Общественно-политическая интернет газета
Kütləvi şəkildə deyirlər ki, Tik-Tok çıxardanın atasına nəhlət. Mədəni şəkildə “lənət” deyənlər də var, amma nədənsə hamıya elə gəlir ki, “nəhlət” daha güclü təsirə malikdir – sanki hədəfi onluqdan vurur.
Təfərrüata varmadan, qısaca deyim ki, bu sosial şəbəkəni, yəni Tik-Toku 10 il öncə Aleks Çju və Luis Yanq adlı çinlilər yaradıb. Bu da o deməkdir ki, ölkəmizdən Çinə doğru pərvazlanan nəhlət buludları Çju ilə Yanqın dədələrinin arasında bölüşdürülür.
Ta bilmirəm başqa ölkələrdə də bu trend varmı, onlar da Tik-Tok-u icad edən adamların var-yoxuna söyür və qarğış edirlərmi. Ancaq onu dəqiq bilirəm ki, bir çox olkələrdə, o cümlədən söz və mətbuat azadlığının müqəddəs sayıldığı ABŞ-da Tik-Toku qadağan etmək haqqında qanun layihələri hazırlayırlar və bu yolla ölkənin səy və bambılılarının əl-ayağını yığışdıracaqlarını düşünürlər.
Son günlər bizdə Çju və Yanqın atası üçün nəzərdə tutulan qarğışları kütləviləşdirən əsas hadisə gənc bir qızın küçənin ortasına taxt döşəyi ataraq, üstünə uzanması, yuxusu gəlirmiş kimi əsnəməsi və hansısa nəqliyyat vasitəsinin dalına qoşularaq dartılan döşəyin üstündə kəlləni ataraq “yatmış gözəl” obrazı yaratmasıdır.
Düzü, o qızın bu hərəkəti hansu ruhi və emosional ehtiyacından etdiyini bilmək olmur, bəlkə də bunu Əhməd Əhmədovu müayinə edən həkimlər daha dəqiq deyə bilərlər, amma epizod tanış gəlir.
Bu, ötən əsrin 80-ci ilində, yəni 44 il qabaq İtaliyada çəkilmiş, baş rollarında Adriano Çelentano və Ornella Mutinin (əsl adı Françeska Romana Rivelli) oynadığı “Höcətin yola gətirilməsi” (bir adı da “İnadkarın ram edilməsi”dir) filmindəndir. O filmdə Ornellanın yaratdığı obraz – Liza Silvestri xəsarət aldığını bəhanə edərək Elianın evindəki yatağından qalxmır. Elia də gedib hündür bir yerdəki tikilidən evinə zəng edir, durbinlə baxır ki, Liza cəld yataqdan qalxdı, telefonu götürdü, anlayır ki, qız simulyasiya edir. Və o traktoru sürüb gəlir, Lizanın uzandığı diyircəkli çarpayını traktorun dalına qoşur, küçə aşağı sürüb gedir.
Əslində Elia orada eşşəklik edir. Çünki Liza heç çarpayıdaykən küçəyə çıxarılası qız deyildi – özü də İtaliya kimi mühafizəkar ölkənin daha da mühafizəkar əyalət şəhərində. Təbii ki, bu kinodur, əyləncədir. O epizod da dünya kinomanlarının xoşuna gəlmişdi – xüsusilə də ona görə ki, o dövrdə gözəllər gözəli Ornellanı yataqda görmək istəyən kişilərin sayı dünyada milyardı keçmiş olardı.
İndi baxaq görək bakılı qızla bağlı bu niyyətdə olanlar nə qədərdir və ümumiyyətlə, o, belə bir epizod quraşdırmaqla nəyə nail olmaq istəyir, türkün sözü, nəyin peşindədir?
Oxumuş adamlar bu suala qısaca belə cavab verirlər: “Belələri ucuz şöhrət həvəsindədirlər”.
Əlbəttə, bu yolla şöhrət qazanmaq, yüz minlərlə insanın baxdığı videoçarxın “qəhrəmanı” olmaq qıza çox da baha başa gəlməyib, uzağı, üstündə uzandığı və küçələrdə sürüdülən döşək (matras) xarab olub, gedib. O da bir şey deyil.
Bəs əvəzində qız nə qazanıb? Ölkə ilə bir şöhrət qazanıb, buna söz yox. Bu gün küçəyə çıxsın, hamı onu barmağı ilə bir-birinə göstərib deyəcək: “Aaa, bu, o döşək üstündə küçədə sürüdülən qız deyilmi?”
Ancaq qız şöhrətlə barəbər müəyyən adlar da qazanıb. Biri onu “zır dəli” sayır, o biri “yüngülməcaz” adlandırır, birinə görə “bambılı”dır, bir başqası hansı salonda və ya barda işlədiyi ilə maraqlanır. Yəni xanımın reputasiyası üstünə uzandığı döşəklə birlikdə yerlə bir olub, xarizması cızıq-cızıq da yox, döşəyin altı kimi cırıq-cırıq olub.
Tərs kimi, belə hərəkətlər edənlər bir deyil, beş deyil. Yenə gözəgörünməzə şükür edək ki, onların sayı 3-5 min də deyil, amma adamların gözünə çox görünürlər. Ən pisi odur ki, videokamera qarşısında səy-səy rəqs edənlər, dombalaq aşanlar, ora-burasını çırmalayanlar, nə bilim, biədəb-biədəb söyüşənlər, hər cür sıradışı hərəkət edənlər gündən-günə artır, ona görə də camaat hesab edir ki, Tik-Tok bağlanmalıdır.
Yaxşı Tik-Toku bağladılar, bəs hər gün saytlarda əttökən-əttökən xəbərləri çıxan müğənnilərin görüntülü xəbərlərini nə edəcəyik? Onların da bir xeylisi özlərini Tik-Tok dəliləri kimi aparırlar, kolqotkalarının ilməsinin qaçmasından tutmuş ta yeddi arxa dönənlərindən birinin xəstəxanaya düşməsinə qədər hər başlarına gələn iş xəbərdir. Saytlara baxırsan, boş-boş, düşük-düşük müğənni xəbərləri dolub-daşır. Hələ verdikləri müsahibələrdə dilə gətirdikləri sözləri demirəm. Allah tərəfi, camaat da elə xəbərləri yaxşı oxuyur.
Elə Tik-Tok videolarına baxış sayı da, ölkənin, dünyanın gələcəyinə dair aktual söhbətlərin videosunun baxış sayından 1 milyon dəfə çox olur.
Allah Çju və Yanqın atasına rəhmət eləsin, o sosial şəbəkəni icad edərək dünyanın səy-bambılı, dəli-dülü potensialını üzə çıxardılar. İndi qalır bu böyük kütləni idarə etmək. O da mümkünsüz hala gəlib artıq.
P.S. O qıza biri desin ki, sən Ornella Muti deyilsən, milli ornitoloqlara mövzu vermə.
КомментарииОставить комментарий