Общественно-политическая интернет газета
Bu günlərdə ölkənin informasiya məkanında, saysız-hesabsız müxtəlif internet resurslarında, xüsusilə sərhədsiz virtual məkanda baş verən “azğınlığın” mənbəyi və səbəbləri hər kəs üçün çox açıq şəkildə bəllidir. Bəzilərinin daha çox isterikaya bənzəyən canfəşanlığını sadəcə qərəzli sifarişlərin təzahürü olduğunu anlamaq da çətin deyil. Bu mənada seçki ətrafında yaranan süni ajiotaj hətta müəyyən mənada anlaşılandır. Məqsəd siyasi qalmaqal xarakterli təxribat məzmunlu situasiyaların yaradılmasıdır. Xatırladaq ki, məhz həmin bu situasiyalardan daha sonra xarici qüvvələr tərəfindən Azərbaycanın tənqid olunması və qərəzli bəyanatlarının verilməsi üçün istifadə olunur. Seçkilər ətrafında yaranan süni ajiotaj mühitinin təyinatı məhz budur, burada demokratiyadan və ya ədalət uğrunda hər-hansı bir mübarizədən söhbət belə gedə bilməz.
Bizim bu zavallı radikalların və onların bayraqtutanı hesab olunan Kərimlinin fəaliyyət strategiyasına diqqət yetirəndə, nədənsə rəsmi İrəvanın 100 ildən artıq apardığı təbliğat strategiyasına bənzərliyin şahidi olursan. Belə ki, rəsmi İrəvan ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində böyük “təbliğat maşını” vasitəsilə dünyada davamlı olaraq öz “məzlum” obrazını təşviq edib. Etiraf etməliyik ki, bu strategiya Ermənistana müxtəlif dövrlər ərzində heç də az dividend qazandırmayıb. Müharibə təhdidi ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana qarşı istifadə olunan təzyiq siyasətinin əsas səbəblərindən biri elə məhz rəsmi İrəvanın sözügedən “məzlum” siyasətidir.
Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan xalqının tarixi Qələbəsi və ərazi bütövlüyünün bərpa olunması kimi baş verən mühüm hadisələr nəticəsində Ermənistanın “məzlum” strategiyasına da son qoyuldu. Bəli, Fransa kimi ölkələr sözügedən obrazın qalıqları üzərindən hələ də müəyyən manipulyasiyalar aparmaq cəhdlərini etməkdədirlər. Ancaq onların qarşısında artıq müstəqilliyinin ilk illərini yaşayan kövrək Azərbaycan dayanmayıb. Qalib Azərbaycan öz Qələbəsini bütün müstəvilərdə təmin edib və bu gün Azərbaycanın inkişafı artıq bütün regionun təminatlı inkişafı deməkdir. Qeyd olunan məntiqdən çıxış edərək deyə bilərik ki, Azərbaycanın qarşısını almaq regionun inkişafının qarşısını almaq deməkdir.
Qayıdaq bilavasitə “məzlum” obrazının bəzi siyasi xüsusiyyətlərinə. Elmi və mürəkkəb mülahizələrdən uzaq dayanaraq rəsmi İrəvanın sözügedən siyasətinin məzmun və təyinatını növbəti şərti tezislərdə görə bilərik: “Azərbaycan böyük və güclüdür, Ermənistan isə kiçik və daim təzyiqlər altında yaşayır”, “tarixən ermənilər regionda sıxışdirilib”, “erməni xalqı soyqırımı ilə üzləşib”, “Böyük Azərbaycan xalqı kiçik erməni xalqı ilə ədalətsiz mübarizə aparır” və s. Rəsmi İrəvan bu cür saxta və həqiqətdən uzaq olan məzmundakı tezislər vasitəsilə və onlara dəstək göstərən xarici havadarlarının köməyi ilə uzun illər ərzində beynəlxalq münasibətlər sistemində müxtəlif manipulyasiyalar apararaq böyük siyasi dividendlər qazanıblar. Təkrar edək, məhz ədalətli olaraq gücün tətbiqi nəticəsində Azərbaycan xalqı öz Qələbəsinə nail oldu və bununla da ermənilərin “məzlum” strategiyasına son qoydu.
