Общественно-политическая интернет газета
Bu sətirlər yazılanda artıq deyilmişdi ki, mayın 27-də Gürcüstan parlamenti prezidentin xarici agentlər haqqında qanuna qoyduğu vetonu aradan qaldırmaq üçün iclaslara başlayacaq.
Ona görə də bəlkə də bu yazı işıq üzü görəndə veto artıq tam götürüləcəkdir. Amma bizim üçün əsas bu deyil, ən azı ona görə ki, gürcü hökumətinin bu vaxta qədər verdiyi bəyanatlar, qanunun üç oxunuşda qəbulu onu deməyə əsas verirdi ki, çətin hökumətin qərarı dəyişmiş olsun.
Bir daha deyirik ki, bizim üçün əsas bu deyil, odur ki, hazırda Cənubi Qafqaz uğrunda çox incə savaş gedir. Elə bu sətirləri yazanda hamı Ermənistandakı mitinqlərin də nə ilə nəticələcəyini gözləyirdi. Bir az əvvəl biz bu haqda da yazmışdıq, amma iki detalı nəzərə almaq imkanımız olmamışdı. Bunlardan biri o idi ki, ötən həftənin sonlarında Moskva özünün Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı. Digər məqam is bu idi ki, elə ötən həftə keşiş Baqrat İran səfirliyində olmuşdu. Sonuncunun da müəyyən nəticələri ola bilərdi. Təkcə ona görə yox ki, Paşinyan qərbçidir və Ermənistanda qərbpərəst siyasət yürüdür, həm də ona görə ki, Nikol Azərbaycanla anlaşmağa və Bakıya qarşı siyasətini dəyişməyə çalışır ki, bu da Tehranın maraqlarına elə də cavab vermir...
Qərəz, gələk Gürcüstan məsələsinə. Maraqlıdır ki, müxtəlif çağırışlar olsa da hələ ki Avropa və xüsusən də ABŞ Tiflisə qarşı hər hansı sanksiya tətbiq etmək niyyətində deyil. ABŞ-ın adından bunu hətta Dövlət Departamenti bəyan etdi. Niyə belə edirlər? Qərbdə düşünürlər ki, Tiflisə qarşı sərt addım onu Rusiyaya qarşı yönəldə bilər, ona görə də çox ehtiyatla hərəkət edirlər.
ABŞ Gürcüstan hökumətini şirnikləndirmək üçün hətta xüsusi yardım paketi də təklif etdi. Amma gəl, belə xəbərlər gəldi ki, guya ilk dəfədir ABŞ silahlı kontingenti Gürcüstanın müstəqilliyinə həsr olunmuş hərbi paradda iştirak etmir - əlbəttə, bu, feyk, yəni yalan informasiya da ola bilər, amma onu çox ciddi informasiya mənbələri yaydılar...
Bütün hallarda həftə Gürcüstan həftəsi ola bilər. Hərçənd bir daha deyirik ki, Ermənistandakı olaylar bundan az maraq kəsb etmir, bəlkə də daha çox maraq kəsb edir. Sonuncu məsələdə çox mühüm detal var. Belə gümanlar var, daha doğrusu, belə fərz edilir ki, revanşist müxalifətin də, keşiş Baqratın da arxasında Kreml dayanır - əlbəttə, bir daha deyirik ki, əgər bu cür fərziyyələr həqiqəti əks etdirirsə! Amma Kreml bu adamlara nə vəd edib? Sirr deyil ki, Kreml Paşinyanı ona görə cəzalandırmaq istəyir ki, o, qərbpərəst siyasət yürüdür. Amma erməni müxalifətinin və kilsənin Rusiyadan gözləntiləri tamam başqadır, onlar Azərbaycana qarşı ərazi iddialarının yenidən Kreml tərəfindən dəstəklənəcəyinə ümid edirlər. Mümkündürmü bu?
Sözsüz ki, Moskva İrəvanla Bakı və Ankara arasında düşmənçiliyin qalmasında maraqlıdır, ona görə ki, onun Ermənistandakı “missiyası” bu düşmənçiliklə bağlıdır. Amma daha Kreml keçmiş Dağlıq Qarabağı alıb ermənilərə verə bilməz! Doğrudanmı, erməni müxalifəti və kilsəsi bunu anlamır?..
Bir sözlə, Cənubi Qafqazda yenə də geosiyasi küləklər əsir, ən əsası da budur ki, artıq geosiyasi balanslaşdırma dövrü bitib, hamı seçim etməlidir - ya müstəqil siyasət yürütməli, ya da bölgədəki geosiyasi vektorlardan birinin iradəsini qəbul etməlidir.
Bir daha deyirik ki, bu sətirləri yazan zaman nə Gürcüstanda, nə də Ermənistanda proseslər başlamamışdı və hər şey yalnız gözlənti şəklində - formasında mövcud idi.
İrəli qaçaraq bunu deyə bilərik: proseslər çox da sürətli şəkildə çözülməyəcəkdir. Gürcüstanda qarşıdan parlament seçkiləri gəlir və odur ki, indiki proseslər hakimiyyət üçün də, müxalifət üçün də bir məşqdir. Ermənistandakı proseslər də sonuncu aşırım deyil, Paşinyanın qarşısında daha bir məsələ var: konstitusiyanı dəyişmək! Elə bu səbəbdən də kilsə və revanşist müxalifət üçün də siyasi spekulyasiya predmeti irəlidə hələ yetərincədir...
КомментарииОставить комментарий