Общественно-политическая интернет газета
Həmişə yazırdım ki, yazıq Aleksey Navalnı vaxtının çoxunu evində yox, təcridxanalarda və həbsxanalarda keçirir. Amma etiraf edirəm ki, heç vaxt ağlıma da gəlməzdi, heç vaxt inanmazdım ki, Navalnı ömrünü həbsxana divarları arasında başa vuracaq.
Bunun bir səbəbi də bu idi ki, biz də hamı kimi uzun müddət düşünürdük ki, hətta sərt siyasi rejimlər belə Qərbin diqqətində olan adamlara qarşı kəskin addım ata bilməzlər. Amma uzun illərin təcrübəsi göstərdi ki, belə rejimlər nəinki Qərbin diqqətində olan kəslərə qarşı, hətta onun müxtəlif strukturlarına qarşı da nə desən, edə bilərlər və edirlər də! Elə Qərb özü də bundan böyük mənəvi-psixoloji diskomfort keçirmir, necə deyərlər, heç bir vicdan əzabı çəkmədən öz “kadrlarını” xərcləyir. Bəli, Aleksey Navalnının ölümü ilə bağlı hətta NATO-nun baş katibi Yens Stoltenberq bəyanat verdi. Amma nə olsun? Gecikmiş jest deyildimi bu? Axı rusiyalı Dmitriy Muratov belə Nobel mükafatı alanda demişdi ki, əslində bu mükafat həbsdə olan Aleksey Navalnıya verilməlidir. Amma bunu eşidən oldumu?..
Qərəz, Aleksey Navalnı artıq həyatda yoxdur. O da onlarla rus siyasətçisi, ictimai xadimi və jurnalisti kimi müəmmalı şəkildə həyatdan getdi və böyük hesabla heç nəyə nail ola bilmədi – bəli, o, Rusiyanı dəyişə bilmədi. Amma o da var ki, Rusiya, xüsusən də onun hakimiyyəti Alekseyi dəyişə bilmədi. Bu isə onu deməyə əsas verir ki, A.Navalnının səyləri tamamilə nəticəsiz də qalmadı. O, öz siyasi mübarizəsilə bizə çox şeyi anlatdı.
Birincisi, o, göstərdi ki, əslində bütün şəraitlərdə siyasi mübarizə aparmaq olur və əsl demokrat heç bir halda təslim olub geri çəkilməməlidir. Lap bizim məşhur “Nəsimi” filmində hürufilərin dediyi kimi: bizim ölümümüz də insanların kamilləşməsinə xidmət etməlidir!
Bu məqamın hamı tərəfindən dərk edilməsinə böyük bir ehtiyac var, ona görə ki, “Daha heç nə mümkün deyil” deyib mübarizəsini yarımçıq kəsənlər də az olmur. Bir daha deyirik ki, Aleksey də bu cür adamlara nümunə ola biləcək bir həyat yaşadı.
İkincisi, o, göstərdi ki, hamının gördüyü və yaxud da görməyə alışdığı ruslardan başqaları da var.
Yox, bunlar məşhur “perestroyka”dan sonra göbələk kimi artan “yeni ruslar” deyil – söhbət həqiqi rus demokratlarından gedir. Bilirəm, burada kiçik haşiyə çıxmaq lazım gələcək.
Doğrusu, mən dəqiq bilmirəm, Navalnının Azərbaycana və azərbaycanlılara qarşı, hətta Qafqaza və qafqazlılara qarşı münasibəti necə idi. Birinci dalğa rus demokratları (söhbət yenidənqurma vaxtındakı demokratlardan gedir!) ermənilərə qarşı daha isti münasibətlərilə seçilirdilər. Hətta Andrey Saxarov kimi bir adam Azərbaycan-Ermənistan məsələsində obyektiv mövqe tuta bilmədi və bunun yeganə səbəbi heç də onun qadınının erməni əsilli olması deyildi – yox, biz rus demokratlarının, hətta ziyalılarının çoxu üçün hələ də “basurman” olaraq qalırıq.
Əlbəttə, bunun bir günahı da özümüzdədir – biz onlarla əlaqə qurmağa can atmırıq, özümüz haqqındakı stereotipləri dağıtmağa çalışmırıq. Bu mənada, ola bilsin, Navalnının da qüsurları vardı və hətta mümkündür ki, bizim maraqlarımıza Navalnı kimi demokratlardansa Putin kimi siyasətçilər daha çox cavab verir. Amma indi bunun bir mənası varmı? Əlbəttə ki, yoxdur. Əsası, hətta ən ağrılısı budur ki, insan artıq həyatda yoxdur və onun ölümünün insanları – rusları, heç olmasa, azacıq da olsa, kamilləşdirəcəyinə ümid də yoxdur.
Odur ki, burada yalnız xoş məqamları xatırlatmaq lazımdır. Bəli, Rusiya müharibə aparır. Özü də bu müharibə təkcə Ukraynaya qarşı aparılmır – yox, ənənəvi Rusiya ilə yeni Rusiya arasında da ölüm-dirim savaşı gedir və bu müharibədə çox təəssüf, hələ ki uduzan yeni Rusiyadır...
КомментарииОставить комментарий