Общественно-политическая интернет газета
İki-üç həftə bundan əvvəl nəinki erməni baş naziri, hətta parlamentin spikeri bu ay sülh sazişinin imzalana biləcəyini deyir, hətta tarixlər də göstərirdilər. Amma bu, olmadı və bu il saziş imzalanmadı - ilin sonuna cəmi bir həftə qalıb və çətin ki, bu bir həftədə qeyri-adi bir hadisə baş vermiş olsun.
Əvəzində Ermənistandan təzadlı xəbərlər daxil olmaqda davam edir. Bunlar əsasən Rusiya-Ermənistan münasibətlərinə aiddir - belə ki, biz bu sətirləri yazarkən daha çox diskussiya olunan məsələ erməni baş nazirininin KTMT-nin növbəti iclasına gedib-getməycəyi idi. Amma digər bir məsələ də - Ermənistanda keçmiş Dağlıq Qarabağ klanının fəallaşması da az maraq kəsb etmirdi. Sonuncu ilə bağlı nə demək olar?
Birincisi, “miatsum”, keçmiş Dağlıq Qarabağın “müstəqilliyi” və yaxud da Ermənistana “birləşdirilməsi” kimi sərsəm “ideyalar” bir xəstəlik kimidir və ermənilərin bu xəstəlikdən dərhal sağalacağını düşünmək çox böyük sadəlövhlük olardı - yox, bu, dərhal baş verməyəcək və ən yaxşı halda bunun üçün də zaman lazımdır.
Söhbət yüz idlən çox davam edən aramsız təbliğatdan gedir və təsadüfi deyil ki, bu xəstəliyin təzahürlərini nəinki Levon Ter-Petrosyan kimi siyasətçilərdə, hətta Paşinyanın özünün də davranışında sezmək mümkündür - erməni baş naziri sülh sazişinin imzalanmasını təkcə ona görə yubatmır ki, ona revanşist müxalifət, diaspora və kilsə mane olur, həm də ona görə yubadır ki, “bəlkə də qaytardılar” kimi hisslər ona da yad deyil.
İkincisi, keçmiş Dağlıq Qarabağ siyasi klanı üçün də siyasət həm də biznesdir, onların əlindən bundan başqa bir iş gəlmir - bəli, onlar bu yolla təkcə siyasi gündəmdə və diqqətdə qalmırlar, həm də pul qazanırlar. Ona görə də bir gün eşitsəniz ki, onlar Ermənistanda hətta “mühacir hökumət” yaradıblar, buna qəti təəccüblənməyin. Amma sual yaranır: onların bu cəhdləri doğrudanmı bir nəticə verə bilər?
Düşünmürük. Birincisi, ona görə ki, bu proses həm də Ermənistanın daxili siyasətilə əlaqəli məsələdir. Keçmiş Dağlıq Qarabağ erməni klanı Ermənistanda fəallaşsa, bu, təkcə sülh və normallaşma prosesinə əngəl olmayacaq, həm də Paşinyanın özü üçün problem olacaq - erməni baş nazirin manevr imkanlarını bir az məhdudlaşdıracaq, hətta ola bilsin, “revanşist müxalifəti” gücləndirəcək.
Ona görə də Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ klanının Ermənistanda fəallaşmasına və institutlaşmasına bir halda razı ola bilər: klan Paşinyanın siyasi oyuncağı olmağa razılıq versə və onun dediklərilə oturub-dursa...
İkincisi, qatar gedib və bu klanın daha heç bir şansı qalmayıb. Ola bilsin, bundan sonra bir-iki sadə erməni keçmiş Dağlıq Qarabağa qayıtsın, amma onların “lider”lərinin daha heç vaxt belə bir şansı olmayacaq, çünki onlar hərbi canidirlər və Azərbaycan qanunları ilə təqib olunurlar. Bu “lider”lər Azərbaycana qayıda bilərlər, amma daha keçmiş Dağlıq Qarabağa yox, Bakıda həbsdə olan silahdaşlarının - Rubenin, Araikin və digərlərinin yanına!..
Ona görə də biz də növbəti illə bağlı ümidliyik - praktiki olaraq sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb.
Hərçənd, növbəti il çox böyük bir geosiyasi arealda - müstəvidə seçkilər ili olmağı vəd edir.
Məsələ bundadır ki, bu seçkilərin çoxu hazırda mövcud olan siyasi konfiqurasiyaları dəyişməsə də, bütün halda seçki əlavə vaxt tələb edir və belə dövrlərdə adətən ciddi və böyük siyasi-iqtisadi sazişlər, danışıqlar dondurulur. Elə bu səbəbdən məsələnin bu tərəfi bizi bir az narahat edir. Amma Azərbaycan əsas problemini həll edibdir və əslində sazişin imzalanması üçün daha çox Ermənistan çalışmalıdır, çünki əgər saziş imzalanmayacaqsa, blokada götürülməyəcək, kommunikasiyalar açılmayacaqdır...
КомментарииОставить комментарий