Свобода людям, независимость нациям!

Qarabağdakı separatçı azərbaycanlılar

Yaxud daşları və səhvləri yığmaq zamanı

Səhvlərimizi düzəltmək müqəddəs borcumuzdur, mən də dünənki yazımda oxuculara bir yanlış xəbər vermişəm, öncə onu düzəldək. Yazmışdım ki, Operativ Qərargah xaricdə oxuyan tələbələrimizə quru yolu ilə vətənə girib-çıxmaq icazəsi vermişdir. (Açığı, qəfil ağlıma gəldi, bu “quru yolu”, “quru, su və hava sərhədləri” ifadələri beynimizdə qəribə şəkildə suda-quruda yaşayanlar haqda təsəvvürlər oyadır). Lakin sonradan ciddi düzəliş edildi: qərar yalnız Türkiyədə oxuyan tələbələrə aiddir. Başqa ölkələrdə oxuyan tələbələr yenə uçaraq gəlməyə məcburdur.

Olduqca maraqlı ayrı-seçkilikdir. Niyə, məsələn, Gürcüstanda, Rusiyada, İranda oxuyan uşaqlar quru sərhədindən keçə bilmir? O cümlədən adam Avropada, Amerikada oxuyur, gəlir Gürcüstana, Türkiyəyə, oradan quru yolla ölkəmizə keçir - buna niyə icazə yoxdur? Yəqin nəsə elmi izahatı var, biz bilmirik.

Yalnız təxminlər etmək olar. Misal üçün, Türkiyədə oxuyan tələbələrimiz oruc tutur, iftar açır, namaz qılır, nəticədə təmiz qalır, koronaya yoluxmur, virusu vətənə daşımır. Yaxud Gürcüstanda oxuyan tələbəni sərhəddən buraxsan, o da suluquni pendiri gətirsə, camaat pandemiyaya düçar olar, çünki pendir və pandemiya sözləri səsləşir. Başqa nəsə elmi fikirləriniz olsa bizə yazın, göndərək hökumətə.

Sözgəlişi, elmin vacibliyini hökumət nümayəndələrimiz davamlı şəkildə vurğulayır, elə bugünlərdə hörmətli nazirimizin fikri yayılmışdır, deyir gərək biz orta məktəblərdəki dərsliklərin adını dəyişək, yüz ildir olduğu kimi saxlayırıq. Alqışa layiq mövzudur. Doğrudan da, bizim ağlımıza gəlməmişdir. Dərsin adını “Kimya” qoysan, onu kim oxuyacaq? Sən bunu “Cadu-piti hazırlanması və kimyagərliyin əsasları” adlandır, əgər həmin dərsliyi oxuyan abituriyentlərin hamısı qəbulda 500-1000 bal toplayıb həkimliyə girməsə, Buzovnadakı “Butulka piri” mənə qənim olsun.

Elə həkimlik də universitetdə düzgün adla tədris edilmir. Cərrahlıq nədir axı? Yox, bir, xarratlıq... Bunun adı xalqın anlayacağı, sevəcəyi formada “Adam kəsmək elmi” olmalıdır.

“Riyaziyyat” “Barmaq hesabı” adıyla, “Fizika” “Başına alma düşən kişinin kitabı”, “Coğrafiya” “Dünya bir pəncərədir”, canım sənə desin, “Tarix” dərsi isə “Beş günlük dünya” adlarıyla tədris olunsa, müsbət nəticələr verəcəkdir. Hələ keçmişdə “Astronomiya” öyrədirdilər, nə yaxşı ləğv olundu. Əgər bərpa olunsa təklif edirəm fənnin adı “Bürclərin xasiyyətləri” qoyulsun. Onsuz peykimizə meteorit dəyib, sıradan çıxıb, bizə vacibi Qoç bürcü ilə Ooyun ilinin münasibətlərini araşdırmaq olmalıdır.

“Azərbaycan dili”, “Ədəbiyyat” kimi dərslər hələ keçilirmi, dəqiq xəbərim yoxdur. Çünki heç kimə lazım olmayan dərslər niyə keçilsin? Camaat danışmağı yadırğayıb, idarələrdə işə götürərkən isə ana dilini yox, rusca, ingiliscə, ermənicə, suaxilicə bilənlərə üstünlük verilir. Bəlkə “Ədəbiyyat”ı uşaqlara “Saray şairləri” adıyla keçməliyik. Faydalı elmdir. İcra başçısına necə şeir yazmalısan, hazırda hansı məmurun qohumlarına aid ədəbiyyat aktualdır və sairə - bunlar vacib, həyatda qalmaq üçün lazımlı elmlərdir.

Yeri gəlmişkən, dünən bir məktəb direktorunun açıqlamasına qulaq asdım: “Zəhərlənən şagirdlərimiz təcili yardım tərəfindən xəstəxanaya qaldırıldı”. Bah. Guya burada “tərəfindən” deməsə ağzı əyiləcək. “Qaldırıldı” nədir? Sanarsan peyk-zad uçurdubdur. Adam balası kimi “Təcili yardım zəhərlənən şagirdlərimizi xəstəxanaya apardı” demək çətindir? Bu nə hoqqadır axı? Direktoru belə danışan məktəbin müəllimindən, şagirdindən nə gözləyəsən?

Dil mövzusunu açmışkən bir ciddi termin yanlışımıza diqqət yönəltmək istəyirəm. Biz Qarabağdakı separatçılardan danışarkən onları “Qarabağ ermənilərinin qondarma rejimi”, “separatçı ermənilər”, “erməni terrorçular” və sairə kimi adlarla nişanlayırıq. Bu, orada yaşayan erməni vətəndaşlarımızın Azərbaycana reinteqrasiyası (itirilmiş vətəndaşlığın bərpası) üçün də siyasi-filoloji əngəldir. Ayırıcılıq, bölücülük etmək olmaz. Cinayətkarın milliyyəti yoxdur deyir və qəbul ediriksə, Qarabağdakı ermənilərə xüsusi münasibət göstərməyə ehtiyac yoxdur. Onlar haqda danışarkən “Qarabağdakı separatçı azərbaycanlılar”, “Qondarma azərbaycanlı rejimi” deməli və yazmalıyıq. Bu, oradakı istənilən tipə münasibətdə belə olmalıdır. Hətta Araik Arutyunyan haqqında da yazanda “azərbaycanlı” yazmağa borcluyuq.

Üstəlik, bizdə indi pasportda, şəxsiyyət vəsiqəsində etnik kimlik yazılmırsa, hansısa jurnalist və ya siyasətçiyə nə dəxli var cinayəti törədən, separatçılıq edən etnik mənşəcə kimdir? Bunu kimsə özündən müəyyən edə bilməz. Nə bilirsən kim hansı yuvanın quşudur?

Hamımız azərbaycanlıyıq, uzun sözün qısası.

 

Нет комментариев

Новости автора