Свобода людям, независимость нациям!

Özünüzə qıymayın, gənclər...

Daha hündürmərtəbəli binalar tikməsək bəlkə, yanından keçəndən elə bilirsən, indi kimsə ayağının altına düşəcək...

Gənclər özlərini niyə öldürürlər? Son günlər ard-arda baş verən məktəblilərin intiharı insanın qəlbini ağrıdır.  Qəzetlər, saytlar ötəri yazırlar, hansısa deputat, hansısa psixoloq danışır, vəssalam... Əslində, bizim cəmiyyət özü ölgündür, özü “var və yox” olmaq qarşısında var-gəl edir, özünün xilasa ehtiyacı var. Cəmiyyət material olaraq yoxdur, materiadır, yəni ancaq  lap uzaqda, kənarda mövcuddur. Xırda-xırda olmuş  “cəmiyyətlər”-qəlyançəkənlər, “Torqovi”da it gəzdirənlər, çayxana uşaqları, təqaüdçülərin şahmat oynayanlar “kruqu”  və sairə...Ziyalı, alimlər, şairlər “cəmiyyəti” də var, amma xeyirsiz, dekorasiya...Qalanları isə virtualdır. Hamı qapınıb bir telefon qutusuna, hər şeyi orada axtarır, onu düşündərən, narahat edən suallara guya cavab tapmağa çalışır, amma daha dərin quyuya düşür.

Dostlar, qohumlar bir-birini votsap, feysbuk qruplarda görürür, hal-əhval tutur, adi məişət problemlərini bölüşür, sonra isə hərə bir “ok”, bir “smaylik” göndərərək  ayrılırlar. İnsanın dərdini gözünün içinə, əhvalına baxaraq bölüşmək çoxdan “köhnəlik qalığı” hesab olnur. Şairlər gərək ki,  belə deyərlər: “Başını çiyninə qoyub ağlayası adam qalmayıb...”

Böyük şəhərlər insanları yeyir deyirlər. Mən “insanlığı da yeyir” deyərdim. Ağır olsa da, gerçəkdir. Bir-birini tanımayan, bir-birinə biganə, bir-birinin ayağını tapdalayanda “bağışla” əvəsinə az qala bıçağa əl atanlar toplumu... Bəlkə də avtobusda sənin yanında  duran o gənc qız intiharla-ölüm arasında ilişib qalıb, insanlar isə onu avtobusda lazımsız əşya kimi sağa-sola itələyir, bir-birlərini acılayırlar. Sonra kiminsə cır səsi də gəlir: “Allah kəssin, belə yaşamağı...” Nifrət, aqressiya hər yerdə özünü göstərir. Hər gün rast gəlirsiz, eləmi? O qızın avtobusdan yarımçıq düşüb özünü dənizə atmasına görə demək, sən də günahkarsan, eləmi? Absurd görünür... Amma intiharın bir addı da elə absurddur. Anlaşılmaz,  başa düşülməz, absurd!

Adam imtahanı yaxşı vermədiyi üçün özünəmi qıyar? Qıymaz! Dəyməz!  Adam sevdiyi qızdan ayrıldığı üçün canınamı qıyar? Qıymaz! Dəyməz! Hələ o qədər imtahanlar var ki,  “2” almaq həyatın necə sonu ola bilər axı?! Hələ o qədər sevgilər olacaq ki...Adi sözlərdir, amma bəlkə də kimisə fikrindən daşındırdı...    

Sovet vaxtında da intihar halları vardı. Elə evdə adi incikliyə görə də, nakam sevgiyə görə də... O illərin sevgi mahnılarına indi qulaq asanda fikirləşisən ki, biz o zaman nə yaxşı intihar etməmişik? Sevgidiyin qıza görə sümüyün  ağrayırdı  e...Amma bu barədə heç ağlımızın ucundan da keçməzdi. Niyə, məğər biz də yeniyetmə deyildikmi, bizim qəlbimiz yox idimi, xətrimizə dəymirdilərmi, evdə məktəbə görə üzümüzü danlamırdılarmı? Sadəcə, o zaman adamlar var idi. Ümid var idi...Adamlar və ümid! Sovet hökuməti bəlkə də o adamlara və ümidə görə 70 il duruş gətirdi. İndi isə adamlar kimi ümid də qeybə çəkilib. Hamıda bir ümidsizlik var. Bu çox pisdir, çox pis...

Məni düzgün anlayın, adamlar indi də var, lap pisi kimi, lap yaxşısı da. Amma adamların bir-biriyə fərqli mübasibətləri var. Soyuq. Məsafəli. Qeyri-səmimi...Virtual aləmdə 1000 dostu var, amma dərdinin söyləməyə 1 adam tapmır. 

Texnologiya əladır, sosiallaşma da yaxşıdır, insan həyatını  çox rahatlaşdırıb. Amma pis tərəfləri də var. İndi həm də o pis tərəflərin ağrısını çəkirik, gənc qızlar anasına dərdini danışa bilmir, oğlanlar oturub ataları ilə kişi kimi dərdləşə bilmirlər. Həm də vaxt tapmırlar o biri “dünyadan...”                           

 Adamlar bir-birindən çox aralı düşüb. Dedi-qodu çoxalıb, insanları bir-birini anlamadan, dinləmədən suçlayırlar, kin-nifrət qusurlar virtiual dünyadan bir-birlərinə. Kiməsə kömək də edirlər, kiminsə sağalması üçün virtual kampaniyalar da təşkil edirlər. Amma bütün bunlar bir insanı xilas üçün yetərlidir...

Gənc insanlar isə özünü öldürürlər. Ailələrə necə ağır bir dərd qoyub getdiklərini bilmədən həm də...Ana balasını asfaltın üstündən, kəndirin ilgəyindən qucağına almaq üçünmü böyüdüb? Daha hündürmərtəbəli binalar tikməsək bəlkə, yanından keçəndən elə bilirsən, indi kimsə yuxarıdan qarşına düşəcək...    

Nə isə etmək lazımdır. Mütləq lazımdır...

Nazim SABİROĞLU,
Musavat. com   

          

Нет комментариев

Новости автора