Общественно-политическая интернет газета
Adamın sözünü eşidələr, zəng edib deyəsən, bəy, a bəy, sən canın, elə paylaşımlar eləmə, eləyib də özünü bu itoynadan camaatın dilinə, dişinə salma.
Səmimi deyirəm, ölkənin 3-5 oxumuş adamı var, onlar da bütün günü sosial şəbəkələrdə lağlağı hədəfidirlər. Bu vurur, ona atır, o tutur, buna qatır.
Bax, seçkinin qızğın vaxtında “öndəyik” yazmaq nəyə lazım idi? Baxıram ki, Feysbuk o qısa statusun skrinşotları ilə dolub-daşır, hər kəs bir ironik söz yazır. Belə durumlarda hamılıqca Cem Yılmaza dönürük. Heç kafər bəndə bizimkilərin dilinə düşməsin, düşdümü, qanı getdi.
Biz nə seçkilər görmüşük, nə pəstəhalar yaşamışıq, nə keşməkeşlərdən keçmişik, oturub yazsaq, kitab olar, amma belə bir özgüvən görməmişdik, onu da gördük.
Vaxt vardı, hər seçkidən sonra təcrbəli yoldaşlar işi necə təhər düzüb-qoşurdularsa, iddialı namizədlərin çoxu mandatsız qalırdı, onlar da özlərini o yerə qoymurdular, deyirdilər, mənəvi qələbə qazanmışıq. Bu söz birinci dəfə deyiləndə yaxşı alınmışdı, babat təsəlli olmuşdu, amma sonra çürüyü çıxdı. Çünki daha bir “mənəvi qələbə”dən sonra “qaliblər”in dalınca türməyə sovqat daşıyanların işi ağır olurdu.
İndiki seçkilərə nə var, hamı sakitcə gedir, səsini verir, qayıdıb çıxır. Bir vaxtlar seçki məntəqələri rinqə, tatamiyə dönürdü. Süpürləşmə gedirdi. Hər məntəqədə azı bir ataman qadın olurdu, əlləri yaxalarında gəzirdilər ki, şuluqluq edən müşahidçiyə yaxınlaşsınlar və dartıb öz köynəklərini cıraraq desinlər: “Bu alçaq mənə sataşdı, üst-başımı cırdı”. Di gəl, bu haqq-hesabın qabağında dur, ya ağır maddələrlə içəri getməlisən, ya da üzüsulu məntəqəni tərk etməlisən.
Elə seçkilərdən keçmişik biz. Gözləri hədəqədən çıxmış MnSK sədrləri, qanı qaçmış dodaqları həyəcandan titrəyən MnSK katibləri, əlindəki telefonla hər dəqiqə məntəqəyə polis çağırmağa hazır olan komissiya üzvləri, indiki pulla 10 manata təmsil etdiyi partiyanı satan müşahidəçilər görmüşük.
Allah elə seçkiləri indiki cavanlara göstərməsin, yazıqdırlar.
Köhnə seçkilərdə namizədlərin belə paylaşımlarına fikir verən olmazdı. Çünki ortada N qədər müzakirə edilməli videolar, şəkillər, faktlar olurdu. MDB ölkələrindən gələn müşahidəçilərin tutuquşu kimi “çox mükəmməl seçki təşkil edilmişdi, heç bir neqativ hal, pozuntu görmədik” deyə təkrarlamalarına hiddətlənirdik, gözümüzü Avropadan gələn rəngarəng müşahidəçilərin ağzına dikirdik. Onlar da ikibaşlı danışırdılar, seçki qanunvericiliyinin pozulması, seçkinin Avropa standartlarına uyğun olmaması barədə uzun-uzun danışır, axırda da qeyd edirdilər ki, bununla belə, bu seçkilər irəliyə doğru bir addımdır.
Biz də hesablayırdıq ki, bu gedişatla 25 il ərzində irəliyə doğru 5 addım atacağıq, demək, Avropa ilə aramızdakı 2500 kilometrlik məsafəni qət etmək uzun çəkəcək. Mərhum politoloq, jurnalistlərin sevimlisi Hikmət Hacızadə elə bu üzdən “Demorkatriya: gediləsi uzun yol” kitabını yazdı ki, çox da ümidli olmayaq, yol uzundur.
Yol isə həm uzun idi, həm də enişli-yoxuşluydu. İndi elə bir dərdimiz yoxdur. O yan-bu yan eləsələr, üzümüzü Avropadan çevirər, gedib qoşularıq Şanxay Əməkdaşlıq Təşkilatına.
Bu seçkinin köhnələrdən bir fərqi də budur: köhnə müxalifətçi dostlardan biri yazıb ki, nəhayət, 1992-ci ildən bəri ilk dəfə seçkidə səs verdiyim adam qalib gəldi.
İndi bir dost var, ondan da mesaj gözləyirəm. O, uzun illər MnSK katibi olub və hər seçkidən sonra mənə acıq verə-verə deyirdi ki, qüsursuz seçki keçirdik, qalib gəldik. Bir-iki ildir onu işdən çıxarıblar, tənqidçilikdə Tofiq Yaqublu yalan olub, bu gerçək. Gözləyirəm ki, müəllim seçki barədə tənqidi fikirlər yazsın, mən də ona “ey GD dünya” girişli bir mesaj yazım, ötən günləri yada salım, nostaljiyə qapılsın.
“Öndəyik” yazan deputata lağ edənlər isə unutmasınlar, adam gerçəkdən də öndədir. 5-6 il əvvəl sədr müaviniydi, 7-8 adam tanıyırdı, amma dünən onun adı yazılmış mötəbər bülleten bir neçə milyon adamın önündəydi. Daha öndə olmaq necə olur ki? İnşallah, növbəti seçkilərdə yenə deputat seçiləcək. Onun keçmiş silahdaşları da ya boykota gedəcəklər, ya da mənəvi qələbə qazanacaqlar.
Hələ bunun 50 il sonrası da var. Dünənki bülletenlərdən bir neçə nüsxə (ən azı şəklini, skrinşotunu), əl-əlbət, nəvə-nəticələrə yadigar qalacaq, onlar da öz tay-tuşlarına göstərəcəklər ki, baxın, mənim babam prezidentliyə namizəd olub. Boykotçuların züryətlərinin əlində isə belə sənəd olmayacaq.
Ona görə də gələcəyi, nəvə-nəticələri fikirləşmək lazımdır. Öz üzümüzə şans gülmədi, barı onlara qürur qaynağı yaradaq.
КомментарииОставить комментарий