Общественно-политическая интернет газета
Naxçıvanda cəmi bircə dəfə olmuşam. Təbii ki, təyyarə il getmişdim və qayıdanda da təyyarə ilə qayıtdım...
İndi bunu niyə görə deyirəm? Hazırda elə bir gün olmur ki, KİV-lər “Zəngəzur dəhlizi”ni müzakirə etməsinlər, bu isə doğrudan-doğruya çox böyük, türk dünyasını birləşdirən əsl meqa-layihə ola bilər, amma bunun lokal məzmunu da var – o, həm də Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən, Muxtar Respublikanın on illərdir ki, davam edən blokadasına son qoyan bir layihə olmalıdır.
Amma hər dəfə bu xüsusdakı müzakirələri dinləyəndə qeyri-ixtiyari olaraq bir sual keçir beynimdən: sən Ermənistan ərazisindən keçən qatara və yaxud da avtomobilə minərsənmi?..
Səmimi şəkildə etiraf edirəm ki, “hə” deməyə bir az tərəddüd edirəm. Bilirəm, deyəcəksiniz ki, axı təyyarəyə minmisən! Deyilənə görə, o da Ermənistanın üzərindən uçur axı!..
Düzdür. Amma, əvvəla, bu, cəmi bircə dəfə olubdur, mən Naxçıvana təyyarə ilə cəmi bircə dəfə uçmuşam. Həm də təyyarə bir qədər fərqli nəqliyyat növüdür – onunla bağlı beynəlxalq öhdəliklər və hüquq daha ciddidir...
Həm də burada bir məsələ var. Lap tutaq ki, axırda hamı razılığa gəldi ki, qoy, “Zəngəzur dəhlizi”nin təhlükəsizliyini ruslar təmin etsin. Amma bu, dəhlizin təhlükəsizliyinə həqiqətən də təminat verəcəkmi? İnanmıram, çünki bu vaxta qədər Moskvanın “təminat”larını çox görmüşəm. Səksəninci illərdə Rusiya əsgər və zabitlərinin gözü önündə, hətta təhrikilə yüz minlərlə soydaşımız Ermənistandakı evlərindən qovuldular, insanlar döyüldülər, incidildilər və hətta təhqir olundular! Rusiya əsgər və zabitlərinin gözü önündə, üstəgəl, onların fəal iştirakı ilə bizim torpaqlarımız işğal olunmuşdu, insanlarımız didərgin salınmışdı!.. Bütün bunları heç unutmaq olarmı? Hətta İkinci Qarabağ savaşından sonra belə Dağlıq Qarabağda müvəqqəti yerləşmiş “rus sülhməramlıları” Xankəndilə İrəvan arasındakı yolun ağını çıxartmışdılar, gedib İrəvandan təlimat alıb Qarabağa gəlirdilər. Yaxşı ki, rədd olub getdilər!
Və yaxud da lap deyək ki, “təhlükəsizliyilə təmin etmək missiyas”ını ABŞ, ya da hansısa Avropa ölkəsi üzərinə götürəcəkdir. Onlara necə? İnanmaq olarmı? Qəti inanmıram! Ona görə ki, otuz ildən çox Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladı, olmazın cinayətlər törətdi, amma nə ABŞ, nə də Avropa ölkələri bircə dəfə belə olsun onları qınamadı, tənbeh etmədi, “Özünüzü adam kimi aparın!” demədi! İndi də münaqişənin bitməsinə baxmayaraq suyu bulandırmaqdadırlar. Burada bizim məşhur zərb-məsəl yada düşür: it motaldan əl çəkdi, amma motal itdən əl çəkmədi...
İndi də söhbətlər gəzir ki, yolların təhlükəsizliyini guya hansısa “beynəlxalq təşkilat” təmin edəcək! Yenə də bir yığın suallar meydana çıxır ki, onları səsləndirməklə sizi yormaq və yaxud da vaxtınızı almaq istəmirəm.
Bəs onda nə etməli? Bizim Bakı-Tiflis-Qars kimi dəmiryolu xəttimiz vardı – nə qədər əmək və vəsait sərf olundu buna! Bu, bizi qardaş Türkiyə ilə birləşdirən yeganə dəmiryolu xəttidir. İndiki zamanda o, həm də etibarlı alternativ ola bilər - əgər biz bu xətti Qarsdan Naxçıvana qədər davam etdirə, uzada bilsək! Gəlin, bircə anlığa düşünək: bizim Naxçıvana göndəriləsi strateji, məsələn, hərbi təyinatlı yüklərimiz ola bilər. Onların daşınması üçün Bakı-Tiflis-Qars ən etibarlı yol deyilmi?
Burada bir variant da var. Naxçıvana yolu İrandan da çəkə bilərik. Əlbəttə, çox təəssüf ki, İran da bizə tamam dost münasibəti göstərmir – “Zəngəzur dəhlizi bizim üçün qırmızı xətdir” deyib durublar! Amma yenə də İran Ermənistan deyil, hər halda, Tehran bizimlə tamam düşmən olmağa cəsarət etmir, ən azı ona görə ki, müsəlmanıq, həm də İranda bizim qırx milyona yaxın soydaşımız vardır! Amma bu halda da Bakı-Tiflis-Qars xəttini inkişaf etdirməyi unutmamalıyıq, çünki alternativlər, ehtiyat variantları həmişə lazımdır...
Qərəz, Naxçıvana yolu (dəmiryolu və avtomobil yolu!) prinsipcə, İrandan da çəkmək olar. Məsafə elə də böyüməyəcək. Bir daha deyirik ki, bir az xərc tələb etsə də, gəlin Bakı-Tiflis – Qars xəttini Naxçıvanla birləşdirməyə çalışaq və bizə bu problemləri yaratdıqlarına görə Ermənistanla da kommunikasiyaları açmayaq. Bəli, qoy, özlərinə yol axtarsınlar, ya da Dünya ilə yalnız qonşu Gürcüstan vasitəsilə əlaqə saxlamaqda davam etsinlər...
КомментарииОставить комментарий