Общественно-политическая интернет газета
Xəbər verdiyimiz kimi, tanınmış məşqçi Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyanın "Domodedovo" hava limanında saxlanılıb.
O, bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O, Ermənistana təhvil veriləcəyini də istisna etməyib.
Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib.
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz sosial media hesabında Kamil Zeynallının həbsi ilə bağlı rəy bildirib.
Musavat.com həmin rəyi təqdim edir:
Bizim sübutlarla axtarışa verdiyimiz Xocalı soyqırımını törədənlər, ona rəhbərlik edənlər - sərkisyanlar, köçəryanlar, tanoyanlar, balayanlar qalıb qıraqda, əllərini, qollarını sallaya-sallaya Moskvaya gedib-gəlirlər. Amma heç bir hərbi əməliyyatda iştirak etməyən günahsız bir soydaşımız saxlanıb və Ermənistana təhvil verilə bilər...
Belə çıxır ki, Ermənistan istənilən bir məşhur azərbaycanlının adını Rusiyaya verə bilər ki, tutun, saxlayın, bizə təhvil verin? Xocalı soyqırımı ildönümünə günlər qala qatil ermənilər deyil, Kamil Zeynallı həbs olunur. Rusiya Köçəryanı, Sərkisyanı, Tonoyanı və digər müharibə canilərini saxlayıb, bizə verməlidir. Bu, nə hüquq, bu, nə qonşuluq, bu, nə müttəfiqlik?
Əminik ki, Azərbaycan dövləti Kamili qoruyacaq. Lakin baş verən presedent heç xoşagələn olmadı. Moskva göz yaşlarına, biz də Moskvaya inanmırıq.
КомментарииОставить комментарий