Общественно-политическая интернет газета
Ermənistanın Qərbə yönəlik siyasətinin əlamətlərini ilk növbədə bu ölkənin Avropa İttifaqı (Aİ) və NATO ilə münasibətlərində axtarmaq lazımdır.
Bu münasibətlər isə heç də Qərbin və yaxud da Avropa institutlarının İrəvana ayırdığı kiçik qrantlarla və hətta onların təmsilçilərinin erməniprərəst bəyanatları ilə məhdudlaşmır – Ermənistan əgər Qərbə inteqrasiya olunmaq istəyində ciddidirsə, onu mürəkkəb və çoxpilləli inteqrasiya prosesi gözləyir. İrəvan buna hazırdırmı? Paşinyan hökuməti bunu bacaracaqmı?..
Etiraf edək ki, çox çətin bir sualdır bu. Amma rəsmi İrəvan heç də “Kremlin qoltuğu altında birtəhər baş girələyən” dövlət və yaxud da hökumət təsiri də bağışlamamalıdır, ən azı ona görə ki, İrəvanın xariclə əlaqəsi həmişə digər Cənubi Qafqaz ölkələrilə müqayisədə daha çox olub.
Bu da onun nəticəsində olub ki, onların həmişə xaricdə güclü diasporaları olub. Amma bizi burada ermənilərin tarixi maraqlandırmır. Bizim üçün ən əsası son illərdə Qərbin apardığı siyasətə Ermənistan dövlətinin nə qədər və hansı formada maraq göstərməsidir. Bu isə heç də “iki vur iki” kimi sadə məsələ deyil. Haylar “müstəqillik” əldə edəndən “iki stulda əyləşməyə”, bir növ “bir əldə iki qarpız tutmağa” çalışıblar. İndi isə onlar bir az da müəyyənləşərək Kremlin “qoltuğunun altından” çıxmağa çalışırlar və bu proses təkcə rusların hələ də düşündüyü kimi, yalnız Nikol Pşainyanla bağlı deyil, ona görə ki, həmişə deyilirdi və yazılırdı ki, Ermənistanı Rusiyanın orbitində saxlayan ilk növbədə keçmiş Dağlıq Qarabağ problemi idi. Necə deyər, Qarabağ getdi və onun ardınca da ruslara, Kremlə sevgi və inam da getdi.
İkincisi, SSRİ-nin süqutundan sonra Qərbin başlatdığı inteqrasiya prosesində bir az passiv şəkildə olsa da İrəvan da iştirak edib. İlk belə proses NATO-nun “Sülh naminə tərəfdaşlıq” təşəbbüsü idi və səhv etmiriksə, digər Cənubi Qafqaz ölkələri kimi İrəvan da bu təşəbbüsə qoşulmuş və Alyansın müxtəlif tədbirlərində iştirak etməyə başlamışdı.
Digər bir ciddi təşəbbüssə Avropa İttifaqının başlatdığı assosasiya sazişləri oldu. O vaxt Ermənistanın prezidenti Serj Sarqsyan idi. Qeyd edək ki, Serj də Ukrayna, Gürcüstan və Moldova kimi Avropa ilə saziş imzalamaq niyyətində idi. Amma Rusiya onu bu fikirdən daşındıra və özünün yaratdığı Avrasiya İqtisadi Birliyinə inteqrasiya etdirə bildi.
Serj onda istiqaməti Brüsseldən Moskvaya dəyişdi, amma Aİ ilə saziş imzalamaqdan da tamam imtina etmədi – bəli, o, belə bir sazişi, nəhayət ki, imzalaya bildi, hətta deklarasiya-bəyanat şəklində olsa da! Erməni müxalifəti ona gülürdü ki, Sarqsyanın imzaladığı saziş Kremldə redaktə olunubdu! Əslindəsə bu, adi bir zarafat deyildi, həqiqət idi, çünki rəsmi İrəvanın özü and-aman edirdi ki, onların Aİ ilə imzaladıqları sazişin heç bir geosiyasi məqsədi, hətta konteksti belə yoxdur...
Amma bizə elə gəlir ki, Serjin hakimiyyətdən getməsində bu “saziş” heç də axırıncı rol oynamadı, baxmayaraq ki, bunun başqa səbəbləri də vardı və ilk növbədə bu xüsusda qeyd etmək lazımdır ki, Kreml erməni Dağlıq Qarabağ siyasi klanından ən azı bir müddətliyə qurtulmaq istəyirdi və bu istək bölgədəki son proseslərdə də özünü göstərdi. Məsələ bundadır ki, bu siyasi klanın tələbləri Kremlin regiondakı manevr imkanlarını əməlli-başlı məhdudlaşdırırdı...
İndi Ermənistan siyasəti Nikol mərhələsini yaşayır və qeyd etmək lazımdır ki, İrəvanın Qərbə yönəlik siyasi çabaları bu ölkə “müstəqillik” əldə edəndən bu vaxta qədər heç vaxt indiki kimi ciddi olmayıb, baxmayaraq ki, proses bir istiqamətli deyil, Nikol da arabir manevrlər, hətta Rusiyaya yönəlik reveranslar da edir. Amma nə Koçrayan, nə də Sarqsyan, hətta indiyə qədər Ermənistanın ən ağıllı prezidenti hesab edilən Levon Ter-Petrosyan Nikol Paşinyan qədər qərbçi deyildi – yox, onların hamısı əsasən Kremlin havasına oynayırdılar.
Bəli, Nikolun vaxtında “Rusiya, yoxsa Qərb” dilemması daha ciddi bir xarakter aldı və bu, hələ başlanğıcdır. Məsələn, Avropa İttifaqının məqsədi Ermənistanı özünə daha ciddi bağlamaq və bu ölkədə ən azı Aİ-a inyeqrasiya ilə bağlı xüsusi referendumun keçirilməsinə nail olmaqdır.
Artıq İrəvanda da belə təkliflər səslənir ki, sentyabrın 16-dan noybarın 14-dək Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı referendum keçirilməsi üçün imza toplanılsın. Bu imzaların sayı zəruri qədər olsa, onda parlament referendum məsələsinə ciddi şəkidlə baxa bilər. Amma əksər təhlilçilər belə hesab edirlər ki, erməni hökuməti hələ buna hazır deyil. Həqiqətən də növbəti həlledici məqama qədər – 2026-cı ilin parlament seçkilərinədək Nikol Paşinyan buna gedərmi? Qoy, bu sual hələ açıq qalsın, çünki çox tez bir zamanda ona ən azı böyük ehtimalla cavab vermək mümkün olacaq...
КомментарииОставить комментарий