Общественно-политическая интернет газета
Əvvəlcə bir az uzaqdan - Ukraynadan başlayacağıq, ona görə ki, Ukrayna hadisələrini və Ermənistandakı son prosesləri çox incə bir xətt birləşdirir.
Həm də ona görə ki, Ukrayna müstəvisində baş verə biləcək son proseslər çox şeyi dəyişə bilər. Bəli, belə ehtimal olunur ki, bu, gec-tez baş verməlidir. Soruşa bilərsiniz ki, bəs konkret olaraq nəyi nəzərdə tuturuq?
Burada söhbət ondan gedir ki, Qərbin Ukrayna müharibəsinə birbaşa müdaxiləsi qaçılmazdır, bir neçə il bundan əvvəl Yuqoslaviya münaqişəsində olduğu kimi, NATO Ukrayna müharibəsində də özünün “sehrli çubuğ”unu işə salmalıdır. İndi deyirlər ki, guya bu halda nüvə müharibəsi ola bilər. Amma o vaxt heç bir nüvə müharibəsi olmadı və həmin hadisə daha çox “Primakov ilgəyi” ilə yadda qaldı - o vaxt xarici işlər naziri olan Yevgeniy Primakov NATO-nun Yuqoslaviyaya hücum xəbərini alan kimi təyyarəyə Atlantik okeanının üzərindən geri dönmək əmri verdi...
Amma indiki Ukrayna məsələsində çox ciddi bir məqam var. Artıq 11 ölkə Kiyevə müharibəni Rusiya ərazisinə genişləndirmək haqqında razılıq verib. Tərəddüd edənlər Böyük Britaniya, Almaniya kimi ölkələrdir. Xüsusən də hələ ABŞ götür-qoy edir. Amma bunların da gec-tez razılaşacağı bildirilir. Fəqət, bir daha deyirik ki, burada ciddi bir məqam var. Daha yaxşı olmazdımı ki, Qərb Rusiya ərazisinə müdaxilə etmədən rus qoşunlarını Ukraynadan çıxarsın? Axı bu halda dünya müharibəsi riski daha az olardı! Amma belə təsəvvür yaranır ki, sanki Qərb müharibənin bitməsində, Ukraynanın tezliklə azad olunmasında yox, Rusiyanın daha dərin müharibə girdabına qərq olmasında maraqlıdır. Bu, çox risqli yoldur və məlum deyil ki, o, elə Qərbin özü üçün hansı acı nəticələrə gətirib çıxaracaqdır?..
Gələk Ermənistan məsələsinə. Dedik ki, hazırda burada da Qərblə Rusiya arasında çəkişmə gedir. Ötən həftə keşiş Qalstanyan “etirazların” mərkəzini İrəvandan Gümrüyə köçürmək haqda qərar verdi. Onu buna nə vadar etdi? Birincisi, keşiş İrəvanda məğlub olduğunu anladı və onun buradakı təxribatları heç bir nəticə vermədi. Bəs Gümrüdə onu nə gözləyir? Belə deyilir ki, Qalstanyan əslən bu şəhərdəndir və əlbəttə ki, bu da müəyyən nəticə verə bilər. Amma düşünmürük ki, bu məqam həlledici olsun. Daha düzgünü budur ki, keşiş Qalstanyan Gümrüdəki rus hərbi bazasına yaxın olmaq istəyir. Artıq rus hərbçilərin “etiraz” aksiyalarına qatıla bilməsi haqda söhbətlər gəzir. Belədə isə ruslar öz “xidmət”lərini ən müxtəlif formada göstərə bilərlər və nəticədə də elə ola bilər ki, Gümrü mərkəzi hakimiyyətin nəzarətindən çıxmış əyalət ola bilər, çünki keşişlər üçün silah götürmək elə də problem deyil, xüsusən də nəzərə alanda ki, bu yaxınlarda keşiş Qalstanyan “otuz illik mənəvi” fəaliyyətinə ara verib “dünyəvi problemlər”lə məşğul olmaq istədiyini bildirdi. Bir daha deyirik ki, belə ssenari heç kim üçün təəccüblü olmaz - ona görə ki, ermənilərin bu vaxta qədər keçirdikləri hərbi paradlarda belə əli silahlı keşişlərin iştirakı adi hal olubdur...
Həm də Paşinyanla kilsə arasında qarşıdurma hələ qarşıdadır. Nikolun ölkəni Qərbə doğru istiqamətləndirməsi kimi ümumi məqamları bir tərəfə qoyaq. Burada başqa detallar da var. Kreml bir tərəfə, Ermənistanı dövlət kimi kilsə və diaspora idarə edir. Paşinyan buna son qoymaq, xüsusən də kilsənin rolunu azaltmaq istəyir. İkincisi, Paşinyan Bakı ilə sülh sazişi imzalamaq, hətta ölkənin regional siyasətinin dəyişməsi yolunda ən böyük maneə olan konstitusiyanı dəyişmək istəyir ki, əldə olunacaq sülh razılaşmaları dayanıqlı olsun, başqa hakimiyyətlər gəlib onları ləğv etməsinlər...
КомментарииОставить комментарий