Общественно-политическая интернет газета
Son günlərdə “Dağlıq Qarabağ” müstəvisində baş verən proseslərdə bir sürpriz, yenilik axtarmağa dəyməz - hamısı köhnə dəsti-xətt, tanış imzadı. Güman ki, Rusiya sülhməramlılarını “Dağlıq Qarabağa” gətirərkən bunun mümkün riskləri düşünülürdü, əks təqdirdə, bu işi on illər bundan əvvəl də görmək, kənar rayonları hələ 90-cı illərdə də azad etmək olardı.
Amma rəsmi Bakı uzun müddət regiona rus sülhməramlılarının gətirilməsini yubatdı. Sadəcə, uzun zamandan sonra aydın oldu ki, başqa cür mümkün olmayacaq. Hətta bölgəyə başqa dövlətlərin sülhməramlıları (səhv etmiriksə, ABŞ bura İsveçin sülhməramlılarını gətirmək istəyirdi!) gəlsə belə, Rusiya problemin həll olmasına, işğal altında olan rayonların azad olmasına imkan verməyəcək.
Bir sözlə, risklər bəlli idi. Birincisi, ona görə ki, söhbət otuz illik prosesdən gedir. Bu otuz ildə nələr və nələr görmədik? Sovetin çöküş vaxtında Moskva burada xüsusi idarəetmə strukturu yaratda və bununla da “Dağlıq Qarabağ”ın Azərbaycandan faktiki olaraq qopması prosesi baş verdi və mərkəzlə “Dağlıq Qarabağ” arasında əlaqə qırıldı.
İkincisi, əvvəldən aydın idi ki, Rusiya bölgədə sülhməramlılarını yerləşdirməklə regionun iki ölkəsinə təsir rıçaqlarını saxlamaq və “Dağlıq Qarabağ”da öz nəzarətini bərqərar etmək istəyir...
Ona görə də bu gün baş verən proseslərə heç kim təəccüblənmir. Bir tərəfdən Rusiyanın bir dövlət kimi burada çıxardığı oyunlar, digər tərəfdən sülhməramlıların rəhbərliyinin iştahı və yerli erməni mafiyası ilə birlikdə ciblərini doldurmaq istəyi - bütün bunlar baş verən siyasi proseslərin əsas motivləri və səbəbləridir.
Burada yenilik ondadır ki, Azərbaycan rəsmiləri, bizim telekanallar və KİV-lər baş verən hadisələr haqqında daha ütülənmiş cümlələrlə, əvvəlki ehtiyatla danışmırlar, hər şeyi olduğu kimi deyirlər.
Birmənalı şəkildə demək olar ki, son vaxtlarda Azərbaycanın Rusiyaya və İrana münasibətində əsl inqilab baş verib, Bakı daha əvvəlki ehtiyatlı siyasi ritorikadan istifadə etmir, hər şey olduğu kimi deyilir və qiymətləndirilir.
Bəs prosesin perspektivi necə görünür? Sonuncu Brüssel görüşü zamanı deyilmişdi ki, növbəti görüş noyabrda olacaq. Amma noyabr bitdi və daha bir görüş baş tutmadı. Məlumdur ki, dekabrda da görüş olmaycaq və proses növbəti ilə qaldı. Hamısı da ona görə ki, İrəvan belə şərt irəli sürdü ki, görüşdə mütləq Fransa iştirak etməlidir. Aydın məsələdir ki, bu tələb Bakı tərəfindən qəbul oluna bilməzdi.
İndi demək olar ki, bölgədə Azərbaycana və Türkiyəyə qarşı yeni geosiyasi ox, İrəvan-Tehran-Moskva-Paris xətti yaranır. Amma vəziyyət bundan da mürəkkəbdir. Moskva başqalarının, hətta Parisin və Tehranın prosesə qatılmasında maraqlı deyil. O, Minsk Qrupunun belə dirçəlməsini istəmir, prosesi daha əvvəllərdə olduğu kimi, həmsədrlərlə müzakirə etmək istəmir.
Rusiyanın hazırda bir marağı var. Yaxın perspektivdə o, Ukraynada müharibə qurtarana və ya aydınlaşana qədər prosesin ləngiməsini istəyir və bu baxımdan tez bir zamanda sülh sazişinin imzalanması onun maraqlarına daxil deyil. İkincisi, uzaq perspektiv budur ki, Rusiya özünün sülhməramlılarının bölgədə qalma vaxtını uzatmaq və Cənubi Qafqaz bölgəsinə bir növ proyeksiya olunmaq, mismarlanmaq istəyir. Bu isə “Dağlıq Qarabağ”, Abxaziya və Cənubi Osetiya kimi münaqişələrin sayəsində mümkündür.
Burada bir detalı da qeyd etmək lazım gəlir. Ermənistan bu son vaxtlarda Qərbə, xüsusən də Fransaya tərəf dreyf edir. Praqa görüşündə o, öz sərhədlərinə xüsusi Avropa missiyasının gəlməsi haqqında qərar verdi, indi isə şərt qoyur ki, danışıqlarda Fransa da iştirak etsin. Üstəlik, KTMT-nın ən son görüşündə o, daha bir fokus çıxardı, toplantının yekun sənədini imzalamadı.
Qərəz, burada son vaxtlarda hər şey bir-birinə qarışıbdır. Erməni təcavüzü, Fransa kimi dövlətlərin ermənilərə dəstəyi və Qərb-Rusiya qarşıdurması kimi mürəkkəb prosesin buralara da yol açması - bəli, bu düyün özünün açılmasını gözləyir. Düşünürük yaxın vaxtlarda bu, mütləq baş verəcək, çünki bütün qaranlıqların bir işıqlı sabahı olur...
КомментарииОставить комментарий