Свобода людям, независимость нациям!

Keçmişin tərcümanı, bugünün izzəti, gələcəyin ilhamı!

Azərbaycan Prezidentinin qardaş ölkə Pakistana möhtəşəm səfəri başa çatdı. Hər son bir başlanğıcdır. Bu səfər başa çatdı, ötən dönəmin dərin dəyərləndirməsi aparıldı, yeni sənədlər imzalandı, yeni ideyalar çıxdı, yeni çalışma sahələrinə açılımlar edildi. Payızda Pakistanın Baş naziri Azərbaycana səfər edəcək; o səfərədək məsul dövlət orqanları arasında vacib görüşmələr davam etdiriləcək və İslamabadda imzalanan sənədlər üzrə praktik işlər görüləcək. Görüləcək ki, qardaşlığımız, dostluğumuz daha da güclənsin, yeni üfüqlər qazansın.

Bakı - İslamabad arası uçaqla 2183 km (2 saat 43 dəqiqə), araba ilə 3316 km.-dir (2 gün). Elə paytaxt var – bir dağın başına çıxsaq görünər, elə paytaxt var – uçuş vaxtı, uçağa minib-enmə prosedurana gedən vaxtdan da qısa sürür... Ancaq nə olsun? – Ya aramızda barış yoxdur, ya səfirliyimiz bağlıdır ya da bir başqa səbəblə gediş-gəlişimiz səngiyib. Yəni fiziki yaxınlıq hələ mənəvi yaxınlıq, fiziki uzaqlıq hələ mənəvi uzaqlıq demək deyil: “Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”. – Bu sözlər Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə aiddir. Çox dəqiq təsbitdir, əlbəttə; əlbəttə, bu, dövlətlərin, xalqların çıxarlarının, səmimiyyətin, güvənin, sədaqətin dil, din, fiziki-coğrafi uzaqlıq (yaxınlıq) tanımadan özünəxas bir ucalıqda durduğunu bir daha göstərir.

Bu isə Azərbaycan Prezidentinin İslamabadda dediyi sözlərdir:

“2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. ...Həqiqətən, bu bağlantı böyük sərvətdir”.

Heç təsadüfi deyil, ölkəmizə gələn pakistanlı qardaş-bacılarımızın sayı son illər daha da artıb və Azərbaycan Prezidenti bunu öz çıxışında vurğulamağı uyğun bildi. O da təsadüfi deyil, artıq Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor birbaşa uçuşları yüksək səviyyədə müzakirə edilib və qarşı aylarda ilk uçuşlara tanıq olacağımıza inanırıq. Hər nə qədər iqtisadi, ticari, turist səfərləri olacaqsa da, biz Azərbaycanla Pakistan arasındakı bütün uçuşları könül uçuşu, qəlb atışı, ürək döyüntüsü kimi qəbul etmə haqqına sahibik. Kərküklülər demiş, “Qardaş qardaşdı, qardaş”! – “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik”. – Uçağı Pakistan göylərində, özü Pakistan torpağında ən özəl, ən gözəl şəkildə qarşılanan Azərbaycan Prezidentinin sözləridir bu!..

Pakistan torpağı demişkən, qardaş ölkənin Dövlət Himni belə başlayır:

“Bərəkətli olsun müqəddəs torpaq,
Sevincli olsun səxavətli ölkə!
Sən yüksək əzm nişanısan,
Ey Pakistan torpağı!
Bərəkətli olsun imanın mərkəzi”!

Qardaş ölkənin 70 il öncə təsdiq edilmiş (bəstəsi Əhməd Qulaməli Çaqlaya, sözləri Həfiz Cullundhriyə aid olan) Himninin alxışına, öygüsünə qoşularaq, Pakistana könül dolu sevgi-sayğılar yetirmək çox xoşdur, könülcədir.

