Свобода людям, независимость нациям!

Eyş-işrət qalmaqalının davamı – hər rusiyalı 30 milyon tələb edə bilər

 

O dəhşətli hadisənin üstündən 3 ay keçib. Ancaq həmin müdhiş olayın milyonlarla insanın incə qəlbində açdığı dərin yaralar bitişmir ki, bitişmir, klassik şairlərimiz demişkən, qövr edir. Söhbətin dönüb-dolaşıb dövr etməsi, yenidən “Mutabor” klubunun üstünə gəlməsi bu üzdəndir.

İndi də bir vətəndaş ötən ilin dekabr ayının bu günlərində rusiyalı estrada ulduzlarının qatıldığı kef məclisinin keçirildiyi kluba qarşı 30 milyon rublluq iddia qaldırıb. Reper Vasio gecədə müğənni Lolitaya “Lola, nə bomba görünürsən”, o da ona “ətin tökülsün, Vasio, elə bir tay corabla gəlmisənmi” deyib, gülüşüblər, o tərəfdə A.N.Alyasov adlı iddiaçı mənəvi zərər çəkib.

Hələ “zərərçəkənlər”in vəkili Yelena Zaretskaya deyib ki, qalmaqallı kef məclisinə görə hüquqlarının pozulduğunu hiss edən hər bir rusiyalı “Mutabor” əleyhinə iddia qaldıra bilər. Bu məntiqlə, məsələn, Çukotkanın Oymyakon kəndinin 65 dərəcəlik şaxtasında maral dərilərinə bürünüb yatan Nikodim də iddia qaldıra bilər ki, Moskvada “çılpaq ulduzlar”ın məclisinə aid videoları görəndə üşüyüb.

Belə bir şey ola bilərmi? Ağlasığmazdır. Fakt odur ki, olur.

Başqa ölkələrdə, xüsusilə də Rusiyada baş verən bu sayaq gicbəsər qayda-qanunların, tətbiqatların bizə isti-soyuğu odur ki, şimal ölkəsinin həyatında yer alan pis-pis şeylər 6 ay, 1 ildən sonra mütləq bizə də gəlir. Hesab edirik ki, rus qardaşlar belə bir hərəkət ediblərsə, demək, caizdir, belə lazımdır, onlar bir şey bilirlər ki, elə edirlər.

Çoxlu misallar çəkmək olar. Parlamentimizdə qəbul etdiyimiz qanunların 90 faizi Rusiya Dumasında qəbul edilən qanunların tərcümə olunmuş variantıdır. İnanmayan tutuşdursun. Feminimzə (o cümlədən LGBT-yə) münasibət orda necədirsə, burda da elədir. Korrupsiya ilə mübarizə xüsusunda da aşağı-yuxarı eyni vəziyyətdir – ruslar da amansızdır, biz də. Nəysə. Bu istiqamətən sağa burulaq.

Kef məclisindən əvvəl “ulduz”ların gəlişi ilə yaxşı reklam olunacağını, babat para qatlayacağını düşünən “Mutabor” rəhbərliyi artıq müflisdir və hər bir rusiyalıya 30 milyon rubl ödəsə, gərək Ceff Bezos qədər pulu olsun, hələ gedib İlon Maskdan da 50 milyard dollar borc alsın. Klubun adı da dəyişdirilib, amma xeyri yoxdur.

Bəs doğrudanmı məşhur sənətçilərin, rus təbliğatçıların sözü ilə desək, orgiyası bu qədər dəhşətli cinayətdir? Əlbəttə, deyil. 100-150 adamdır, yığılıblar bir qapalı yerə, kefləri istəyər, dombalaq aşarlar, xətirləri çəkər, yallı gedərlər, yaxud “eşşəkbeli” oynayarlar, butulka fırladarlar, kimə nə?

Bunun üzərində bu qədər hay-küy qoparılırsa, kampaniya aparılırsa, sənətçilər iblis donunda təqdim edilirsə, burada bir siyasət var. Demək, onları Rusiyanın problemlərinin baiskarı elan edirlər. Görünür, Filip Kirkorov ona görə fevralda qaça-qaça cəbhə bölgəsinə getmişdi ki, həm döyüşən generallara kömək etsin, həm də günahını yusun.

Rusiyada rəqibləri orgiya kampaniyası ilə “vurmaq” ilk dəfə deyil. Xruşovun vaxtında, 1955-ci ildə SSRİ mədəniyyət naziri Aleksandrov başda olmaqla bir neçə akademiki, yazıçını məhz Moskva ətrafındakı bağ evində eyş-işrət məclisləri təşkil etdiklərinə görə cəzalandırıblar. Bu barədə çox yazılıb, təkrar etməyin yeri yoxdur. Amma qısaca xatırladaq ki, nazir və akademiklər də farağat adamlar deyilmişlər, gənc aktrisaları, balerinaları, tələbə qızları bağa yığır, “o sənin, bu mənim” bölgüsü aparır, yeyib-içirmişlər. Xruşov onların məsələsini büro iclasında qaldıranda akademik Yeqolinin üstünə qışqırıb ki, nazir cavandır, onu başa düşürəm, bəs sən bu yaşında hara cumurdun. Akademik qorxa-qorxa deyib ki, “Mən heç nə eləmirdim, eləcə, sığal çəkirdim”. Ondan sonra o iş “Qladiatorlar işi” (“qladit”- “sığal” sözündən götürülərək) adlandırılıb.

Ən maraqlısı o olub ki, bu hadisə faş olandan sonra sovet ictimaiyyəti partiyanın çağırışına aktiv şəkildə qoşulub, bütün kollektivlərdə “farağat olmayan rəhbərlər”in eşq sərgüzəştləri barədə Kremlə donoslar göndəriblər. Siyasi Büro bir də baxıb ki, əgər məşuqə saxlayan, işdən sonra bazlığa gedən rəhbər kadrların hamısını ifşa etsələr, ölkədə işləyən kadr qalmayacaq. Ona görə də deyiblər, kampaniyanı dayadırın, kim harada nə qələt eləyir, eləsin.

“Mutabor” hadisəsindən bəri Rusiyada yüz minlərlə kef məclisi təşkil olunub, Moskva çayı qədər şampan şərabı içilib, amma heç biri hesabda deyil, hamı hələ də o dəhşətli hadisədən danışır.

 

Нет комментариев

Новости автора