Свобода людям, независимость нациям!

Pomidor diplomatiyası, xiyar siyasəti

Pomidor-xiyarımızın başı bəlalıdır. Baxırsan, şimal ellərində vazkeçilməz nemətdir, amma ölkəmizə təzyiq vasitəsidir. Son 30 ildə azı 60 dəfə xiyar-pomidorumuza sanksiya tətbiq edilib. Bəzən eləcə pomidorumuza ilişir, xiyarımıza çox da toxunmurlar.

Olur ki, nəsə Moskvanın xoşuna gəlməyən bir şey edirik, ya da xoşuna gələn şeyi etmirik, dərhal pomidorumuz fitosanitariya baxımdan yararsız olur – ya içindən qurd çıxır, ya mutasiya etmiş göbələk xəstəliyi tapılır.

Danışıqlar başlayır, ortalıq yumşalır. Pah, qəfildən Azərbaycan pomidoru yenidən matah olur.
Oralarda ümumi qənaət belədir ki, bizim pomidorumuz dünyanın dörd bir yanından gələn pomidorlardan daha dadlıdır – hətta Özbəkistan pomidorundan da.

Ötən il Daşkənddə olanda süfrəmizə yerli pomidor qoymuşdular, dadına baxdım, xoşuma gəldi, təriflədim, dedilər, yo‘q, aka, bizning pomidorimiz sizning pomidoringizga yetmaydi... (tərcümə eləmirəm, yəqin ki, bildiniz, nə deyiblər). Ta höcət eləmədim, amma bizninq pomidorla faxrlandım, dedim, sizning şaftoli ham mazali. (Mazali-yəni dadlı).

Eyni sözü ruslardan da eşitmişəm və əmin olmuşam ki, bunun yalanı-palanı və sirri-filanı yoxdur. Hələ sovet vaxtından biz meyvə-tərəvəzimizin ən yaxşısını, ən yeməlisini tarlalardan taraş edərək faraş-faraş şimal ellərinə göndərmişik. Ənənə davam edir.

İntəhası, rəsmi Moskvanın rəsmi Bakıya acığı tutanda şirin pomidorumuza ağız büzürlər (sanki limon doğrayıb vermişik), əziyyəti qeyri-rəsmi Şəmkir, Xaçmaz, Lənkəran, Zirə zəhmətkeşləri çəkir.

Nəticədə Rusiya elləri bir müddət əla növ pomidora həsrət qalırlar., əllərinə nə düşürsə, baha-baha alırlar. Əvəzində Bakı, Sumqayıt və Gəncədə yaxşı pomidorun qiyməti xeyli düşür.

Keçən il bu vaxtlar da nəsə olmuşdu, min tonlarla pomidorumuzu sərhəddən geri qaytarmışdılar, bazarlar pomidorla tığlanmış, qiymətlər enmişdi. Şok endirim vardı. “Meyvəl” bazarındakı zibil qutularının yerində mini ketçup sexləri açan olsaydı, biznesi çiçəklənərdi. Çünki tonlarla əzik pomidoru arabalarla gətirib zibil qutularına boşaldırdılar.

Görünür, biz nəhayət, bu təzyiq rıçağından xilas olmalıyıq. Çarə odur ki, ta gücü pomidora verməyək, bir-iki il o biri tərəvəzlərə diqqət yetirək. Şimaldakılar da yaxşı pomidordan ötrü qəribsəsin, gəlib qalıcı pomidor sazişi bağlasınlar.

İnsafən, tək biz deyilik, rəsmi Moskva tez-tez Moldovaya alma şilləsi, Gürcüstana portağal və “Borjomi” təpiyi, Ermənistana ərik dürtməsi, Özbəkistana yemiş, üzüm (kişmiş) qapazı, nə bilim, Türkiyəyə badımcan zopası, Qırğızstana pendir badalağı tutuzdurur. Bir ara istədilər İrəvan konyakından da imtina edələr, tamahları güc gəldi, onu qırağa qoydular.

Dəqiq bilmirəm, amma güman ki, sabah Ekvador Rusiyaya qarşı kampaniyaya qoşulsa, ertəsi gün Ekvador bananı fitosanitar tələblərə cavab verməyəcək.

Amma bir iş də var ki, Rusiyanın özünə də elə şeylər tətbiq edirlər. Məsələn, bütün Avropanın Rusiya qazına ehtiyacı var, amma çalışırlar ki, onun qazını almasınlar və Kremlin qazı bir az alınsın.

Əslində biz də “rus arağı”nı metilli çıxara bilərik. Namxuda, öz araqçılarımız bu sahədə çox bacarıqlıdırlar, hər cür araq düzəldirlər. Hətta uşaqlar danışır ki, bir dəfə Moskvanın ən lüks otelində 4-5 azərbaycanlı oturub yeyib-içirmişlər, onlardan biri ofisianta “bizə təmiz rus arağı gətir” deyəndə o biri deyib ki, qaqa, bura Xırdalan deyil e, Moskvadır, burda, əlbəttə, “təmiz rus arağı” olacaq. O da qayıdıb ona deyib ki, indi mən nə dediyimi bilmirəmmi, Moskvanın yarısına “təmiz rus arağı”nı biz bağlayıb satırıq.

Bax, görürsünüzmü, yeri gəlsə, bizim alternativ yollarımız var, istəsək, rus arağına əvəzedici tapa bilərik, amma onlar Şəmkir pomidoru yetişdirə bilməzlər. Uzağı, bizim yerli qarpıza rəqib olaraq Həştərxan qarpızını çıxara bilərlər.

Yəqin ki, belə hərəkətlər sizə də gülməli gəlir. Vallahi, dövlətlərarası münasibətlərdə pomidor-xiyar söhbəti olmamalıdır. O boyda dövlətin pomidor diplomatiyası, xiyar siyasəti ilə məşğul olması primitiv və bambılı hərəkətdir.

 

Нет комментариев