Əlbəttə, bu səfər Azərbaycan Prezidentinin Pakistana ilk səfəri deyildi; lakin Birgə mətbuat konfransında da vurğulandığı kimi, daha üstün səfərdir. Həm dörd yanımızda baş verən olaylar sərgisində, həm öz aramızdakı bağların daha da gücləndirilməsi, necə deyərlər, potensial imkanların dövriyyəyə daxil edilməsi anlamında. Bu gücləndirmə aktı qacınılmaz faktlarla birgə götürülür və sarsılmaz qardaşlıq-dostluq zəminində yeni çiçəklənmələrə səhnə olur.

Hələ bir bu möhtəşəm, qürurverici salamlamaya baxın:

“Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”! – Baş nazir Şərifin Prezident Əliyevə bu iltifatı həm şəxsi, həm xəlqi, həm dövləti simpatiyanı, məhəbbəti, qardaşlıq və dostluğumuzun dərin köklərini, geniş üfüqlərini təcalla etdirir.

Gəlin bu yerdə, Azərbaycan Prezidentinin Pakistana səfərindən öncəki səfərlərlərlə, təşəbbüsçü yaxud dəvətli olduğu beynəlxalq tədbirlərlə bağlı yığcam xatırlatma edək:

Pakistan səfərindən (11.-12.07.2024) öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının qeyri-formal Şuşa Zirvəsi keçirildi (06.07.2024);

Şuşa Zirvəsindən öncə, evsahibi Qazaxıstanın Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti (Pakistanın da üzvü olduğu) Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvəsində iştirak etdi; ayrıca, Astanada İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi (03-04.07.2024);

Ondan öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər etdi (10.06.2024);

Daha öncə Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri olmuşdu (07-08.06.2024).

Təqribən 1 ay içindəki bu səfərlərin, beynəlxalq tədbirlərin coğrafiyasını, miqyasını, tədbirlərin iştirakçılarını və eləcə də, beynəlxalq konyunkturanı, dörd yanımızda baş verən olayları bir abzasda xatırlamaq belə, Pakistan səfərinin özəlliyini, önəmini göstərmək gücündədir. – Yəni düşünülmüş, ardıcıl, prinsipial xarici siyasətin uğurları açıq-aydın görünür.

Rusiya-Ukrayna müharibəsinin daha qanlı fazaya keçdiyi, III Dünya müharibəsi haqqında ciddi ağızlardan ciddi sözlərin deyildiyi günlərdə... qalib Azərbaycanın ən müxtəlif məsələlərə baxışı, mövqeyi bölgəmiz üçün, yaxın-uzaq tərəfdaşlar üçün (habelə dost ola bilməyənlər üçün də!) önəmlidir. Biz dünyadan təcrid olunmadığımız kimi, ətraf aləm də bizdən (və qardaşlarımızdan, dostlarımızdan) təcrid olunmayıb. – Danılmaz qarşılıqlı təsirlər vardır. Bizi beynəlxalq birlikdən təcrid etmək cəhdləri olmayıbmı? – Olub. Bizim də dalana çevirmə zorunda qaldığımız “qonşu” olmayıbmı? – O da olub. – Söhbət ən azından “iki bacı”dan gedir – keçmiş işğalçı Ermənistanın “böyük bacı”sı Fransa bizim öz ərazilərimizi azad etməyimizi, ədalətli, haqlı Zəfərimizi hələ də sinirə bilmir. Fransa bizə qarşı nə edə bilərdisə, bəlkə ondan artığını etməyə çalışdı – ancaq istədiyinə çatmadı. Başqa sözü neynirsiz, artıq “Azərbaycan bizim daxili işlərimizə qarışır” deyər oldu Fransa...

Budur, Fransada anti-Azərbaycan siyasətini ən yuxarılara daşımış Makron hökuməti özünün ən aşağı günlərini yaşayır...

Ötən illərdə (bir çox hallarda) sinxron işləyən Paris-Tehran-İrəvan şər üçbucağı da sıradan çıxmaq üzrədir.

