Общественно-политическая интернет газета
ABŞ prezidentliyinə namizəd Donald Trampın ata babası Frederik Trump alman mənşəli immiqrant olub, ABŞ-yə 1885-ci ildə köçüb.
Onun rəqibi Kamala Harrisin anası Şamala Qopalan hindistanlı, atası Donald isə yamaykalı mühacirlərdir, Amerikaya bu əsrin ortalarında varid olublar.
Onların hər ikisinin sələfi olan Barak Obamanın atası Hüseyn də mühacir olub, Amerikaya Keniyadan gəlib.
Buş sülaləsinin ənkə babaları da ABŞ-yə İrlandiyadan köçən mühacirlər olublar.
Billi Klinton da eləcə, ondan qabaqkı Ronald Reyqan da o cümlədən.
Ümumiyyətlə, Corc Vaşinqtondan tutmuş ta Cozef Baydenə qədər ABŞ-də prezidentlik etmiş 46 nəfərin 46-sı da mühacir övladlarıdır, hamısı Amerikaya gəlmədir.
Əgər aborigen amerikalı, şauni qəbiləsindən olan şaman Tekumse nə vaxtsa ABŞ prezidenti olsaydı, yalnız o, “mən doğma-böyümə amerikalıyam” deyə öyünə, ölkəyə gələn mühacirləri xor görməyə haqqı ola bilərdi.
Fəqət tarixdə belə olmayıb, 46 prezidentin əcdadları Tekumsenin qəbiləsini də, o biri hindu qəbilələrini də qırıb-çatıblar, yerdə qalanlarını da rezervuarlara doldurublar. O vaxtlar ingilis, irland və fransızların tüfəngləri çinqaçukların tomohavkından güclü olub, uzaqdakı hədəfi daha dəqiq vurub.
İndi onların sayı 5 milyon civarındadır və ABŞ-ın ümumi əhalisinin 1,6 faizini təşkil edirlər.
Əvəzində ABŞ başdan-başa mühacirlər ölkəsidir. Sadəcə, bir çoxlarının dədə-babası ABŞ-yə 250 il əvvəl gəlib, bir xeylisinin əbu-əcdadı 150-200 il qabaq Çarlston limanında gəmidən əli-qolu qandallı halda ölkə torpağına endirilib, bir qismi də 50 il öncə öz xoşbəxtliyini bu ölkədə tapmağa çalışıb.
Ancaq 10-15 ildir köhnə mühacirlərin züryətləri ölkənin qapısını yeni mühacirlərin üzünə bağlayıblar, gəlmələrə hələm-hələm izn vermirlər, qaçaq gələnləri də ya tutub deportasiya edirlər, ya da bir yerlərdə qabaqlarını kəsir, düşərgələrə toplayırlar.
İndi özü mühacir nəvəsi olan Donald Tramp deyir ki, ABŞ-a gələn 425 min immiqrant bu ölkəyə “pis genlər” gətirib.
Adam unudur ki, heç əsrlərcə əvvəl Amerikaya sığınanlar da özləri ilə yaxşı genlər aparmayıblar və gedib orada şərəşur işlər görüblər.
Məsələn, dünyanın ən qəddar quldarları, plantatorları harada olub? Amerikada.
Bütün zamanların ən qəddar quldurları hansı ölkədə terror əsdirib? Amerikada.
Ən çox yerli aborigenlər hansı ölkədə məhv edilib? Amerikada (Hərçənd Avstraliya da geri qalmayıb, sadəcə, orda aborigenlər az olub).
Tarix boyunca ən amansız mafioz kartellər hansı ölkədə mövcud olub? Amerikada. ABŞ bu məsələdə mafiozların ana vətəni Siciliyaya papaq çıxartdırıb.
Məsələyə gendən baxsaq və gen məsələsini diqqətə alsaq, Tramp düz demir, indiki mühacirlərin “pis gen”inə baxmaq lazım deyil. Kim bilir, bəlkə bu il hələ “pis gen”li mühacirin həyat yoldaşının bətnində olan, 3 aydan sonra doğluacaq körpə 50 ildən sonra ABŞ prezidenti seçiləcək?
Olmazmı? Niyə olmur? Olar, o yana da keçər. Amma bundan ötrü onun anası onu ABŞ torpağında doğmalıdır. Çünki bu ölkədə belə bir qanun var ki, ölkə hüdudlarından kənarda doğulmuş heç kəs ABŞ-də prezident seçilə bilməz.
Məsələn, Kamalanın anası Şamala gedib onu ana vətənində, Hindistanda doğsaydı, bu gün xanım Harris prezidentliyə namizəd olmazdı, onun yerinə Trampla başqa bir namizəd söz güləşdirərdi.
Elə Trampın babası Frederik də 140 il əvvəl ABŞ-yə daşınmasaydı, bu gün onun nəticəsi Vaşinqtona gendən baxardı və gen söhbəti eləməzdi.
Maraqlıdır ki, Trampın bu şovinist və irqçi çıxışları 98 faizi mühacir nəvə-nəticələri olan amerikalıların çoxunun xoşuna gəlir.
İndiki amerikalıların müasir mühacirləri xor görməsi yəqin ki, “qonaq qonağı istəməz, ev yiyəsi heç birini” məsələsidir. Sadəcə, ABŞ-də ev yiyələri, yuxarıda dediyimiz kimi, qalmayıb.
Mühacirlərə qarşı çıxmaqda heç Kamala Harris də rəqibindən geri qalmır. O da deyib ki, hakimiyyətə gəlsə, qeyri-qanuni mühacirlərin ölkəyə gəlişini bir tövr ilə əngəlləyəcək.
Tərs kimi, dünyanın kasıb və dalaşqan ölkələrində yaşayan milyonlarla mühacirin gücü öz ölkələrindəə normal mühit yaratmağa çatmır.
Görək, 2025-ci ilin 20 yanvarından sonra hansı prezident miqrantları ABŞ-dən qovacaq.
КомментарииОставить комментарий