Свобода людям, независимость нациям!

Peyinli qardaş sovqatı

 

“Dədə Qorqud” filmində bir ibrətamiz epizod var (əslində o filmdə elə epizodlar çoxdur), Qazan xanın o vaxta qədər gül dərən, romantik oğu Tural gəlib xana Alparuzla savaşa getmək üçün, müasir jarqonla desək, tırka verəndə müdrik xan deyir: “Qardaş qırğını başlasın? Qohum qohuma qılınc çalsın?” Amma Tural da pəs etmir, deyir, papa, Alparuz üstümüzə qoşunla gəlir e. Elə olanda Qazan xan rezüme edir: “Bu gün öz qılıncımız öz başımıza enəcək”.

Axırda elə də olur. Savaşan qohumlar bir-birinə girirlər, heç o boyda Dədə Qorqudu saymırlar, yazığın qopuzu yerdə, özü də çığıra-çığıra qalır.

O vaxtdan bəri min il keçib, amma dünyada düzələn bir şey yoxdur. Qohum xalqlar da bir-birilə savaşır, yadlar da bir-birini qırır.

Məsələn, dünənə qədər slavyan qardaşlığından dəm vuran, həmişə bir-birinə dayaq duran ruslar və ukraynalılar hazırda bir-birini kütləvi şəkildə qırırlar, hələ qırğın statistikası ilə də fəxr edirlər. Kiyev deyir, müharibə başlayandan bəri 200 mindən çox rus əsgəri öldürmüşük, Moskva da deyir, xüsusi əməliyyat çərçivəsində Ukraynada 300 min hərbçi məhv etmişik.

Heç tərəflərin vecinə də deyil ki, bu, qardaş qırğınıdır, öz qılıncları öz başlarına enir və bu müharibə axırda heç-heçə qurtaracaq, arada hər iki tərəfin məğlubiyyəti üçün mərc qoşanlar udacaq.

Bir qardaş qırğını da uzaq Koreya yarımadasında gedir. Bu savaş II dünya müharibəsindən sonra başlayıb, yarımadanın şimalına SSRİ silah, ideologiya və fitnə verib, cənubuna isə ABŞ və NATO. Qardaşlar bir-birini qırıblar, axırda Koreya yarımadasında iki dövlət əmələ gəlib. İntriqa hələ də davam edir. Arada tərəflər az qalırlar bir-birinə əllərində olan kütləvi qırğın silahları ilə həlledici zərbə vursunlar, amma araya onların milli De De Qor Qudu girir, ya nə olursa, çəkinirlər. 3-4 il əvvəl iki ölkənin liderləri sərhəddəki neytral bölgədə əl tutuşub görüşdülər, amma mehribançılıq əmələ gəlmədi, Kim Çen In ölkəsinə qayıdan kimi qızını da götürüb getdi növbəti ballsitik raketin sınağına baxmağa.

Dünən isə Şimali Koreya Cənubi Koreyaya 150 dənə hava şarı göndərib. Şarların içində hər çür zir-zibil, çox püsür olub: plastik butulkalar, cırıq ayaqqabılar, batareyalar. Təşkilatçıların əlinə nə keçibsə doldurublar şarların içinə. Hətta zibilli şarlara peyin də əlavə ediblər ki, qardaş sovqatı aromatik olsun.

Cənubdakı koreyalılar hava şarlarının ölkə ərazisinə endiyini görəndə əvvəlcə qorxublar, düşünüblər ki, bu Kim Çen Indır, əlindən nə desən gələr. Ona görə də şarların içindəki zir-zibildən analiz üçün nümunələr götürüblər, görüblər ki, təhlükəli bir şey yoxdur və bu, hələlik siqnaldır, mesajdır.

Heç demə, bundan əvvəl ŞKXDR rəhəbərliyi xəbərdarlıq edibmiş ki, Cənubi Koreyadan onların ölkəsinə zir-zibilli təbliğat materialları gəlir, dayandırılmasa, simmetrik cavab veriləcək. Al, sana simmetriya - 150 peyinli şar.

Hələlik durum belədir. Sabah şarların içində partladıcı maddələr olsa, nə olacaq? Heç nə. Biabırçılıq və qanqaraçılıq.

Çin də farağat deyil. O da balaca qardaşı Tayvana cummaq istəyir. Arada ABŞ olmasa, Çin Tayvanı çoxdan götürərdi, baxmazdı ki, hər tərəfdən 1 milyon əsgər öləcək, dörd yandan hücum edib udardı – iri balıq balaca balıqları udduğu kimi.

Yaxşısını induslar edir, nə özləri ilə, nə də heç kəslə işləri yoxdur, kəhildəyə-kəhildəyə, gücənə-gücənə nəsil artırırlar. Bu gedişlə artıb dünyanı tutacaqlar. Avropalıların bir hissəsi bir-birinin qırmaqla, o biri hissəsi bircinsli nikahlara meyllənməklə, yerdə qalanı da yalnız bur uşaq böyütməklə soylarını tükətməkdəykən Asiyada artıq 4 milyardı haqlamaqdadırlar.

Əslində bizim özümüzün də “qardaş davası” məsələsində dilimiz uzun deyil. 2020-ci ildən bəri aradan nə keçibsə, Şöklü Məliklə Alparuz müttəfiq olublar, elə hey hərlənib-fırlanıb Qazan xana ilişirlər. Düzdür, hələlik bizə peyin dolu hava şarı göndərən yoxdur, amma bəzi keçmiş diplomatlar hərdən elə şeylər danışırlar ki, onların yanında peyin üfunəti daha urvatlı olardı.

Нет комментариев

Новости автора