Общественно-политическая интернет газета
“Avropa Siyasi Birliyi”nə evyiyəliyi edən Britaniyanın təşəbbüsü əsasında Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bəli, bugünün mövzusu olsa da, biz keçmiş zamanda yazırıq – “tutulurdu” – amma görüş baş tutmadı. Pəki, niyə?
Söhbət Münhen Təhlükəsizlik Konfransındakı görüş formatında bir görüşdən gedirdi – olmalıydı, olmadı. Yəni, Britaniya Baş nazirinin görüşün əvvəlində iştirakından, sonra isə biləvasitə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli danışıqlar aparmasından söhbət gedirdi. Əslində, bu ən yaxşı formatdır – biz masada üçüncü müzakirəçini neynirik? – Görüş təşkil edib, çox sağ olsun, gerisini iki qonşu, iki bir-birini daha yaxşı tanıyan tərəflər özləri həll edər. Elə deyilmi? Ancaq qonşu qonşu olsa, yaxşı tanımaq bir işə yarasa və yaxşılıq, tanışlıq, qonşuluq funksionallıq kəsb etsə, təbii. Qonşu qonşu deyil axı. Qonşuluğumuza ordan-burdan köçürülmüş gəlmərdir, üstəlik, gəldikləri yerin özü də başqasının olmayıb, elə Azərbaycan torpağıdır ki var. Yaxşı tanımağa gəldikdə, bəli, biz bir-birimizi doğrudan da yaxşı tanıyırıq; ona görə də, bizimçün çox maraqlıdır, Ermənistan bunca dərsdən, öz təqsiri ucbatından başına gələn bunca olaylardan sonra dəxi niyə ağıllanmır, niyə ciddi ola bilmir?
Ermənistanın Britaniyanın evyiyəliyi və təşəbbüsü ilə olmalı görüşdən imtinasının bir adı, bir məzmunu var: sülh gündəliyinin geriləməsi, dialoqun ertələnməsi. Bəlkə, belə deyil? Belə deyilsə, hər görüş irəliyə doğru daha bir addım olasıykən, sən, Ermənistan, niyə aradan çıxırsan?!
Belə bir ünlü deyim var, deyərlər, hər hansı bir olay ilk dəfə baş veribsə, təsadüf ola bilər; ikinci dəfə baş veribsə, tendensiya ola bilər; yox, əgər üçüncü dəfə də baş veribsə, burada hansısa bir qanunauyğunluq vardır... Budur, Paşinyan görüşdən imtina edib; ondan öncəki Ermənistan rəhbəri Serj Sərkisyan Avropada (yanılmıramsa, 2016-cı ilin Aprel döyüşlərindən sonrakı) görüşlərin birindən yarımçıq qalxmışdı – guya sancılanıbmış; keçmiş Prezident Robert Köçəryan isə 10 fevral 2006-cı il Rambuye qəsrindəki 8 saatlıq görüşdən sonra daha “ağıllı” bəhanə taparaq, aradan çıxmışdı. - Köçəryan (o vaxtkı Müdafiə naziri) Serj Sərkisyanın qayınatasının öldüyünü səbəb gətirərək, Parisdən birbaşa İrəvana qayıtmışdı...
Əgər bir ölkənin rəhbərliyi başqa bir ölkənin rəhbərliyi ilə danışıqlardan ən azı üç dəfə yayınırsa, burada bir qanunauyğunluq vardır, əlbəttə. O qanunauyğunluğu erməni xarakteri (xaraktersizliyi), klassik erməni urvatsızlığı, suçluluq kompleksi ilə bağlamaq haqqımız vardır. Əllərinə düşən hər mikrofona ağızları köpüklənə-köpüklənə sülhdən, danışıqlardan, siyasi anlaşmadan dəm vuran Ermənistan başbilənləri sülh gündəliyinə zərbə vurmaqdadır. Bəli, Azərbaycan rəsmilərinin haqlı olaraq vurğuladığı kimi, gərək beynəlxalq ictimaiyyət də buna siyasi qiymət versin. Azərbaycana vurduğu işğal ziyanlarına, müharibə cinayətlərinə görə Ermənistan əslində, yalnız siyasi deyil, hüquqi qiymətini almalıdır.
Sonda:
Köçəryanla Sərkisyanın dialoqdan, konstruktiv danışıqlardan yayınması qarşılığında Ermənistan nə qazandı? Köçəryanla Sərkisyan indi haralardadı, ölkələri haralardadır, iqtisadiyyatları, hərbi durumları nə yerdədir? Xankəndidə “Qarabağ – Ermənistandır və nöqtə” deyən Paşinyan da, sələfləri də gördü, başları çəkdi ki, qarşılarında ciddi ölkə, ciddi lider var və Dəmir Yumruq da öz növbəsində kəramətini göstərdi. 44 günlük müharibə (üstəgəl, bir gündən qısa sürən antiterror tədbirləri) ilə 30 illik ağır işğala son verməyi bacaran ölkə ilə, sözü imzası qədər keçərli liderlə danışıqdan qaçmaq yox, danışmaq lazımdır, danışmaq lazımdır, danışmaq lazımdır! – Danışıqların bizimçün gərəkliliyi, məsələn, 20 faizsə, Ermənistan üçün bu gərəklilik 80 faiz təşkil edir. Biz respublika ərazisinin 20 faizini bərpa etmişik, Ermənistan ərazisininsə, ən azı 80 faizi (əslində, 100 faizi) mübahisələndirilməyə açıqdır... Hələ-hələ Zəngəzur öhdəliyini yerinə yetirməmiş bir respublika nəinki Britaniyadakı görüşdən, Avropa siyasi birliyindən imtina etməli, bir dağ kəndindəki görüşə belə maraq göstərməlidir. Özləri bilər...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
КомментарииОставить комментарий