İranda Prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkian qalib gəldi. – Qürurla “Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm” deyən, uşaqlarını evdə farsca danışmağa qoymayıb, öz dilimizdə danışdıran, Şəhriyarın şeirini kövrələrək söyləyən Məsud Pezeşkian... İnşallah, o kövrəkliyi, o ədalətli duruşu Prezident kürsüsündə də saxlasın.

Məsud Pezeşkianın Prezidenti seçildiyi ölkə Azərbaycan Respublikası ilə də, Pakistan İslam Respublikası ilə də rəsmi sınırlara malikdir. Sizcə, Tehran üçün ən yaxşısı Bakı-İslamabad arasındakı sağlam qardaşlıq-dostluq bağlarını örnək almaq olmazmı?..

Ermənistan isə hələ də Zəngəzur dəhlizini açmayıb, Naxçıvan Ermənistan tərəfdən blokadadır və belə olunca, özəlliklə də, Qarabağ və Gündoğar Zəngəzur işğal altında olduğu illərdə biz də onları beynəlxalq daşıma kəmər və yollarından uzaq tutmalı olduq. “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna?
Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”. – Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də - Xalqa müraciətində söyləmişdi.

Bəli, coğrafi baxımdan, infrastruktur baxımından Azərbaycan bu gün çox önəmli bölgəsəl gücdür. Azərbaycandan yan keçməklə, Azərbaycanı saymadan bizim coğrafiyamızda uğurlu iş görmək mümkün görünmür. – Azərbaycan artıq enerji üzrə olduğu kimi, daşımalar üzrə bölgəsəl haba çevrilib. Azərbaycanın infrastruktur layihələrə yatırımları daşımaçılıq üzrə çox geniş beynəlxalq işbirliyi formatına gətirib çıxarıb.
Beləliklə, indi qardaş Pakistana yatırımların real müzakirələrə cəlb olunması da qətiyyən təsadüfi deyil.

Bayaqkı enerji vurğumuz isə artıq yalnız neft və qazı ehtiva eləməklə qalmayıb, yaşıl enerjini də içinə almaqdadır. “Yaşıl Dünya naminə Həmrəylik İli” içində olan, COP29-un evyiyəsi Azərbaycan dünyaya Günəş kimi doğub. – Ümummilli lider Heydər Əliyevin 90-cı illərdə uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri bu gün artıq gerçəkləşib.

Günəşin şəfəqlərindən gözü qamaşanlar, o şəfəqlərin düşdüyü (istitdiyi) yerləri torpaqlamaq, qaralamaq istəyənlər var – amma nəyə yarar? – Günəşin şəfəqləri torpaq götürmür... Torpağa bərəkət qatır Günəş; Günəş torpağı şennəyir, torpağın altındakıları göyərdir, yaşıllandırır, toxumdan gövdəyə, çiçəyə, gülə, meyvəyə... çevirir...
Günəşə çamur atmaq olmaz,
Günəşə üz turşutmaq olmaz,
Günəşə qarşı gəlmək olmaz!
Günəşsiz olmaz!

***

Yuxarıda Pakistan Dövlət Himninin ilk bəndini vurğuladıq, Himnin digər iki bəndi belədir:

Bu qutsal torpağın intizamı
Xalqın qardaşlıq gücüdür!
İnşallah millət, ölkə və dövlət
Əbədi görkəmdə parlasın!
Bərəkətli olsun bizim
sevdalı məqsədimiz!

Aypara və ulduz bayrağı
Tərəqqi və kamilliyə yol göstərir!
Keçmişin tərcümanı, bugünün izzəti,
Gələcəyin ilhamı!
Yenilməz güc sahibi Tanrımızın kölgəsi!

Himn adətən başlanğıcı simgələr, qoy bizim Himnlə bağladığımız bu yazımız da yeni - daha gözəl, özəlmi özəl başlanğıcları simgələmiş olsun!

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

Нет комментариев

Новости автора