Общественно-политическая интернет газета
Məsəl var, deyirlər ki, kimin nəyi çatışmırsa, nəyi yoxdursa, ondan danışır. Qınamayın, Moskvanın Bakını və İrəvanı təmkimə çağırmaq haqda növbəti bəyanatını eşidəndə ağlıma ilk olaraq bu gəldi. Ona görə ki, dərhal sual yarandı: bəs siz niyə, heç olmasa, çevrənizdəki gənc və kiçik dövlətlərə münasibətdə bu təmkini göstərmirsiniz? Niyə görə Ukrayna ilə davranışınızda təmkin göstərmədiniz? Niyə görə bunu Gürcüstanla bağlı etmədiniz?
Hiss olunur ki, bunu hətta bir vaxtlar “imperiyanın ən sadiq xalqı” (əslində nökəri!), Rusiyanın Cənubi Qafqazda “forpostu” adlandırdığınız Ermənistana yanaşmada da etmək fikrində deyilsiniz, əks təqdirdə, onun hələ özündə real olaraq heç nəyi ehtiva etməyən “anti-Rusiya xarakterli” bəyanatlarına bu qədər odlu-alovlu cavablar verməzdiniz!..
Oxucu düşünməsin ki, mən siyasətdə təmkinin əleyhinəyəm. Yox, siyasət təmkin və səbr tələb edən peşədir, lap dəqiq desək, siyasət ən azı otuz-qırx faiz təmkindən və səbrdən ibarətdir - əlbəttə ki, məqamında və yerində.
O ki qaldı Ermənistana münasibətə, əlbəttə, bu məsələdə də bir qədər təmkinli davranmağımıza ehtiyac var. Ona görə ki, demək olar, ən əsas məqsədimizə çatmışıq – nəinki torpaqlarımızı azad etmşik, hətta onları ermənilərdən təmizləmişik də!
Bəli, əli silahlıları qovmuşuq, qalanları isə özləri çıxıb gediblər. Bəzisi o səbəbdən ki, bizim ərazilərimizə Suriyadan, Livandan, daha nə bilim, haradan köçürülmüşdülər. Qalanları isə bu otuz ildə azərbaycanlılara və Azərbaycana qarşı o qədər pisliklər etmişdilər ki, daha bu ölkədə qalaraq yaşamağın özləri üçün mümkün olmadığını anladılar.
Həm də keçmiş Dağlıq Qarabağın erməni əhalisinin bir hissəsi xunta rejiminin əsiri idi və təsadüfi deyidirl ki, buradan köçəndən sonra çoxu heç Ermənistanda da qalmaq istəmədi, köçüb Rusiyaya və başqa ölkələrə getdi...
Amma indi sözüm bunda da deyil. Hazırda Azərbaycanda da, Ermənistanda da ən çox diskussiya olunan məsələ ilk olaraq dörd kəndin Bakıya qaytarılmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın, hətta parlamentin spikeri Alen Simonyanın, eləcə də ayrı-ayrı siyasətçilərin və politoloqların bu məsələdə pozitiv mövqe tutması o deməkdir ki, məsələnin ən azı indiki erməni hakimiyyətinin dövründə müsbət həllinə ümid var. İnkar etmək olmaz ki, Paşinyan nəsə etməyə çalışır. Ona görə də biz ona da vaxt verməliyik. Paşinyandan sonra hakimiyyətə kimin gələcəyini və növbəti hakimiyyətin necə davranacağını hələ heç kim təxmin etmək iqtidarında deyildir. Mən bunu özümüzü qorxutmaq üçün demirəm. Yox, məsələ bunda deyil – biz hazırda Ermənistandan qat-qat güclüyük və gələcəkdə daha da güclü olacağıq.
Bir daha deyirik ki, buna sözümüz yoxdur. Amma indi bir sıra ölkələr, lap dəqiq desək, Avropa və ABŞ Ermənistanda nəsə hörməyə çalışırlar. Aprelin əvvəllərində, əgər səhv etmirəmsə, 5-də üçtərəfli görüş olacaq – ABŞ, Avropa İttifaqı və bir də Ermənistan təmsilçilərinin görüşü olacaq. Onların xoş niyyəti olsaydı bu görüşə Bakını da dəvət edərdilər. Amma etmədilər, deməli xoş niyyətləri yoxdur.
Siyasi müşahidəçilərin təxmininə görə, mümkün məsələdir ki, bu görüşdə hətta hansısa sənəd, məsələn, Ermənistan üçün “təhlükəsizlik paktı” imzalanacaq. Odur ki, bir az gözləmək lazımdır ki, bu məsələlər aydınlaşsın. Məsəl var, deyirlər ki, rəqibini onda udmağa başlayırsan ki, onu soyuq başla qiymətləndirirsən.
Gəlin ABŞ-ı, hətta Fransanı aciz dövlətlər hesab etməyək. Yox, onlar yüz illərlə müstəmləkəçilik siyasəti aparan, dünyanı faktiki olaraq idarə edən ölkələrdən biridirlər. Odur ki, bir az səbirli olmalıyıq. Həm də indi Ermənistanın üzərinə getmək Nikol Paşinyanı son dayaqlardan məhrum etmək demək olardı. Bir az gözləyək – qoy, həm ABŞ-ın və Fransanın məqsədlərinə aydınlıq gəlsin, həm də Paşinyanın məramı aydın olsun...
КомментарииОставить комментарий