Общественно-политическая интернет газета
Keçmiş işğalçı Ermənistandan iki xəbər yayılıb:
1) Qarabağ terrorçularının sonuncu “komandan”ı Kamo Vardanyana Ermənistanda yüksək vəzifə verilib. - Çiyninə deyəsən, general-leytenant rütbəsi vuran Kamo, Ermənistan Müdafiə nazirinin müşaviri təyin edilib;
2) “Rusiya sərhədçilərini Zvartnots hava limanından ona görə çıxarıblar ki, onlar Ermənistan Respublikasına hansı kalibrli zabit və Qərb xüsusi xidmət orqanlarının əməkdaşlarının daxil olduğunu, ölkəyə hansı mallar, hansı texnika, hansı xüsusi vasitələr gətirildiyini bilməsinlər” (politoloq Alen Gevondyan). - Hər iki xəbər erməni mediasında yer alıb. Düşündürücüdür - necə deyərlər, yaşamaq haqqı olan xəbərlərdir. Nə üçün?
Birinci xəbərdən başlayaq:
Kamo Vardanyan özü xəbəri təsdiqləyib.
Bəs, terrorçuluqda, separatizmdə “komandan” sifəti ilə iştirak edən və (haqq etdikləri) acınacaqlı məğlubiyyətdə pay sahibi olan birisi nə deyə elə yüksək vəzifəyə gətirilir?
Bu, barışcıl siyasətəmi dəlalət edir, yoxsa, əvəzçıxma cəhdlərinəmi? - Sual ritorikdir, əlbəttə; əlbəttə, Ermənistan hökuməti səmimi olaraq barış istəyirsə, Vardanyan kimilərini tutuqlamalı - bunu etmirsə, ən azından üzə çıxartmamalı, belə yaramazlara vəzifə verməməlidir. Bu, o qədər sadə həqiqətdir, üzərində baş sındırmağa gərək də yoxdur. Anayasasını dəyişməli olan erməni başbilənləri, bizimçün yeni bir Vardanyan hoqqası çıxarmamalıdır hər halda. Hər halda o biri Vardanyanın - milyarder Rubenin indi harda olduğunu bilməyən erməni yoxdur. Məncə, çox anrı-bəri vurnuxsa, Kamonun da aqibəti familyadaşının aqibətindən fərqlənməz, o da sosial, siyasi, hərbi və s. baxımdan Yoxdanyan ola bilər. - O birisinə inanmayanlar qoy buna da inanmasın…
Gün doğmadan nələr doğar…
İkinci mövzuya gəldikdə isə…
“Əşşi, bir politoloq bir söz deyib, ona istinad etməyə dəyməz” deyib keçməyəlim. Onsuz da, Zvartnos üzərindən daşımalar nə zaman düz-əməlli dayanıb?.. Üstəlik, uzun illər boyu Ermənistanın əsas güvənc yerlərindən olmuş rəsmi Tehranda indi havalar dəyişir, Rəisi-Cümhur Pezeşkianın öncəkilərin etdiklərini eynən təkrarlamayacağı aydındır. Yəni artıq Ermənistana quru yolla silah-sursat daşımaq öncəki dönəmlərdəki kimi güncəl olmayacaq. Gürcüstan da bu mövzuda Ermənistanın rəyi, istəyi ilə oturub-durası deyil; Türkiyə və Azərbaycanın durumu, tutumu bəsbəlli! Bax, ona görə də, Zvartnos (və bəlkə digər hava limanları) ermənilərçün əsas silahdaşıma limanı rolu oynamaqdadır. Ermənilərçün öncə Rusiyadan silah daşınırdısa, rus sərhədçiləri Zvartnosdaydısa, bu dəfə Gündoğardan (Hindistan), Günbatardan - hardan alınırsa - Zvartnosa hərbi təyinatlı yüklər və yük adamlar axın etməzmi ola?.. Onlara ha rus baxsın ha fransız, ingilis yaxud da erməni özü? - mahiyyət (mahiyyətsizlik!) dəyişmir. Alen Gevondyan düz deyir; ancaq Ermənistan hökuməti düz eləmir.
Bizim bəzi ağzıgöyçək, dili çirkinimiz də, Paşinyanın qatı sülhpərvər olduğunu, mümkün barışın məhz bizim təqsirimiz üzündən (haşa!) baş tutmadığını deyirdi. Qatı yox ey, bağışlayın məni, heç qatıq siyasətçi də Yoxdanyanlara bel bağlamamalı, onları irəli çəkməməlidir... Elə deyilmi?
Əziz oxucu, lütfən, siz də yazının başlığındakı “Qatı sülhpərvər”i dırnağa alın…
Deyirəm, bir hökumət, bir dövlət nə qədər quruçanaqlıq edər? Bir dövlətin başında neçə çanaq çatlayar?..
Bir başa Dəmir Yumruq neçə dəfə birbaşa təmas etməlidir?..
“Azərbaycanın başı seçkilərə, ardınca COP29-a qarışmışkən görək neynəyə bilirik”? - Bəlkə, öz ağıllarınca belə düşünürlər? Ay sizi, “çoxbilmişlər”…
Deyirəm axı, birini bilirsiz, birini bilmirsiz…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
КомментарииОставить комментарий