Свобода людям, независимость нациям!

Qeyri-legitim gözələ dair ictimai polemika

 

Deyirlər, aşığın sözü qurtaranda “dalay-dalay” deyər. Elə bir şey doğrudan da var, mahnılardakı “aman-aman”lar, “yar-yar”lar o üzdəndir.

Aşıqlardan fərqli olaraq jurnalistlərin sözü qurtarmır. İdman söhbətləri, manıs mövzusu, qoşulub qaçan gəlinlər teması bu sahədəki boşluğu doldurur. İl on iki yazmağa, danışmağa mövzu var. Arzuolunmaz mövzulardan yan keçmək də olur.

Məsələn, 3-4 gündür Türkiyədə gözəllik müsabiqəsində qalib gələn qızın məsələsini müzakirə edirik. Amma qardaş ölkə olanda nə olar, o caydaq qızın ölkə gözəli seçilməsinin bizə nə dəxli var?

Yox e, lap tutaq ki, gözəl deyil, hətta çirkindir, bizə nə isti-soyuğu var? Biz niyə həyəcanlanmalıyıq? Sosial şəbəkəni demirəm, bu söhbət nəyə görə bizim peşəkar mediada belə reaksiyalara səbəb olmalıdır?

Elə bil dünya qopub, Yerə növbəti asteroid yaxınlaşıb, tundrada buzlaqlar əriyib, nə olub, nə xəbərdir? Normal bir qızdır, amma naqolay rakursdan çəkilmiş şəkli iki ölkənin mediasını başına götürüb, iki seqment bir-birinə qarışıb.

Biz heç, bizim nə problemimiz var, namxuda, Norveç kimi firavan, Finlandiya kimi təhlükəsiz, İslandiya kimi dərd-qəmsiz ölkəyik, müzakirə etməyə bir şey tapmırıq, ona görə də məcburuq ağaca dırmaşıb düşə bilməyən pişiyin xilas edilməsi və ya gözəllik müsabiqəsinin qalibi barədə yazaq.

Bəs Türkiyə camaatına nə olub? Onların müzakirə edilməli problemləri başdan aşır axı – badımcanın qiymətindən tutmuş dəryada kilkinin (hamsi) bol olmamasına qədər. Onlar niyə bu əhəmiyyətsiz söhbəti çürüdürlər? Lap tutaq ki, ölkə gözəli postuna gerçəkdən də qəşəng, heç kimin irad tuta bilməyəcəyi, necə deyərlər, qənirsiz gözəl seçiləydi, nə olacaqdı? İnflyasiya duracaqdı, yoxsa mağaraya sığınmış terrorçular təslim olacaqdı? Bəlkə turizm sektorunda rekordlar qırılacaqdı, ölkənin ÜDM-i kəllə-çarxa qalxacaqdı?

Elə şeylər olmayacaqdı. Vallah, heç “Fənərbağça” ilə “Qalatasaray”ın, “Beşiktaş”la “Fənərbağça”nın, “Qalatasaray”la “Beşiktaş”ın ildə 6 dəfə olan derbiləri də hər hansı ictimai-siyasi səciyyə daşımır. Bu oyunların istənilən nəticəsinin bazar-dükandakı qiymətlərə, əhalinin dolanışığına, ölkə iqtisadiyyatnın çiçəklənməsinə zərrə qədər faydası yoxdur.

Yaxşısını biz edirik, milli çempionatın oyunlarına getmirik, baxmırıq, eləcə, hərdən, yadımıza düşəndə hesabı öyrənirik. Məsələn, “Neftçi” ard-arda 6 oyundur qələbə qazanmır, bunu həmkarım Ağa Cəfərlidən başqa ürəyinə salan yoxdur. O da əslən bakılı deyil, qafanlıdır.

Ümumiyyətlə, idman-futbol mövzusu bizə şirin gəlmir. Bizimki artistlərdir, müğənnilərdir. Görək, Müşviq ad günündə kiminlə səmimi görüntülənib, hansı müğənni kameranın qabağında üzünü o yana çöndərib və öz silikon təpələrini nümayiş etdirib, Kərimi niyə döyüblər, hansı aparıcı efirdə nə quş buraxıb və sair və ilaxır.

Bəzi oxucular da zəng edir, mesaj yazır, adamı danlayır ki, niyə problemlərdən yazmırsınız. Biz deyəndə ki hansı problemlərdən yazaq, başlayırlar sadalamağa. Baxırsan ki, maşallah, problemlərin hamısından xəbərdardırlar. Ta niyə yazaq? Kim üçün yazaq? Hamınız hər şeyi bilirsiniz.

Biri mənə təklif (daha dəqiqi, sifariş) edir ki, “Formula zülmü, zülm formulası” başlıqlı yazı yaz. “Formula - 1” yarışması zamanı əziyyət, özü demişkən, zülm çəkib və deyir ki, bu, maşınötüşdürmə yarışması gələn il də olsa, bu, artıq permanent zülm düsturu (formulası) demək olacaq. Deyirəm, bax, özün savadlı adamsan, bu yazını özün yaz, ən azı Feysbukda paylaşarsan, camaat da oxuyar. Deyir, yox, yaza bilmərəm, məni işdən çıxararlar.

Beləcə, salamatı gözəllik müsabiqəsində haqsız yerə qalib gələndən yazmaqdır. Biz birdən-ikiyə elə haqsızlıq görməmişik axı. Bax, 17 gün öncə deputat seçkisi oldu, bir qızdan başqa demaqoqluq edən olmadı, hamı dedi ki, seçki dürüst olub, amma Türkiyə gözəli seçilən qızın seçkisinin dürüstlüyü şübhə altındadır. Belə anlaşılır ki, xanım legitim gözəl deyil, məhkəmə onun tacını əlindən almalıdır. Burdan-bura bizim MSK heç kimin mabdatına dəymədisə, orda taca toxunarlarmı?

3 gündür daha bir milli müzakirə predmeti var: şarı məktəbə dombaldıb aparmaq, yoxsa aparıb dombaltmaq. Bunu bir valideyn bir müəllimdən soruşub. 3 gündür on minlərlə adam bu söhbətə şərh verir. Lağlağı ərşə dirənib, göydəkilərin də xəbəri var. Çox aktual mövzudur. Gərək belə şeylərdən yazaq, xalq oxusun, korrupsiyadan yazanda ya oxumurlar, ya da belə şərhlər yazırlar: “Guya sizin vəzifəniz olsaydı, pul yığmazdınız?”

Ta heç zad.

Нет комментариев

Новости автора