Свобода людям, независимость нациям!

Karantin bizi tibbi, yoxsa siyasi epidemiyalardan qoruyur?..

 

Əlbəttə, insanları insanlıq hüdudlarında saxlayan təkcə azadlıqlar, haqlar və hüquqlar deyil, nə qədər qəribə olsa da, burada qadağaların, yasaqların və tabuların da rolu var. Amma demək ki, bütün yasaqların insan üçün faydası var, bu, absurddan da absurd olardı, çünki bu halda dünyanın qeyri-azad ölkələri ən öncül və inkişaf etmiş olardı və cənnət deyəndə gözümüzün önünə, məsələn, Şimali Koreya gələrdi...

Bunları niyə deyirəm? Çox təəssüf, son illərdə ölkəmizdə ictimai diskussiyalar - müzakirələr olmur və yaxud da çox az olur, ya da olsa da elə məsələlər ətrafında müzakirələr aparılır ki, dinləyəndə adamın az qala, lap əti tökülür – məsələn, bir də görürsən, başlayırlar şou-biznesin bitib tükənməyin “problemlərini”, daha doğrusu, dedi-qodularını müzakirə etməyə, guya ki, iki şou-biznes əhli öz münasibətlərinə aydınlıq gətirsə, biz dönüb olacağıq dünyanın ən qabaqcıl və ya xoşbəxt milləti, işlərimiz də bundan sonra başlayacaq lap yağ kimi getməyə!..

Odur, epizodik ictimai müzakirə cəhdləri olanda da adam az qala qulaqlarına inana bilmir ki, yəni bu, bizim ölkəmiz, bizim mediamız, bizim telekanallarımızdır!..

Bu günlərdə belə bir müzakirə cəhdi oldu – bəzi telekanallarımız internetin yeni qiymətləri və sürəti ətrafında müzakirə açmağa çalışdılar ki, real mənzərəni araşdırsınlar, yəni görsünlər ki, bizim internetin sürəti və keyfiyyəti onun yeni qiymətinə adekvatdır, ya yox?..

Nə isə! Bu xüsusda çox da başınızı ağrıtmayacam və keçəcəm mətləbə. Demək istədiyimsə budur ki, son vaxtlar daha bir məsələ ətrafında ictimai müzakirələr gedir, amma tamam qeyri-rəsmi şəkildə, yəni media, televiziya belə diskussiyalar aparmır, adamların özləri öz aralarında danışır, bəzən də gileylənirlər. Media isə hər ayın axırında hökumətin bu xüsusdakı qərarını açıqlayır və deyir ki, məlum epidemiya ilə - koronovirusla bağlı karantin müddəti daha bir müddətə uzadılıbdır və bununla da iş bitir. Adamlara isə qalır özləri üçün deyinmək, çünki artıq epidemiya çoxdan bitib...

İnsanlar əvvəlki həyat ritmlərinə qayıtmaq, yaxın – uzaq ölkələrə quru yolları və nəqliyyatı ilə gedib-gəlmək istəyirlər. Amma hökumət quru yollarını açmağa tələsmir, hətta deyirlər ki, guya belə bir rejimin və qadağanın bizim üçün çox böyük xeyri də var – yəni, bu yolla biz nəinki tibbi, hətta siyasi epidemiyaların da, bizə dost olmayanların bizə qarşı çox məkrli planlarının da, hətta ölkəmizdə sabitliyi pozmaq cəhdlərinin də qarşısını alırıq!..

Nə demək olardı bununla bağlı? Lap əvvəlcə qeyd edək ki, yaxın vaxtlarda bu problemin də həllini tapacağına ümidliyik. Belədə isə, vallah, inanmaq istəyirik, amma inana bilmirik, çünki bu məntiqlə biz Şimali Koreyaya çevrilə bilərik, tamam qapanarıq!

Həm də burada çox maraqlı bir detal diqqət çəkir. Hazırda bütün Azərbaycan bir məsələnin həllini gözləyir – bu da “Zəngəzur dəhlizi”nin bir problem kimi həllini tapmasıdır. Amma sual yaranır: əgər Azərbaycanın quru sərhədləri bağlı qalacaqsa və üstəlik, bəzi hökumət təmsilçilərimizin dediyi kimi, bunun bizə çox böyük faydası varsa, daha Naxçıvana dəhliz açmağa nə ehtiyac var ki? Bu vaxta qədər necə hava nəqliyyatından - təyyarədən istifadə etmişdiksə, bundan sonra da edərik! Düz demirikmi? Mənə elə gəlir ki, ən azı formal məntiq baxımımdan belə bir nəticəyə gəlmək olur.

Üstəlik, daha bir nəticə də hasil olur ki, Naxçıvanın ardınca Azərbaycanın qalan ərazisi də blokadaya məruz qalır – bircə fərqlə ki, bunu bizə qarşı başqaları etmirlər, özümüz könüllü şəkildə edirik ki, bu yolla mümkün tibbi və siyasi epidemiyalardan qorunaq...

Sonda bir detalı da qeyd etmək yerinə düşər. Biz bir millət kimi çox “ilk”lərə imza atmışıq. Məsələn, hamıdan əvvəl kağız mediadan imtina etmişik, halbuki internetin və elektron medianın daha çox inkişaf etdiyi ölkələrdə insanlar hələ də qəzet oxuyurlar. Belə getsə, deyəsən, daha bir “ilk”ə imza atacağıq – quru yollarından və quru nəqliyyatından tamamilə imtina edib yalnız hava nəqliyyatından – təyyarədən istifadə edəcəyik!..

Odur ki, hazırda biçarə bəndəniz də böyük bir səbirsizliklə onun üçün bəlkə də ən əlamətdar bir günü, Bakı-Hacıqabul təyyarə reysinin açılacağı günü gözləyir ki, özünün dədə-baba yurduna – Hacıqabula təyyarə ilə baş çəkə bilsin. Rayona quru yol ilə, avtomobillə gedib-gəlməkdən artıq bezmişik, necə deyərlər, ürək yenilik istəyir. Bununla bağlı hətta bir səmərəli təklifimiz də var: qoy, həmin gün, yəni Bakı-Hacıqabul təyyarə reysinin açılacağı gün Azərbaycanda “Milli aviasiya” günü kimi qeyd edilsin...

Нет комментариев

Новости автора