Общественно-политическая интернет газета
İtaliyalı güləşçi Frenk Çamizo ilə bizim Tural Bayramovun tatamidə süpürləşməsinin videosuna baxanda birincinin nədən rüşvət ittihamı ilə ortalığı qarışdırdığının motivi anlaşılır.
Gerçəkdən də o güclü rəqib imiş və oyun bircə dəqiqə artıq davam eləsə, yəqin ki, atletimizi təmiz məğlub edəcəkdi. Onun bəxti onda gətirməmişdi ki, Tural onu mübarizənin lap əvvəlində qucuna (şəkildə) götürüb tatamiyə çırpmış və təmiz 6 xal qazanmışdı. Sonrakı dəqiqələrdə qardaş o xalı, necə deyərlər, yavanlıq elədi. Gərək bir dənə də 6 xal qazanaydı. Elə olsa, indi Çamizonun danışmağa dili olmazdı.
Düzü, indiyəcən baxdığım güləş yarışmalarında belə görmüşdüm ki, görüş xal sarıdan bərabərə bitərsə, bir qayda olaraq son xalı qazanan idmançı qalib elan edilir. Bu dəfə nəsə bir az ayrı cür oldu. Amma bunu artıq hakimlər bilər. Mənim bildiyim o idi ki, Çamizo güclüydü və bu iki güləşçi olimpiadada və ya dünya çempionatının finalında yenidən qarşılaşsalar, qorxuram ki, gümüş medalı bizimki qazansın.
Burası heç. Zatən, belə yarışlarda bir saniyə və bir çevik tərpəniş məsələni həll edir. Ondan sonra uduzan tərəf qarnını tatamiyə sürtsə də, xeyri olmur.
Ancaq Çamizonun oyundan sonra etdiyi hərəkət açıq-aşkar cığallıq idi. İndiyədək bizim idmançılar saysız şəkildə belə haqsız məğlubiyyətlərə uğrayıblar, ağlayanlar, hakimlərin üstünə çımxıranlar da olub, amma heş bir apelyasiya şikayəti nəticəni dəyişməyib. Çamizo isə dirəşmişdi.
Bu xüsusda ona görə ajiotaj yaranıb ki, qarşılaşmadan sonra o, ağır ittihamlar səsləndirib. İtaliyalı güləşçinin dediyinə görə, guya ona uduzması üçün 300 min dollar rüşvət təklif ediblər.
Belə şey ola bilərmi, bilməzmi, qəti şəkildə fikir yürüdə, stajlı patriotlar kimi “xeyr, ola bilməz” də demək olmur, “hər şeyi qara görənlər” kimi “yenə rüşvətlə iş görmək istəmişik” demək də. Hiss edirsən ki, ikincilər daha fəaldır.
Düzünə qalsa, bunca haqsızlıqlarla qarşılaşa-qarşılaşa içimizdəki bu “dünyanın ədalətinə sonsuz inam” hissinin hələ də sağ qalması heyrətamizidir. 28-30 il torpağımızın 20 faizi düşmən işğalında qaldı, “ədalətli dünya” mıkk eləmədi, qəvi düşmən 1 metr torpağı xoşluqla qaytarmadı, amma ordumuz basıb ərazimizi geri alanda bir xeyli həmvətənimiz başımıza pasifist kəsildilər, müharibəyə qarşı çıxdılar, sülhdən, ədalətdən danışmağa başladılar.
Yəni elə çıxır ki, bizə qarşı hasızlıqlar, ədalətsizliklər edilməsi normaldır, amma qırx ilin başında biz bir şübhəli penalti vursaq, olmaz, haqq-ədalət cırıq-cırıq olar. Belə şeyləri çox ürəyimizə salırıq və bu başıqapazlılıq sindromudur. Fərqində deyilik ki, dünyada ədalət hərləyən yoxdur, həmişə gücü və pulu çox olan qalib gəlir.
Çamizonun 300 min dollarlıq rüşvətlə bağlı səsləndirdiyi ittihamla bağlı onu da demək olar ki, bəlkə adam rəqəmi səhv eşidib, ona 30 min təklif ediblər? Yəni bir olimpiada lisenziyasının qiyməti 300 min dollar ola bilərmi? 300 min az pul deyil axı. Bu Zimbabve dolları deyil ki, 300 minə bir səbət yumurta düşməyə. Söhbət ABŞ dollarından gedirsə, bu, çox yekə puldur.
Ondan da ötəsi, İtaliya kimi ABŞ dollarının iyini yaxşı bilən, ondan ötrü hər gün minlərlə cinayət törədilən ölkənin vətəndaşı 3 dəqiqənin içində qazana biləcəyi 300 min dollardan vaz keçərdimi? Heç ağlabatan deyil. Böyük ehtimalla onun məşqçisi bu məbləği eşidən kimi, anlaşılmazlıq olmasın deyə bir kağıza “300 000?” yazıb təklif edənlərə göstərər, təsdiq cavabı alan kimi, dirəşən yetirməsini şillə-şapalağın altına salardı ki, uduz, gəl, pulu bölək. Adam bilir axı, Parisdə qızıl medal alsa, heç bu qədər qazanmayacaq. (Başqa ölkələrdə olimpiya qızılı qazananlar bizdəki kimi bir ayın içində milyonçu olmurlar).
İndi yaxşı oldumu? Pul da getdi, lisenziya da. Düzdür, deyirlər, yaxın vaxtlarda o, İstanbulda təşkil ediləcək növbəti turnirdə Paris olimpiadasına lisenziya qazanmaq şansını saxlayır, amma elədirsə, daha pis. Çamizonun ağlı olsa, Bakıda 300 min dollar qazanardı, İstanbulda isə lisenziya.
P.S. Biri Tural Bayramova desin ki, bir az da məşq elə, formada ol, Frenklə yenidən qarşılaşanda onu elə süpürlə ki, deyəcək sözü qalmasın.
КомментарииОставить комментарий