Свобода людям, независимость нациям!

“Fürsət bu fürsətdir” deyənlər

 

Belə şeylərin adı çoxdur, biri kəmfürsətlik deyir, başqa biri - nəxunəklik, digəri – tamahkarlıq. Müftəxorluq, acgözlük deyən də var. Nə desələr, düz gəlir. Təəssüf ki, biz bu xüsusda öyünə biləsi, “bu, biz xas deyil” deyə bilmərik.

Məsələn, olur ki, yol gedərkən, ya maşının cihazı düz göstərmir, ya sürücünün yadından çıxır, çəndə yanacaq qurtarır, adam yolda qalır. Normalda bir çox sürücülər həmin şəxsə kömək edirlər, ya ikilitrliq qabda benzinləri varsa, təmannasız verirlər, ya da adamı irəlidəki yanacaqdoldurma stansiyasına aparırlar ki, benzin alıb geri qayıtsın. Fəqət mütləq bir kəmfürsət tapılır ki, guya kömək etmək adıyla saxlayır, problemin nədən ibarət olduğunu öyrənir və deyir: “Məndə iki litr benzin var, 10 manata verərəm” (yaxud “məndə köhnə bir təkər var, 50 manata verərəm”; “məndə remen var, 20 manata sataram”). Yolda qalmış sürücünün başqa əlacı yoxdur, 10 manatından keçir, alır.

Akkumlyatoru yatmış sürücüyə öz maşınından şnurla (“primıçka”) elektrik verib avtomobili işə salan, sonra 2 manat tələb edən görmüşəm.

O gün gözümün qabağında bir kəmfürsətlik aktı yaşandı. Bir ailə məclisi idi. 5 yaşı tamam olan uşağın əmisi içənlərə qoşulub iki-üç qədəh araq içdi. Əslində lap əvvəldə o, “sükan arxasındayam” deyib içmək istəmirdi, amma o biri qohumlar israr etdi ki, ayıq sürücü çağırarıq. O da içdi. Ayıq sürücü çağırmaq məqamı gəldi. Məlum oldu ki, bu, qazdan ayıq sürücüdür, taksinin 5 manata apardığı yol üçün 20 manat istədi. Daha sonra 10 manata razılaşan biri gəldi, əmi onunla getdi.

Dostlar danışır ki, belə vəziyyətlərdə bəzən 5-6 manatlıq yola 25-30 manat tələb edənlər də olur. Eləcə qiymət oxuyurlar. Bilirlər ki, 5 adamdan 3-ü şişirdilmiş qiymətə razılaşmayanda 2-si razılaşacaq, o da 7-8 kilometr yol sürüb o qədər pul qazanacaq.

Bir o olsa nə vardı ki? Qohumun maşınının böyrü çızılıb, bir azca da batığı var, aparıb ustaya. Usta deyib, 1200 manat xərci var. Adam gedib tanış ustanın yanına, o da deyib ki, 120 manata həll edərəm. İki ustanın zəhmət haqqı arasında nə qədər fərq oldu? 10 dəfə. İndi birinciyə kəmfürsət və tamahkar deməsinlər, nə desinlər. Zalım oğlu, heç olmasa, 200 manat istə, o da dağa-daşa düşməmək xatirinə razılaşsın, pul qazan dəə. 1200 manat yerdən çıxır, yoxsa adamın pulkəsən dəzgahı var?

Yerə 2 millimetr qar, qırov kimi bir şey düşəndə taksi xidmətinin qiymətinin normaldan 5 dəfə artdığı haqq-hesabları hamınız bilirsiniz. 3 manatlıq yola 15, 5 manatlıq məsafəyə 20-25 manat istəyənlər olur. Qar günortaya qalmır, əriyir, amma “qar tarifi” gecəyə qədər davam edir. Dostlardan biri bu situasiyaya belə bir yozum vermişdi: “Bu şəhərə qar sırf fürsətcil taksi sürücülərinin üzündən yağmır”.

Əlbəttə, hamı istəyir ki, daha çox qazansın, evinə daha çox pul aparsın, ailəsi, balaları, ehtiyacları var. Amma çox qazanmaqdan ötrü yaxşı və çox işləmək lazımdır. Yoxsa biri cəmi 15 dəqiqə işləyəcək, 2 saat boyunca mühazirə oxuyan professordan çox qazanacaq – bu, ədalətsizlikdir.

Adi tibbi əməliyyatları qan qiymətinə edənlər var. Bir az özlərini reklam ediblər, şöhrət qazanıblar, adları “uzman” çıxıb, digər həmkarları ilə müqayisədə eyni əməliyyatı 5 qat baha qiymətə edirlər. Xəstənin əzizlərinin əlacı yoxdur, istəyirlər ki, salamatlıq olsun, ona görə də toplaşıb, köməkləşib superbahalı əməliyyatın xərcini çəkirlər. Bu, skalpeli boğaza dirəyib adamları soymaq hadisəsidir.

Övladlarına yaxşı təhsil vermək istəyən valideynlərin ildən-ilə bahalaşan repetitor tariflərinin öhdəsindən necə gəldiyi dəftər-kitaba sığan söhbət deyil. Adlarını “bunker müəllimləri” kimi çıxaran müəllimlər artıq ölkədə “Oksford standartı” tətbiq edirlər – “İstəyirsən, uşağın 600-dən, 650-dən çox bal toplasın, qiyməti budur”. Hamı da istəyir ki, övladı çox bal toplasın.

Hər işimiz belədir. Rüşvətxor da düzəldəcəyi işə görə ən yuxarı məzənnəni tələb edir. Xirtdəyi ələ keçənin evini satdırırlar, ilişənin gönünü soyurlar.

Bu cür haqq-hesablara baxanda 2 manatlıq benzini yolda qalan maşına 10 manata satan kəmfürsətin qəbahəti çox xırda görünür. Amma fərqi yoxdur, həmin fürsətcil şəxs biznesmen olsa, udduğu tenderə görə 5 milyona tikməli olduğu körpüyə 2 milyon sərf edər, 3 milyonunu cibinə qoyardı. İnsan tamahkarlığı eynidir, sadəcə, ələ düşən düşən imkanlar fərqlidir.

Нет комментариев

Новости автора