Свобода людям, независимость нациям!

Lüks oteldə gecələyən avtomobil...

 

3-4 il əvvəl adının çəkilməsindən hər zaman xoşnud olan həmkarlarımdan biriylə xaricə gedirdik. Aeroportda görüşməliydik, amma o, zəng elədi ki, öz maşınıyla gedəcək, taksi tutmayım. Adam gəldi, iş yerimdən məni götürdü, getdik aeroporta, maşını dayanacaqda, müşahidə kamerasının yaxşı gördüyü yerdə saxladı, dedi, qayıdanda götürəcəm.

5 günlüyə gedirdik. Dedim, o vaxta qədər bir ətək pul etməyəcəkmi. Taksi daha ucuz düşərdi, dedim. Qardaş dedi, yox, nə qədər baha olsa da, belə daha rahat olar, canımız da adamı zorla taksiyə basıb Xırdalana 30-40 manata aparmaq istəyən sürücülərin əlindən qurtular.

Getdik, gəldik, maşını yerində tapdıq, üz qoyduq ödəniş məntəqəsinə. İndi dəqiq yadımda deyil, amma aeroportda 5 günlük parkinq haqqı olaraq, ya 15 manat ödədik, ya 16 manat. Axır ki, 20 manat deyildi.

Dünən dəmiryol vağzalının önündəki parkinq yerlərinin yeni tariflərini əks etdirən şəkilləri görəndə yadıma o hadisə düşdü.

dayanaca.JPG (62 KB)

Şəkili burada dərc edirəm, özünüz baxın. Bu, bir yenilikdir. Bakı şəhərində, ən lüks mollarda və otellərdə bu bahalıqda parkinq tarifi yoxdur.

Hamısını qoyuram qırağa, parkinqin sutkası 30 manatdır. Əgər biz 5 günlüyə xaricə gedəndə maşınımızı dəmiryol vağzalının qarşısında saxlayıb getmiş olsaq, qayıdanda 150 manat ödəməliyik. Aeroportda nə qədər ödəmişdik? 15 manat. O 15 manatla bu 150 manatın arasında fərq nə qədərdir? 10 dəfə. Demək, dəmiryol vağzalı hava limanından 10 dəfə artıq strateji və “şəxsiyyətli” yerdir?

Yenə dəmiryol vağzalının qarşısındakı parkinq qapalı, toxunulmaz olsa, deyərsən, bu qiymətə dəyər. Amma çölün ortasıdır, saatda 1000 adam o tərəfə keçir, bu tərəfə adlayır, hər dəqiqə avtomobilin başına hər şey gələ bilər.

Sanasan, bir sutka saxlanması üçün 30 manat verəndə avtomobil hamamlı, tualetli, təzə və təmiz çarşaflı otel otağında qalacaq, nömrədəki ketldən və çay paketlərindən istifadə edəcək, səhər yeməyi yeyəcək.

Heç nə. Yüz il əvvəlin meydanıdır, quru asfaltdır, bir qutu ağ boya ilə xətlər çəkiblər və avtomobillər o xəttin içində duracaqlar. Və kimsə bu “lüks xidmət”ə görə sürücülərdən pul sağacaq - 2 saatı 4 manat, 1 sutkası 30 manat. Bir taksi 2 saat gözləyəndən sonra bir müştəri gələcək, deyəcək, al bu 3 manatı, məni at Bayıla. Sürücü də ondan aldığının üstünə 1 manat qoyub parkinq pulu ödəyəcək. Bu minvalla adam babat qazanar.

Bu qədər acgözlük, tamahkarlıq, zəhmət çəkmədən çox pul qazanmaq ehtirası başqa yerlərdə də var, amma bizdə artıq normaya çevrilib. Vallahi, axırda adımız çıxacaq. Artıq çıxıb da. Başqa ölkələrdə Azərbaycan, Bakı adı çəkiləndə dilucu “ooo, Baku, orda olmuşam, əla şəhərdir” deyir, ardınca “amma yaman bahaçılıqdır” deyə əlavə edirlər. Dərhal bilirsən ki, adamı ya taksidə küçə-küçə dolaşdırıb 3-5 manatlıq yola 40-50 manatını alıblar, ya da hansısa restoranda 3-4 nəfərlə birlikdə bir öynə yemək yeyib, hesabları 150 manat tutub.

Yohannesburqdan Yakutska, Torontodan Vellinqtona qədər bütün dünyada ən bahalı çayın Bakı bulvarında verildiyini bilmirsinizsə, bilin və qürur duymaq imkanınız varsa, duyun. 200 qram isti maye adamın mədəsinə Burqund şərabının qiymətinə enir, az qala.

Şeytan_Çarxı_1.jpg (6.14 MB)

Bir bu, olsa nə vardı ki? Acgözlük bütün sahələrdə var. Məsələn, yeni bulvardakı “Şeytan çarxı” nədən işləmir, bilirsiniz? Minən yoxdur. Çünki bir dəfə fırlanıb düşməyin qiyməti 10 manatdır. 10 tələbə qrup şəklində minib-düşsə, 100 manat edir, 5 nəfərlik ailənin şəhərə “quş baxışı” 50 manat tutur. Ona görə də nə vaxt baxırsan, “Şeytan çarxı” hərəkətsizdir, “bismillah” elədiyi yoxdur.

Qayıdaq vağzala. 1-2 həftə əvvəl hansısa “mərdiməzar” İsveçrədə 5-6 saatlıq parkinq üçün 25 avro ödədiyini yazmışdı. Görünür, bu qeyd dəmiryol idarəsindəki parkinq işinə baxanların gözünə dəyib, deyiblər, Bakı Sürixdən balaca şəhərdirmi ki, orda parkinq o qiymətə olsun, bizdə olmasın.

Ta demirlər ki, bura İsveçrə deyil, buranın camaatı isveçrəlilərin bir ayda qazandığını 1 ilə qazana bilmir.

Uzun sözün kəsəsi, gücümüz yalnız alqış etməyə çatır: Allah gözünüzü doydursun, acgöz adamlar.

 

Нет комментариев

Новости автора