Свобода людям, независимость нациям!

Fəlakət gecəsi qaranlıqda kəşf olunan gerçəklər ... - Rauf Arifoğlunun yazısı

Dünən ölkəmiz nadir rastlanan fəlakət yaşadı. Bir düşmən bir ölkəni vursa, ancaq belə vura bilərdi...

Amma Azərbaycanı düşmən yox, isti vurmuşdu.

Ən azından, sonradan verilən rəsmi açıqlamalara görə beləydi.

Ölkəmiz yenicə qürurverici olayları yaşamışdı, paytaxtımızın baş meydanından şərəfli ordumuzun keçidini heyranlıq və şükranlıqla izləmişdik. Dost və düşmənlərimiz dövlətimizin qüdrətini görüb, qəbullanmışdılar.

Ermənilər və onların içimizdəki uzantıları narahat olmuşdular...

Belə bir zamanda ölkə texniki bir səbəbdən qaranlığa qərq oldu və Azərbaycan işıqsız qaldı.

Mən çox narahatam; hər nə səbəbdən baş versə də, bu, yaxşı hal deyil; belə olmamalıydı; belə olmaya bilərdi; xüsusi ilə ona görə narahatam ki, bu, sanki hansısa güclərin o möhtəşəm paraddan sonra Azərbaycana mesajı idi...

****

Məsələnin müsbət tərəfi odur ki, bu boyda miqyaslı fəlakət ölkədə böyük panikaya səbəb olmadı. Müvafiq strukturlar və bütövlükdə dövlət prosesin gedişatını tez toparladı; Prezidentin adından açıqlama yayıldı, fövqəladə hallar naziri xalqı sakitliyə çağırdı, polis paytaxtı nəzarətə götürdü, hətta svetaforların funksiyasını canlı olaraq icraya başladı; digər strukturlar çevik və soyuqqanlı çalışb, ölkəni vəziyyətdən çıxartdılar.

****

İki mühüm amili qeyd etməliyım.

Nyu-mediya və sosial şəbəkələr.

Ölkədəki sakitliyin əsas səbəbkarı və fövqəladə halda etibarlı xəbərləşmə məkanı saytlar və sosial şəbəkələr - əsasən də Facebook oldu. Dövlət adamlarının gecənin qaranlığına yaydıqları rəsmi açıqlamalar da bu platformalarda işıq üzü gördü...

****

Həmin platformalardan biri, bəlkə də birincilərdən biri də musavat.com idi...

Olay baş verməzdən az öncəydi. Saytımızın rəhbəri Xalid hoca vatsap qrupunda Turan Oruca son tapşırıqları verib, yatmağa getmişdi, demişdi, elə et, növbəni bitirəndən sonra da xəbərlər olsun, "avtopilot" deyirik buna zarafatla...

Nə biləydi ki, Turanın bu gecə növbəsi heç bitməyəcəkdi...

Mən köyümdə, Yuxarı Öysüzlüdə idim (xəstə ziyarəti üçün burdayam).

Belçika-Yaponiya oyununun və istinin təsirlərini yenicə atıb, Anam, bacım və doğmalarımla söhbətləşirdim. Bir əlim də telefonda, gözüm saytda və feysdə...

****

İşıqlar bu dəfə qəribə söndü - sanki qəfildən öldü, işıq...

Qrupa ilk yazan Azər Ayxan oldu - "Əhmədlidə işıqlar közərdi, kəsildi. Xəbər yazın".

Sonra Ilkin Muradov yazdı. Sonra Gulnar Suleymanova. Sonra başqaları...

Məlum oldu ki, miqyas böyükdür.

İki dəqiqə sonra Tanriverdi Mustafayevə zəng etdim...

Bundan beləsi musavat.com -da ən çox oxunan xəbər oldu...

****

Telefonla kompüterə internet verib, özüm işə başladım. Texniki imkanlarım Bakıdakı növbətçilərdən yaxşı idi (gecə növbəsi redaksiyadan yox, evdən işləyir).

Generatoru qoşduq, Bakıda xətdə olan əməkdaşlar, kənddə mən...

Rauf Arifoglu adlı şəxsin şəkli.

Qaranlığı aydınladan new-media...

Mobilləşmənin gücü də bundadı! Məkan fərq etməz! Kiçik bir imkanla bir dövləti belə qurtara bilir, media və mobilləşmə! Necə ki, 2016-cı ildə, uyulda Türkiyədə xain çevriliş olanda, məhz belə oldu. Dövləti də, iqtidarı da media və mobilləşmə xilas etdi.

****

Özümü dedim, "APA bacı"yı da deyim.

Vüsalə Mahirqızı əla işlədi. Bir daha mən bu xanımın peşəkarlığına və iş sürətinə şahid və heyran oldum. Sabaha kimi xətdə qaldı, yazdı, ölkənin xəbər məkanı və vətəndaşlar üçün dəyərli bilgilər hazırladı, yaydı. Bir birimizlə mobil rabitədə qala -qala, o durum bitənə qədər işlədik. Sonra da bir birimizi tərifləyib (bunu başqası onsuz da etməyəcəkdi), "sabahın xeyir", deyib, növbəni təhvil verdik əməkdaşlara...

****

Kaş ki bir daha ölkəmizi gün (və ya düşmən) bu cür vurmaya, vura bilməyə. Biz də fövqəladə rejimdə çalışıb, yeni medainın və mobilləşmənin necə bir güc olduğunu sübut etmək zorunda qalmayaq.

Dövlətin müvafiq strukturları və ölkə rəhbərliyi , əminəm ki, yaranmış vəziyyəti təhlil edib, onu düzəldəcək.

Zəif yerimiz çox şükür, az itkilərlə, bilindi.

Onu güclü yerə çevirək.

İşığımız kəsilməsin...

Qaranlığa düşməyək...

Нет комментариев