Общественно-политическая интернет газета
Oxumuş adamlar belə şeylərə presedent deyirlər. Oxumamış adamlar soruşanda ki, o nə deməkdir, birincilər deyirlər: “Latın sözüdür, “əvvəlki” deməkdir, yəni keçmişdə baş vermiş və hazırkı dövrdə nümunə və əsas ola biləcək hadisə".
“Prezident” sözünə oxşayır deyə, “presedent” sözü də yaxşı yadda qalır. Həm də tutumlu, energetik sözdür.
Son vaxtlar ölkəmizdə yaxşı və pis presedentlər əmələ gəlib. Yaxşıları qoyaq kənara, pis presedentin birindən danışaq.
Bax, budur, “Euro Style LTD” MMC şirkəti “Azər İlmə” MMC ilə bağlı məhkəməyə müraciət edib ki, ikincinin müsadirə olunmuş 11 milyonluq əmlakını geri alsın.
Belə anlaşılır ki, “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olan “Azər ilmə” firmasının əmlakı ortalıqda qalıb, indi ona “Euro Style” sahib olmaq istəyir – özü də sırf Avropa stili ilə.
İşə yaxın günlərdə məhkəmə baxacaq, nəticəsinin necə olacağı barədə müəyyən təxminlər də var. Güman olunur ki, dövlətdən oğurlanan pullarla qurulmuş 11 milyonluq şirkətin dövlətə qaytarılmalı olan varidatı bu dəfə başqa ələ keçəcək.
Ta bilmirəm burada “oğrudan oğruya halaldır” məsəlinin yeridir, yoxsa Molla Nəsrəddinin oğurluq malı kitabdan-kitaba salaraq “halallaşdıran” qazı barədə lətifəsini iqtibas etmək lazımdır. Bildiyim odur ki, bu kimi aktların presedenti var.
Ortada yekə və parlaq presedent olmasa, heç kəs bu cür iştah göstərməzdi.
O vaxt ləğv olunmuş MTN-nin dustaq edilmiş, varidatı müsadirə olunmuş generalı Akif Çovdarovun 30 milyonluq əmlakı geri qaytarılanda məhz bu presedent dediyimiz şey pırtlayıb ortaya çıxdı. Oxumuş adamlar əvvəlcə mat qaldılar, sonra dalaqları sancı verdi, dedilər, bu haqq-hesabın mabədi olacaq.
Gerçəkdən də, adamlarda fərasətə bax ki, qos-qoca ÇK-nın, NKVD-nin, KQB-nin varisi olan MTN-i dağıtmış, özlərinə işlədib milyonçu olmuşdular, amma sudan quru çıxdıqları azmış kimi, hələ milyonçu statusu qazanırdılar.
Sovet dövrünün oxumuş adamları bu yerdə dərindən ah çəkər, deyərdilər: “Ey gidi Dzerjinski, Menjinski, Yaqoda, Yejov, Beriya, Merkulov, Abakumov... sizin qanınız ara yerdə batdı getdi, o qədər qan tökdünüz, 3 rublun sahibi olmadınız, amma xələfləriniz milyonçudur”.
Bilməyənlər üçün deyim ki, yuxarıda adları çəkilənlər sovet dönəmində dövlətin təhlükəsizliyinə cavabdeh olublar, birincidən başqa, yerdə qalanların hamısını axırda edam ediblər. O vaxtın presedenti də belə olub: bir nazir güllələnib, ənənə yaranıb, onun yerinə gələnləri də sırayla güllələyiblər.
Xüləs, Çovdarovun 30 milyonluq əmlakının geri qaytarmasıyla yaranan presedent başqa “zərərçəkən” milyonçular üçün yaşıl işıq yandırdı. Çox keçmədən xəbər çıxdı ki, Əli İnsanovun 40 kilo ağırlığında olan qızıl külçələrini də özünə qaytarıblar. Belə bir xəbər mediada da yayıldı, amma İnsanovun partiyası tərəfindən təkzib olundu. Düzü, külçələrin pikapa və ya zirehli inkassator maşınına yüklənərək sabiq nazirin evinə daşınması prosedurunu çəkib bizə göstərən olmadı (amma 2005-ci ildə göstərmişdilər).
Sonrakı günlərdə bu kimi söhbətlər artdı. O biri “zərərçəkənlər” də dilə gəldilər, iştahlandılar. Axı DTX-nin qaramaskalı əməkdaşları tərəfindən yaxalanarkən hamısının villasından, işdəki seyfindən çıxan pul-para, qızıl-zinət əşyaları, eləcə də şəhərin dörd bir tərəfində daşınmaz əmlakları əllərindən alınmışdı və adamlar “ziyana düşmüşdülər”.
Özü də bu varidat barədə xəbərlər hansısa jurnalist araşdırması nəticəsində ortaya çıxmamışdı, hüquq-mühafizə orqanları həmin sərvəti qəşəngcə, özləri demişkən, “opis” eləmiş, siyahılaşdırmışdılar, sonra mediaya ötürmüşdülər ki, ictimaiyyət də bu yaramaz məmurların dövlətə nə qədər zərər vurduqlarından xəbərdar olsun.
Qədirbilən xalqımız bu siyahıları oxuyur, milyonluq əmlakların dövlət naminə müsadirə olunmasından məmnunluq duyurdu. “Haqq-ədalət yerini tapdı” kimi ifadələr sosial mediada bel-belə söykənirdi.
İndi birdən-birə necə olur ki, həmin əmlaklar təzədən soyğunçulara geri qaytarılır? Bəs haqq-ədalət harada qaldı? O zaman ta onları tutmaq nəyə lazım idi, qalıb işləyərdilər. Qorxasan, adamlar iddia qaldıralar ki, bizi vəzifəmizə bərpa edin, o vaxt bizə haqsızlıq olub.
Ona görə də, açığı, bu saat zəhmətkeşlərimiz bu presedentdən narazıdırlar, düşünürlər ki, dövlətdən oğurlanan milyonların geri qaytarılması cəzasızlıq mühiti yaradacaq. Bilgisi çox olan adamlar da var, deyirlər, narahat olmayın, oğrulara qaytarılan oğurluq milyonların az bir hissəsidir, bir növ keşbekidir.
Bu da az deyil axı. Bir şey ki, keşbeklə milyonçu olurlar.
Beriyanın oğlu sağ olsaydı, deyərdi, bə çalpapaq Nikita mənim qağamı niyə güllələdi...
КомментарииОставить комментарий