Общественно-политическая интернет газета
Bir var, “ay qızlar, ərə gedirəm” sözlərini məlahətli gənc qadın səsi ilə eşidəsən, bir də var, kişi səsi ilə. Adama qəribə gəlir.
Hərçənd qadınların çox siqaret çəkdiyi ölkələrdə (məsələn, Türkiyə, Ukrayna, Rusiya və s.) kişi səsi ilə danışan qadınlar çoxdur, amma bilirsən ki, bu, onların, zərərli vərdişə aulədçiliyinin nəticəsidir.
Bu sözü deyən isə öz həmvətənimizdir və heç də kişi səsi ilə danışan qadın deyil, qadın kimi görünməyə çalışan kişidir. Ya da, belə deyək, o, xarici görünüşcə kişi olan, amma özünü qadın hiss edən, bütün lazımi əməliyyatlara baxmayaraq, öz keçmiş tibbi-fiziki xislətinin xüsusiyyətlərini daşımaqda davam edən vətəndaşdır. (Babat savadlı cümlə oldu).
Bu vətəndaş dəbdə olan ifadə ilə desək, qeyri-binar deyil, artıq yeni cinsini müəyyən edib və “ay qızlar” dedikdə öz “həmcinslər”inə, özü kimilərə müraciət edir, deyir, maşallah deyin, nəfs salmayın. Gözə gəlməkdən, bəxtəvərliyə düşməkdən qorxur, neynəsin. Nəfs pis şeydir. O qədər evlər yıxıb ki.
Görünməmiş bir şey deyil, bu saat dünyanın ən çox qazanan həkimləri cinsdəyişdirmə əməliyyatı keçirənlərdir. Bəlkə də bir il sonraya növbələri var. Onlar təbiətin yol verdiyi qüsurların aradan qaldırılması ilə məşğuldurlar.
Sadəcə, sual budur ki, İsa peyğəmbərin erasının 2 min ilində son 24 ildəki qədər səhv buraxmayan təbiətə nə oldu birdən-birə, 3-cü minillikdə eyzən qüsurlu məxluqlar istehsal edir. Sexdə işlər qaydasında deyil, deyəsən.
Orası da var ki, konveyer istehsalı olan yerdə qüsurlu məmulatlar qaçılmazdır. Məsələn, ayda bir dəfə xəbər yayılır ki, Yaponiyanın filan avtomobil konserni 30 min qüsurlu avtomobili geri çağırır. (Amma kimdir təzədən Yaponiyaya avtomobil qaytarıb göndərən – bu, nəsə reklam-piar söhbətidir). Deməli, konsernin sexləri də düz işləmir.
Sex demişkən, dünyada ən çox cins dəyişdirənlər seks industriyasının pik inkişafını yaşayan Taylanddadır. Kurort şəhərlərinin küçələrini zəbt eləmiş 3 milyondan artıq intim xidmətçinin beşdə biri əvvəllər kişi olmuş, sonradan dolanışığın yolunu taparaq cinsini dəyişdirmiş transgenderlərdir. İntəhası, dönmə “qadınlar”ı hülqumlarından tanıyırlar (bildiyiniz kimi, qadınlarda hülqum olmur).
Təkcə bu fakt göstərir ki, burada təbiətlik bir şey yoxdur, insanlar özləri sonradan şüurlu şəkildə öz konstruksiyalarına düzəliş və əlavələr edirlər. Eyni şeyi malik olduğu avtomobilə edənlər cəzalandırılır, amma insan azaddır, özünü istədiyi forma və görünüşə sala bilər.
Ona görə də “Allah onu da o cür yaradıb” söhbəti artıq aktuallığını itirməkdədir. Hiss olunur ki, gənc insanlar cins dəyişdirməyə cins şalvarlarını dəyişirmiş kimi yanaşırlar.
Bax, Gədəbəyə ərə getməyə hazırlaşan eloğlu da elələrindən biridir, seçimini edib, öz yarını tapıb və xoşbəxt olmaq niyyətindədir.
Ancaq qarnıqurdlu, paxıl adamlar, həmişə olduğu kimi, yenə meydana çıxıblar və müjdə dolu videonun altına pis-pis şərhlər yazırlar. Biri “qoşa qarıyasınız” əvəzinə “qoşa gəbərəsiniz”, o birisi ironiya ilə “oğullu-qızlı olasınız” yazıb. Şəkildə su sonası kimi görünən, amma hələ ailə qurmamış bir qız isə qeyd edib ki, gedirəm, özünü asmağa, bu kişi ola-ola ərə gedir, mənim adımı tutan yoxdur.
O xanım ta demir ki, bu qismət-nəsib, bir az da fərasət məsələsidir. Hər dəfə önünə keçib, ürəyini açmaq məqsədi ilə sənə “xanım, sizi bir dəqiqə olarmı” deyən oğlana “get, anqır, tayını tap” deyərsənsə, olacağı budur. Şansı qaçırmamaq başqa şeydir, bu fəhm hamıda olmur.
Fəqət bu adam gərək rayon yerinə ərə getməsin. Şəhərdə yaşayan rayonluya ərə gedə bilər, problem yoxdur, amma rayon yerinə getsə, adına söz çıxaracaqlar. Kənd camaatı sözbaz olur və belə şeylərə pis baxır. Bir də gördün, qonşu qadın haylayır ki, bajı-bajı, şkafın yerini dəyişmək istəyirəm, gücüm çatmır, sən əvvəllər kişi olmusan, gəl, bir əl yetir.
Yəni, həyatdır, hər şey ola bilər. Amma gərək çox olmasın. Bir də elə videoları kütləvi şəkildə yaymaq, təbliğat aparmaq olmaz. Allaha, təbiətə, Yaradana ağır gedər, deyər, indi nə deyirsiniz, mənim verdiyim dizaynla, konstruksiya ilə razılaşmırsınızsa, onda gedin...
Bəlkə də 20-30 il əvvəl Ulu Yaradan elə bir söz deyib, ona görə hazırda elə edən insanlar arta-arta gedir.
КомментарииОставить комментарий