Общественно-политическая интернет газета
Belə bir lətifə var: bir eloğlumuz qışın bu vədələri gedir Moskvaya, aeroportdan çıxan kimi görür, hər tərəf qardır, sevincək olur, qışqırır: “Qara bax! Qara bax!” Bunu qarşılayanlar deyirlər, qardaş, adi qardır də, Bakıda qar yağmırmı? Eloğlumuz deyir: “Niyə yağmır? Yağır. Amma mən əynimi geyib aşağı düşənə qədər əriyib gedir”.
Əslində bu, lətifənin orijinalı deyil, improvizədir, anekdotun əsl variantı belədir: Çukça yayda Soçiyə gəlir, çimərlikdə əynini soyunanda görürlər, bunun bədəni gün görməyib, ağappaqdır. Deyirlər, o çukça, sizin tərəfdə yay olmurmu? Çukça inciyir, deyir, niyə olmur, olur, bu il də olub. Amma mən həmin gün işdə olmuşam.
10 gün öncə və bu gün yağan qar lətifə mövzusu olacaq türdəndir. Səhər-səhər sosial şəbəkələrdə qar yağıntısına dair yüzlərlə status oxuyirsan, həyətə düşəndə görürsən, yerdə qar deyilən şey yoxdur, sadəcə, maşınların üstündə qırov kimi nəsə var. Vəssalam.
Bu üzdəndir ki, bizdə ciddi qar görməmişliyi var. Biz qar həsrətini içimizdə böyütdükcə böyütmüşük, ona qovuşmağı klassik şairlərin sevgili yara qovuşmağı vəsf etdikləri hala gətirmişik - vüsal yanğısı-zad. Bir də elə bilirik ki, qışda qar yağsa, bütün dərdlərimizin dərmanı olacaq. Burasını zarafat eləmirəm, gerçəkdən elə düşünürük.
Məsələn dünən yanacaqdoldurma məntəqəsində gənc operator yanacaq şlanqının “tapança”sını avtomobilin çəninin boğazından içəri salır və deyir: “Babat soyuqdur ha, əmi”. Təsdiqləyirəm. Doğrudan da soyuqdur. 2-3 dərəcə isti ola-olmaya.
Açıq və soyuq havada işləməkdən üzü və burnu qızarıb, mis rəngi almış operator əlavə edir: “Amma qar yağsa, əla olardı”. Razılaşmıram.. Deyirəm, nəyi əla olardı, a qardaş? Operator deyir: “Virusları öldürərdi, camaat xəstələnməzdi”.
Bax, qar haqqında total düşüncəmiz budur. Görəsən, bunu ilk dəfə kim deyib ki, qar və şaxta virusları öldürür? O viruslar haradadır, küçədə, açıq yerlərdə gecələyirlər ki, don vursun, ölsünlər? Viruslar insanların içində, isti yerlərdədir və insan bir balaca özünü soyuğa verəndə, əl-ayağını qarda isladanda fəallaşırlar, bir insandan o biri insana keçirlər. Onlar o vaxt kütləvi şəkildə ölərlər ki, insan gecə şaxtada açıq havada yatıb ölsün. Hələ onda da virusların bir xeylisi ölməyəcək, mürdəşir adamı yuyanda adam dirilməsə də, viruslar diriləcək.
Ona görə də qarın viruslarla əbədi düşmənçiliyi haqqında nağıllara son qoymaq lazımdır.
Qar problemdir. Xüsusilə də bizim kimi qar görməmişliyi sindromu olan ölkələrdə. Qardan sonra Səhiyyə Nazirliyinin yaydığı statistikaya baxın, görün, kəskin respirator xəstəliklərə yoluxanların sayı nə qədər artır. Bu heç. Klinikaların travmatoloji şöbələrinin palataları qarda-buzda sürüşüb yıxılan, qol-qıçını sındıran insanlarla ləbələb dolur. Sürüşüb bir-birinə dəyən yüzlərlə avtomobilin sürücüləri insaflı dəmirçi-malyar axtarır. Yollardakı tıxaclar daha da uzanır. Taksi sürücüləri “fürsət bu fürsətdir” havasına girirlər. Şəhərətrafı qəsəbələrdə elektrik cərəyanının verilməsində, yumşaq desək, məhdudiyyətlər olur, camaatın balası, xəstəsi soyuqda tirrədir və sair və ilaxır.
Heç kim demir ki, atmosfer çöküntüləri olmasın. Doludan başqa hamısı olsun. Bircə dolu pisdir. Göydən qoz boyda buz tökülür, təsərrüfata ziyan vurur. Ancaq bir halda ki, pambıq kimi ağappaq, pilə kimi yumşaq kristallaşmış maye insanlara çətinliklər yaradır, demək, onun problematikası romantikasından daha güclüdür. İki növcavan gülüşə-gülüşə bir-birinə qartopu atacaq deyə, yüzlərlə iş-güc yiyəsi İlizarovun atasına rəhmət oxuya-oxuya travmatoloji şöbədə yatmalıdır?
Bu baxımdan qoy qar şəhərə yağmasın, kənd-kəsəyə, gen tarlalara yağsın, ruzi-bərəkət olsun.
Romantik gənclər isə 3-5 manat artıq xərcləyərək qar yağan rayonlara gedib qartopu oynaya da bilərlər, qarda güləşə də, Meşə talasındakı kiçik evdə, buxarı qırağında oturub yağan qara tamaşa etmək də ləzzət edər – Markesin İzabeli Makondada yağışa necə baxırdısa, eləcə.
Biz belə havalarda əcdadlarımıza minnətdar olmalıyıq ki, Altayın qarlı dağlarının ətəklərindən əlverişli iqlim şəraiti axtara-axtara gəlib buralarda binələr, oymaqlar salıblar. Buraların nə qışı sərtdir, nə də yayı dözülməzdir, hər zaman mötədil havası var.
КомментарииОставить комментарий