Общественно-политическая интернет газета
İki qəssab rastlaşanda danadan, toğludan, bu sahədəki problemlərdən danışması nə qədər təbiidirsə, iki jurnalistin də öz sahələrindəki qüsurlardan danışması o qədər təbiidir.
İndi biri çıxacaq, deyəcək ki, müqayisə uğursuzdur. Cəhənnəmə olsun. Əsas odur ki, bizim sferada neqativ hallar dağdan dığırlanan qar topası kimi böyüyə-böyüyə gedir və biz bir gün onun qalağının altında qalacağıq.
O gün iki veteran jurnalist bir məkanda rast olmuşduq, yol gedirdik və söhbət saytların, qəzetlərin yaydığı sarı, qeyri-ciddi materiallardan düşmüşdü. Həmkarım özünütənqid ruhundaydı.
Dedim, düz deyirsən, əziz həmkar, son vaxtlar media saralıb, elə xəbər verirlər ki, illər əvvəl o cür xəbərləri vermirdilər, verilsəydi, oxucu onu yazanlara gülərdi.
O dedi ki, düz deyirsən, məsələn, Nazilə Səfərlinin evində iki siçanın ölməsi barədə xəbəri 20-dən artıq saytın yazması biabırçılıq idi.
Dedim, düz deyirsən, biabırçılığın biri də “filan müğənni geyimi ilə diqqət çəkdi” başlıqlı xəbərlərdir, tərs kimi, onların hamısı da son vaxtlar geyimləri və ya daha az şey geymələri ilə diqqət çəkirlər.
O dedi ki, düz deyirsən, bu cür, eləcə də sənətçilərin hovuz kənarından paylaşdıqları şəklə dair xəbərlərin heç bir ictimai-siyasi yükü yoxdur, amma oxucu bu cür xəbərlərə meyllidir.
Dedim, düz deyirsən, oxucu bu cür xəbərlərə ona görə meyllidir ki, oxucuya nə təqdim edirik, onu da oxuyurlar, sadəcə, camaat sanballı materiallardansa, yüngül materialları oxumağa üstünlük verir.
O dedi ki, düz deyirsən, çox ciddi xəbərlər, publisistik yazılar, maraqlı reportaj verənlər qeyri-ciddi, düşük, əttökən xəbərlər verənlərə uduzurlar, ciddi materialları 3-4 yüz adam oxuyursa, ultra-sarı xəbərləri 4-5 min oxucu oxuyur.
Dedim, düz deyirsən, amma o qeyri-ciddi yazıların ictimai rəyə təsiri yoxdur, bəzi xəbərlər isə oxucunu aldatmaqdır.
O dedi ki, düz deyirsən, xüsusilə də başlıqda “ŞOK” sözü olan xəbərlərin çoxunda şokluq bir şey olmur, bir də bürclərə dair xəbərlər elədir, yazırlar ki, bu həftə 4 bürcün adamları varlanacaq, amma bu, birdən-birə 3-4 milyon adamın varlanacağı demək olduğundan mümkünsüdür.
Dedim, düz deyirsən, şişirtmə başlıqlar çoxdur, məsələn, yazırlar ki, “filankəs yüksək vəzifəyə təyin olundu”, yazını açıb baxırsan ki, adamı hansısa agentliyin bir idarəsinin mətbuat xidmətinin rəhbəri qoyublar. Halbuki istənilən strukturda “yüksək vəzifə” nazir, komitə sədri, xidmət rəisi ola bilər. Hətta adamı onlara müavin qoyublarsa, bu, artıq yüksək vəzifə deyil, çünki ondan yüksəkdə biri var.
O dedi ki, düz deyirsən, bəzən ad-soyadı brend olmayan birinin haqqında məsələn, belə bir başlıq verilir: “Xudaverdi Zeynalabdinov qəzaya düşüb”. Adam elə bilir ki, o, hər kimsə məşhur adamdır, sadəcə, mən tanımıram. Sonra baxırsan ki, bu şəxs, sadəcə, çilingər imiş.
Dedim, düz deyirsən, hər gün minlərlə adamın vəfat etdiyi ölkədə kiminsə öz əcəli ilə dünyasını dəyişməsi xəbər olmamalıdır – yalnız tanınmış, məşhur adamların vəfatı xəbər ola bilər.
O dedi ki, düz deyirsən, hətta vəfat edən məşhur haqqında bir-iki xəbər vermək kifayətdir, daha başqa məşhurların vidalaşmağa, dəfnə gəlməsi, dəfn qafiləsinin hərəkətə başlaması, qəbristanlığa çatması, mərhumun torpağa tapşırılması – hamısı xəbər olmalı deyil, çünki ictimai yükü yoxdur, məsələn, 1-2 ay əvvəl bir müğənni vəfat etmişdi, yeddisi çıxana qədər saytlar onun haqqında 127 xəbər verdilər.
Dedim, düz deyirsən, bu xüsusda bir marafon var, sanki kim bu mövzuda az xəbər versə, video çəkib yaymasa, onun tirajı azalacaq, oxucusu üz döndərəcək.
O dedi ki, bu gedişlə milli mediamız daha betər günlərə qalacaq, saytlarda, qəzetlərdə artıq redaktor, korrektor işi hiss olunmur, hamı necə gəldi, ordan yazır, burdan qoyur.
Beləcə, düz deyə-deyə xeyli dərdləşdik. Axırda bir gənc həmkarımız arxa oturacaqda bizə sarı əyildii, sözümüzü bal ilə kəsdi, soruşdu ki, buralarda haradan təmiz bal tapmaq olar, sonra söhbətimizin məzmununa aid olaraq, dedi, internet əsridir, camaat transleyt proqramıyla, süni intellektlə işləyir, indi dərin savada ehtiyac yoxdur. əsas məsələ xəbəri tez vermək, yeni tələblərə ayaq uydurmaqdır.
Gördük ki, o da düz deyir. Dedik, düz deyirsən, amma tərcümə proqramına çox da güvənməyin, “batiskaf” sözünü “hamam” kimi tərcümə edir, soyadı "Dumanlı" olan birini də "tüstülü" kimi...
КомментарииОставить комментарий