Общественно-политическая интернет газета
Açığı, bizim belə imkanımız olmayıb - Paşinyanın hakimiyyətə qədərki dövrdə nə dediyini, necə deyərlər, hansı məshəbə xidmət etdiyini bilmirik. O, bizim yaddaşımızda Serj Sarqsyanı devirdiyi dövrlərdən qalmışdı - rusların “xurcunlu adam” adlandırdığı bu şəxs heç kim inanmadığı bir halda kriminal rejimin liderini hakimiyyətdən devirdi...
Amma bütün bunlar bizim üçün əsas deyil, biz erməni baş nazirinin siyasi bioqrafiyasını yazmağı düşünmürük. Sadəcə, bugünlərdə Rusiya mənbələri belə xəbər yaydılar ki, Paşinyan Vatikanın ali ordenini alıb. Xəbər bizə çox maraqlı göründü, çünki dərhal sual yarandı: axı hansı xidmətlərinə görə?..
Əlbəttə, erməni baş nazir qərbçi siyasətçi kimi tanınır. Bu haqda ilk dəfə Rusiya siyasi dairələri danışmağa başladılar. Ona hətta “ad” da qoymuşdular - “sorosyonok”, yəni ki, milyardçı Corc Sorosun uşağı!
Amma Rusiya mənbələrinin bu cəhdləri adi bir siyasi qərəz də ola bilərdi. İlk bir neçə ildə belə də oldu: Paşinyan özünü qərbçi adlandırmaq üçün hər hansı bir əsas vermirdi. Bəli, keçmiş Qarabağ separatçıları ilə yallı gedir, xarici və ya daxili siyasətdə bir qərbçi kimi nəzəçarpacaq hər hansı islahat aparmırdı. Qərb dairələri də ona ciddi bir maraq göstərmirdilər, onu hətta böyük şəhərlərin merləri belə qəbul etmirdi...
Hər şey demək olar ki, İkinci Qarabağ savaşından sonra başladı. Paşinyan Azərbaycanla sülhdən danışmağa, anti-Rusiya bəyanatları verməyə başladı. Qeyd edək ki, bu sahədə xeyli irəli də getdi. Amma burada bir məqam var: siyasətçi sınıq val deyil, o, boş-boşuna eyni bir melodiyanı çala bilməz, siyasətçiyə qiymət onun konkret əməllərinə görə verilməlidir...
Paşinyan haqqında isə hələ bunu demək olmur: bir daha deyirik ki, o, sülhdən danışır, anti-Rusiya bəyanatları ilə çıxış edir. Amma təəssüf ki, məsələ bundan uzağa da getmir...
Qərbçi siyasətçi olmaq çox böyük missiyadır. Baxmayaraq ki, Azərbaycanda da bu söz çox təəssüf ki, bəzi Qərb siyasətçilərinin təqsiri ucbatından axır vaxtlar bir xeyli devalvasiya edib. Amma qərbçilik ilk növbədə müəyyən dəyərlər sistemidir - bu, demokratiya deməkdir, bazar iqtisadiyyatıdır, bir çox sahələrdə tolerantlıqdır...
Paşinyanda bunların hansı var? Hələ ki bu xüsusda konkret söz demək olmur. O ki qaldı Qərbin bizim siyasi məkanda devalvasiya olunmasına, bunun bir məqamını qeyd etdik: təqsir bəzi Qərb siyasətçilərindədir. Amma Qərb təkcə Fransadan, hətta Baydendən və ya Makrondan ibarət deyil. Biz də bəzən öz nəticələrimizlə tələsirik. Məsələn, son günlərdə deyilir ki, guya Qərb İsraillə birlikdə fələstinliləri qırır! Amma belədirmi? Əlbəttə ki, yox! İsrail hələ Fələstin Muxtariyyəti tərəfə bircə mərmi belə atmayıb - o, terrorçularla, HƏMAS və Hizbullahla vuruşur. Qeyd etmək lazımdır ki, Fələstin Muxtariyyətinin özünün Qəzzadakı HƏMAS hakimiyyəti ilə çox soyuq münasibətləri vardır. Amma əksər hallarda biz bunları nəzərə almırıq. Həm də ona görə ki, Qərb bizə yox, bizim düşmənlərimizə qucaq açır. Hazırda onlar hər vasitə ilə Paşinyanı qızışdırır, Azərbaycana təzyiq etmək istəyirlər...
O ki qaldı Vatikana, Paşinyan onun üçün nə edib? Amma Azərbaycan Vatikan üçün önəm kəsb edən işlər görüb. Son illərdə iki Roma papası Bakıya səfər edib. Birincisi təyyarədən düşəndə demişdi ki, xristian Albaniyasının torpaqlarına gəlmişəm! İkincisi isə təxminən belə ərz etmişdi ki, mən bura niyə gəldiyimi bilmirəm! Bəli, bunlar da Qərbdir - ziddiyyətli, soyuq və qərəzli. Ona görə də təsadüfi deyil ki, o, bu gün Paşinyanın boynundan orden asır...
КомментарииОставить комментарий