla varlı toqquşubsa, onların nəzərində günah mütləq kasıbdadır, deyirlər, buna bax e, gör, necə qudurubsa, varlıya cavab qaytarır, onu cəzalandırmaq lazımdır, yoxsa o biri kasıblar da cürətlənib varlıların üstünə cumar.

Gerçəklik aşağı-yuxarı belədir. Ona görə də Ağadadşın klinika mühafizəçisi ilə qovğasına dair rəylər haçalıdır, çarpazdır, bir-birilə kəsişir, toqquşur.

Bunun səbəbi odur ki, müxalif mövqeli adamlar Ağadadaşı iqtidar hesab edirlər. Adamın babat biznesi, böyük adamlarla əlaqələri var, iqtidar komandasının təşkil etdiyi təbliğat mitinqlərinin bədii hissəsində oxuyur. Xalqın bir xeyli hissəsi onu “ağ adam” hesab edir. Onunla dalaşan şəxs isə proletariatdır, klinika mühafizəçisidir. Həmin şəxs nazirlərdən birinin cangüdəni olsaydı, eyni situasiyaya düşsəydi, yəni hansısa bir santexnik ona balta atsaydı və bu qayıdıb onu asfalta yıxıb təpikləsəydi, bu dəfə xalq döyülən santexnikin tərəfində olar, hətta “arxalı köpək qurd basar” idiomatikasından istifadə edərdi.

Bunlar, oxumuş adamlar demişkən, hipotetik, yəni nəzəri fikirlərdir. Fakt budur ki, məşhur və imkanlı bir adam varlı olmayan bir adamla dalaşıb və xoşagəlməz epizodlar yaşanıb.

Əslində sənətkar gərək əlinə o cür kəsici, çapıcı alət götürməyəydi. Bu, onu haqsız duruma salır. Ancaq onun baltanı uzaqdan vızıldatması göstərir ki, o, rəqibini şaqqalamaq fikrində olmayıb.

İndi kimsə deyə bilər ki, balta kimisə ağır yaralaya bilərdi. Bu, o vaxt olardı ki, Ağadadaş Amerka haqqındakı filmlərdən tanıdığımız apaçilərdən biri və tomohavk adlanan baltanı 20 metrdən ağaca sancmaq qabiliyyətində olaydı. Bildiyimiz kimi, təkcə apaçilər yox, ipokezlər, çerokilər və başqa qəbilələr də rəqibə balta atmaq işində usta olublar.

İndi patriot dostlardan biri gəlib deyəcək ki, o qəbilələr də türk mənşəlidir və bizim balta işlətməyə meylimiz genetik yaddaşımıza hopub. Söhbət Qurgenə gedib çıxmamış balta söhbətini bitirək.

Əsas məsələ odur ki, mühafizəçi xalqın sənətkarına o cür əl qaldırır, yerə yıxıb təpikləyir, hələ yıxılısından da əl çəkmir.

Əvvəllər küçə, məhəllə davalarında belə bir yazılmamış qayda vardı, yerə yıxılana şillə-təpik atmazdılar, başının üstündə durub deyərdilər, ayağa qalx, gəl. Adam çox hikkəliydisə və revanş hissi vardısa, qalxardı, dava davam edərdi. Yox, yerə yıxılmış adam daha artıq döyülmək istəmirdisə, üzünü, başını tutub döşəli qalardı və məsələ bitərdi. Bu, kapitulyasiya demək idi.

Mühafizəçi isə yerdən qalxmaq istəməyən sənətkardan əl çəkmir, fırlanıb bir də gəlir, əlini tuturlar, təpik atır. Heç nəzərə də almır ki, bu yerə döşənmiş adam xalqın sənətçisidir. Bəlkə də o mühafizəçi azı 1500 dəfə toylarda “Könlüm qəmi neylər” mahnısına oynayıb. O mahnı son 42 ildə azı 42 milyon dəfə toylarda çalınıb, hamı da bilir ki, onun bir adı da “Ağadadaşın mahnısı”dır.

Ümumiyyətlə, nəinki tanınmış adamı, heç kriminal ünsürü də yerə yıxıb döymək olmaz. Adam pis əməl törədib, balta atıbsa, demək, əsas silahını əldə verib, onu sakitcə zərərsizləşdirib polis çağırmaq lazımdır - əzişdirmədən, başına təpik atmadan.

Üstəlik, adam ağır xəstədir, güman ki, əsəbləri də qaydasında deyil, bəlkə də sayılı günləri, həftələri qalıb. Onu o hala salmaq olarmı?

Dünən axşam bu xüsusda status yazan bir nəfər qeyd etmişdi ki, görəsən, həmin mühafizəçi Manafı da döyə bilərdimi. Düzdür, Manaf cantaraq adamdır, amma mühafizəçinin də hərəkətlərindən görünür ki, keçmiş idmançıdır, güman ki, o, Manafa qarşı da ippon fəndi tətbiq edərdi. Kim bilir, o söhbətin axırı necə qurtarardı.

Hər halda, yaxşı görüntülər deyildi. Kaş Ağadadaşı, bir zamanların ən populyar müğəənisini o vəziyyətdə göstərən video yayılmazdı.

 

Нет комментариев

Новости автора