Общественно-политическая интернет газета
İlin sonuna təxminən bir həftə qaldı. Çətin ki, bu ilin sonuna qədər Azərbaycan – Ermənistan sülh danışıqları müstəvisində ciddi bir hadisə baş vermiş olsun. Bu, həm də ona görə inanılmazdır ki, cəmi bir – iki həftə budan əvvəl Bakı ilə sülh sazişinin imzalanmasının mümkünlüyünü deyən və bunun üçün hətta konkret tarix söyləyən cənab Paşinyan indi tamam başqa mahnılar ifa edir, özünün İkinci Qarabağ Savaşında məğlubiyyətinə bəraət qazandırmağa çalışır, həm də ona işarə vurur ki, guya, proses tam bitməyibdir.
Bakıya gəldikdə isə o, sülh sazişinin imzalanması üçün hər şeyi edir. Bu günlərdə hətta Bakı rəsmiləri bəyan etdilər ki, sərhədlərin delimitasiya məsələsi sülh sazişinin imzalanmasından sonraya da qala bilər. Bəs belə bir ssenari Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir? Sərhəd məsələsi, onun delimitasiyası və demarkasiyası çox mürəkkəb məsələdir. Məsələn, biz dəfələrlə qeyd etmişik ki, hətta dost Gürcüstanla belə bu işi hələ də başa çatdıra bilməmişik. Amma burada bir nüans var.
“Dağlıq Qarabağ” hərbi-siyasi teatrında üstünlük Ermənistanın tərəfində olanda o, münaqişənin həllinin paket variantında israr edirdi. Hazırda üstünlük bizim tərəfimizdədir. Biz niyə belə etməyək? Qoy, əvvəlcə haylar Dağlıq Qarabağı hüquqi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanısınlar, hansını ki, sözdə, bəyanatlarda şifahi şəkildə dəfələrlə ediblər. Daha sonra, səkkiz kəndi də qaytarsınlar. O ki qaldı Zəngəzur dəhlizinə, Bakı bu məsələdə israr etmir, çünki bu layihənin alternativləri meydana çıxıbdır – bəli, söhbət İran ərazisindən Naxçıvana yol çəkilməsindən və Bakı-Tiflis-Qars yolunun Muxtar Respublikaya qədər uzadılmasından gedir. Biz bu məsələdə İrana tam arxayın ola bilmərik, ona görə də Bakı –Tiflis –Qars dəmiryolunun Naxçıvana qədər uzadılması yaxşı fikirdir, çünki gələcəkdə bizim bu bölgəyə göndəriləcək strateji yüklərimiz ola bilər.
Göründüyü kimi, şərtlər yetərincə məqbul sayıla bilər. Amma Ermənistan tərəfi gündə bir fokus çıxarır. Bizim beş şərtimizin əvəzinə üç prinsip əsasında sülhə hazır olduqlarını deyirlər.
Bu prinsiplər internet resurslarında vardır, ona görə də biz onları bir daha sadalamayacağıq. Əslində İrəvanın qəbul etdiyi üç prinsip də əsas məqamları özündə ehtiva edir. Amma Azərbaycanın təklif etdiyi beş prinsip daha detallıdır və tərəflərin qarşılıqlı öhdəliklərini daha dəqiq ehtiva edir. Belə təsəvvür yaranır ki, İrəvan gələcəkdə Ankaraya və Bakıya qarşı ərazi iddialarını irəli sürməmək kimi öhdəlik götürmək istəmir. Qeyd edək ki, indinin özündə belə Ermənistanın “müstəqillik bəyannaməsində” və “konstitusiya”sında belə iddialar öz ifadəsini tapıb. Təsadüfi deyil ki, Nikol Paşinyan bir neçə dəfə bu məsələyə də toxunub və onların müvafiq sənədlərdən çıxarılmasının vacibliyini bildiribdir...
Qərəz, bu il də belə başa çatdı. Bəs növbəti il necə, saziş imzalana bilərmi? Əvvəlsə onu deyək ki, Paşinyan çalışır, amma revanşist müxalifətin qalıqları bir tərəfə, diaspora və hətta kilsə ona çox mane olur. Təsadüfi deyil ki, o, bu yaxınlarda hakim partiyanın üzvü olmayan məmurların işdən uzaqlaşdırılacağını dedi. Aydındır ki, bu yolla erməni baş naziri öz mövqelərini bir az da gücləndirmək istəyir. Amma onun öz komandasında da “kənaraçıxmalar” müşahidə olunur. Paşinyan bununla nə edəcək? İstisna deyil ki, yüksək çinli məmurların da bir qismi öz vəzifəsilə vidalaşmalı olacaqlar. O ki qaldı geosiyasi aktorlara, Qərbin Ermənistanla bağlı məxsusi planları yoxdur və o, həqiqətən də sazişin imzalanmasında maraqlıdır, çünki Rusiyanın qoltuğunun altından çıxmış və digər region dövlətlərilə normal münasibətləri olan İrəvanla işləmək onlar üçün daha asan olacaq.
Əlbəttə, bəzi Qərb siyasətçilərinin özlərinin şəxsi planları var və onlar bu planların həyata keçməsində erməni diasporasını dəstəkçi kimi görürlər. Bu, hazırda seçkilərə hazırlaşan ABŞ demokratlarına da aiddir, üçüncü dəfə prezident olmağın yollarını arayan Makron cənablarına da.
Rusiyaya gəldikdə isə, Moskva sülh sazişinin imzalanmasını heç də ürəkdən istəmir, baxmayaraq ki, bunu dilə gətirmək onun üçün elə də asan deyil. Ona görə də Kreml cəhd edir ki, heç olmasa, proses onun nəzarətindən çıxmasın, çünki bəlkə bu yolla o, bölgədə qala bildi...
КомментарииОставить комментарий