İndi xalis demaqogiyanın və radikal təfəkkürün parlaq təcəssümü hesab oluna biləcək Ə.Kərimlinin siyasi fəaliyyətinin strategiyasına diqqət yetirək. Onun demək olar ki, 30 ildən artıq davam edən siyasi fəaliyyətinin kökündə eyniliklə rəsmi İrəvanın Azərbaycana qarşı istifadə etdiyi siyasətinin bünövrəsində olan tezislər dayanıb: “Azərbaycan iqtidarı böyük inzibati resurslara malikdir və bizimlə aparılan mübarizə ədalətsizdir”, “mən 30 ildən artıq müddət ərzində sıxışdırılıram, təzyiqlər altındayam və hüquqlarım pozulur” və s. Razılaşın ki, paralellər kifayət qədər realdır və yazıda aparılan bənzətmələr heç də əsassız deyil.
Bir insanın hüquqlar necə pozula bilər ki, 30 ildən artıq sərt müxalifətçilik ilə məşğul ola bilsin? Xarici qrantların tam inhisarçısı olaraq hansı məhrumiyyətlərdən danışırsan? Əgər daima sosial şəbəkələrdəki statuslarının “qəhrəmanına” çevrilə bilirsənsə, hansı məhdudiyyətlərdən söhbət gedir? Necə olur ki, həm internetə çıxışının olmadığın deyir və həm də xarici qüvvələrin əlində oyuncaq olan YouTube kanallarına davamlı olaraq müsahibələr verə bilirsən? Əlbəttə ki, bu cür sualların siyahısı davam oluna bilər. Əslində yuxarıda səslənən bir neçə sual belə Ə.Kərimlinin “məzlum” strategiyasınını ifşa etməyə və obyektiv həqiqətin nədən ibarət olduğunu anlamağa kifayət edir.
Mövcud konteksti inkişaf etdirərək deyə bilərik ki, “kərimlilərin” sahib olduqları radikal təfəkkür apriori olaraq yalnız sərt avtoritar yanaşmanın məhsulu ola bilər. Bunu sübut edən bir nümunəni göstərək. Sosial şəbəkələrdə öz əksini tapmış əlamətdar tezis xarakterli statusunun məzmununa diqqət yetirin: “bu gün Əli Kərimlidən başqa ikinci bir müxalifət lideri yoxdur...”. Xüsusi olaraq onu da vurğulayaq ki, bu cür statusları bayraqtutanın ən yaxın çevrəsi tirajlayır. İnkarçılıq bilavasitə radikal düşüncənin təzühürüdür. Yeri gəlmişkən, “boykot” siyasəti də müəyyən mənada inkarçılığın təzahürü deməkdir.
Daha aydın anlaşılması üçün fikirlərimizi başqa sözlərlə ifadə etməli olsaq bu nəticəyə gələrik: öz pozucu və radikal fəaliyyətində belə özünü mütləq “lider” hesab edən və bu məsələdə tənqidə dözümsüzlük nümayiş etdirən təfəkkürün mahiyyəti yalnız və yalnız totalitar məzmunda ola bilər. Əlbəttə ki, cəmiyyəti ixtilafa yönəldən və əldə olunmuş uğurlara hətta kiçik təhdid yarada biləcək bütün hallara son qoyulmalıdır. Bütün beynəlxalq təzyiq və manipulyasiyalara rəğmən şəxsi ambisiyalarının təmin olunması naminə bəzilərinin siyasi şıltaqlığına zamanında müvafiq reaksiya verilməlidir. Rəsmi İrəvanın “məzlum” obrazına son qoymuş Qələbəmiz qeyd olunan təsbitin sübutudur. Söhbət milli maraqların təmin olunması və onların qorunmasından gedirsə, heç yerdə, heç bir zaman heç bir siyasi oyunbazlıq, xüsusilə də demaqogiya bağışlanıla bilməz.
КомментарииОставить комментарий