Свобода людям, независимость нациям!

Futbola baxmayanlar zümrəsi

Son günlər tez-tez görürəm, futbola qarşı ciddi təbliğat gedir. Bəzi dostlar futbolu mənasız bir oyun saydıqlarını yazır, ona dünya miqyasında bu qədər böyük diqqətin anormallıq olduğunu bildirirlər. Və onlar xeyyli dərəcədə haqlıdırlar.

Gerçəkdən də, bizim kəndçilər demişkən, 22 tumançaq kişinin yaşıl meydanda kəhildəyə-kəhildəyə yumru bir şeyin dalınca düşüb ora-bura qovması, 50 min insanın bunu stadionda izləməsi, azı bir milyard adamın da televizorun qarşısında oturub bu haqq-hesaba baxması, sanki, o qədər də normal bir şey deyil.

10-15 min kilometr o tərəfdəki Braziliyanın milli komandası qələbə qazanacaq, ya uduzacaq, ondan burada bizə nə? Futbolçular qalib gələndə milyonçu olurlar, hətta artıq milyarder olanlar (Ronaldo və Messi) var, bəs o qələbənin bizə maddi faydası varmı? Yoxdur. Əksinə, olan-qalan ağlımız da gedir. Vaxtımız, əsəbimiz də o cümlədən. Almaniya uduzub deyə, iştahı küsənlər, Argentinanın məğlubiyyətinə görə başsağlığı qəbul edənlər var.

Bu, nə dəlilikdir, a kişi? Oyundur, baxdın, zövq aldın, qurtardı, getdi, ta ürəyinə niyə salırsan? Bu da doğma rayonun deyil ki, düşmən işğal edə, evindən didərgin düşəsən, bəxtin qara gələ, bir də 30 ildən sonra quru torpağa qayıtmaq imkanı qazanasan. 1-2 aydan sonra yeni yarışma olacaq, oynayacaqlar.

Без названия.jpg (14 KB)

Bu baxımdan futbol fanatikliyinin indiki halı doğrudan da kütləvi psixoz halına çatıb. Xüsusilə də bizim kimi mundialda təmsilçisi olmayan ölkələrin azarkeşlərinin özlərini ülgücləməsi tam anormallıqdır. Bax, qanalı azarkeşlər o gün cəngəllik tutuquşusu kimi geyinib stadionda atılıb-düşür, yüz cür meymunluq edirdilər (yaxşı mənada), amma heç kəs onlara pis baxmırdı, hamı bilirdi ki, öz ölkələrinin futbolçularına azarkeşlik edir, onlara ruh verirlər. Bəs bizə nə düşüb?

Nə vaxt Şahruddingil gedib mundialda oynayarlar, o zaman biz də özümüzü o günə qoyarıq. (Yeri gəlmişkən, artıq mundialda bir neçə qapıçı məhz Şahruddin kimi oynayır, rəqib hücumçuya ötürmə edirlər, sonra da haça-paça qalırlar). Çünki milləti təmsil edən istənilən idmançının, sənətkarın, diplomatın, siyasətçinin dəstəklənməsi, ona azarkeşlik edilməsi təkcə idman, sənət məsələsi deyil, böyük ölçüdə (təxminən 3 metrlik) millət-qeyrət məsələsidir.

Bununla belə, bəzi adamların “mən futbolla maraqlanmıram”, “futbola heç vaxt baxmamışam, indi də baxmıram” deyə təkəbbür sərgiləmələri də müşahidə olunur. Bunlar özlərinin kütlədən olmadığını, milyardlarla futbol azarkeşlərindən biri olmadıqlarını gözə soxur, bunu özlərinə üstünlük sayırlar. Bu nə elit zümrə ədasıdır?

Yaxşı, futbol mənasız oyundur, sən də onunla maraqlanmırsan, bəs nə edirsən? Bəlkə elm adamısan, futbola sərf etdiyin vaxtı ixtiralara sərf edirsən? Yoxsa musiqi ilə maraqlanırsan, Qədir Rüstəmovdan ta Demis Russosa, Luçano Pavorottiyə qədər hamısının yaradıcılığını əzbər bilirsən? Ola bilər, kino xiridarısan, “Oskar” alan filmlərin hamısına baxmısan? Ya da ədəbiyyat bilicisisən, Hüqonun, Drayzerin, Cek Londonun, Stefan Sveyqin tam külliyatının içinə kül qoymusan?

O elə deyənləri araşdırsan, məlum olacaq ki, çoxu nəinki futbolla, heç ölkəsində baş verən heç nə ilə maraqlanmır, qulaq asdığı musiqi son illərdə dəb olan, ermənilərin belə bəyənib oğurlamadığı yanıqlı sızıldamalar, 18+ meyxanalardır, kino sarıdan axırıncı dəfə “Titanik”ə baxıb və ömründə bir bədii kitab oxumayıb, üstəlik, qəzet almır, sayta girmir, eləcə, telefonuna göndərilən mırt videolara baxır, vəssalam. Amma futbolla da maraqlanmır və özünü baxanların fövqündə biri sayır.

Bu da başıxarablıqdır. Ona qalsa, çölün eşşəyi də nə musiqi dinləyir, nə teatra gedir, nə futbola baxır, nə də regionda gedən siyasi prosesləri izləyir, eləcə, küllük tapıb ağnayır, samanını çeynəyir, bir də yaz ağzı anqıra-anqıra cinsi partyor axtarır. İnsan olan kəs gərək ətrafında baş verən hər şeylə maraqlansın, bəzi şeylərdən də zövq alsın, özünə bir məşğuliyyət, hobbi tapsın. Yemək-içmək, yatıb-durmaq və cütləşmək bura daxil deyil, çünki o, oxumuş adamlar demişkən, rutin şeylərdir.

Ona görə də futbola baxmaq da, “Eurovision”u izləmək də, siyasi sammitlərin nəticələri ilə maraqlanmaq da ayıb şeylər deyil. Qoy heç kəs bunları bəlli çərçivədə edənləri qınamasınlar, aşağılamasınlar.

Həyatdır da, yaşayırıq, başımızı qatırıq.

Нет комментариев

Новости автора