Общественно-политическая интернет газета
Deyəsən, Nikol Paşinyanın ölkə konstitusiyasını dəyişməklə bağlı cəhdləri ciddi xarakter alır, baxmayaraq ki, ortada referendum keçirməklə bağlı hər hansı tarix-filan yoxdur, hələ konkret konstitusiya layihəsi də ərsəyə gəlməyib – aydındır ki, əsl mərəkə konkret layihə ortaya gələndə baş verəcək, o vaxt Kreml də “ayılacaq”, Paşinyanın ölkə daxilindəki opponentləri də...
Maraqlıdır ki, hamı Ermənistanın konstitusiya islahatlarının ilk növbədə ölkənin geosiyasi mahiyyətini dəyişəcəyini zənn edir.
İlk olaraq belə fərz edilir ki, guya yeni konstitusiya İrəvanın qonşularına qarşı ərazi iddialarına son verəcəkdir.
Daha sonra o, Ermənistanın yeni geosiyasi durumunun konturlarını müəyyən edəcək. Belə düşünülür ki, erməni baş naziri bu yolla Moskvanın ölkəsindəki hərbi iştirakına son qoyacaq və Rusiyanın hərbi qüvvələrinin ölkədən çıxarılmasına start veriləcəkdir.
Qeyd edək ki, bu elə də asan məsələ deyil və birdən-birə baş verə bilməz. Üstəlik, bunun dəqiq mexanizmi də hələ qaranlıq qalır. Əlbəttə, Ermənistan özünü neytral ölkə elan edə və ərazisindəki hərbi bazaları çıxara bilər. Amma erməni hakimiyyətinin belə planları varmı?
Hələki yoxdur və N.Paşinyan bircə dəfə olsun deməyibdi ki, o, ölkəsini neytral dövlət kimi görür...
Əvəzində Nikol Paşinyan Qərbin hərbi-siyasi “müşahidəçi”lərini Ermənistana çəkib gətirir və üstəlik, gizlətmir ki, Rusiyanın qoltuğundan çıxmaq üçün Qərbdən ona təzyiq edirlər.
Bütün bunları başa düşmək olar, amma ortada sual yaranır; ermənilər bunu bacaracaqmı? Axı Ermənistan Ukrayna deyil və İrəvanı götürmək Rusiya üçün uzağı bircə günlük işdir...
Bu yaxınlarda NATO Baş katibi Yens Stoltenberq regional diplomatik turne çərçivəsində Ermənistana da səfər etmişdi. Orada “müdafiə təminatları” haqqında da söhbət oldu. Amma hələ də aydın deyil ki, axı söhbət hansı təminatlardan gedir? Niyə biz onları Ukrayna müstəvisində görmürük?..
Aprelin əvvəllərində Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşü keçiriləcək. Yəqin orada da müəyyən vədlər olacaq. Amma bu vədlərin çərçivəsi Ukrayna müharibəsində də göründü: düzdür, Qərb Ukraynaya hərbi yardımlar edir, amma bu, çox azdır – Kiyev Moskvanın hərbi həmlələri qarşısında çox çətinliklə duruş gətirir. Ermənistan isə heç bir həftə də duruş gətirə bilməz Rusiya hərb maşınının qarşısında...
Odur ki, özünü neytral ölkə elan etmək və addımbaaddım Rusiyadan uzaqlaşmaq – İrəvan ən yaxşı halda bunu edə bilər. Əlbəttə, bir vaxt qonşu Gürcüstanın da Rusiyadan uzaqlaşa bilməsinə heç kim inanmır və düşünürdülər ki, gürcülərin bütün bu səyləri faydasız olacaqdır. Amma olmadı! Fəqət, burada bir məsələ var: Gürcüstanın region dövlətlərindən yalnız Rusiya ilə problemləri vardı. Müstəqillik yolunda Azərbaycan və Türkiyə Gürcüstana nə qədər yardımçı oldu?!.
Amma Ermənistanın digər region dövlətlərilə çox ciddi problemləri var və yeni konstitusiyanın bu problemləri aradan qaldıracağına ümid edilir. Gəl, erməni kilsəsi və keşişləri buna ciddi etiraz edirlər.
Elə cənab Nikol Paşinyan da gah nala vurur, gah da ki, mıxa. Konkret bir söz demir. Hazırda Azərbaycanla dörd kəndin qaytarılması ilə bağlı müəyyən danışıqlar aparılır. N.Paşinyan gündə bir bəyanatla çıxış edir – gah deyir ki, kəndləri qaytarırıq, gah da bildirir ki, heç bir kənd - filan yoxdur!..
Bizə elə gəlir ki, bu ziddiyyətli bəyanatlar və yanaşmalar hələ bir müddət davam edəcək. Bir az əvvəldə qeyd etdik ki, aprelin əvvəlində Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşü keçiriləcək. İndi haylar qulaqlarını şəkləyiblər ki, görən, Brüssel və Vaşinqton daha hansı vədləri verəcək onlara? Qərbin vəd kisəsi isə bitməz-tükənməzdir. Nikol artıq bəyan edibdi ki, İrəvan tezliklə Avropa İttifaqına üzvlüklə bağlı namizəd – dövlət statusu alacaq. Nə demək olar? Bəzən elə olur ki, sırf geosiyasi mülahizələr praqmatik iqtisadi və siyasi mülahizələrdən də önə keçə bilir...
КомментарииОставить комментарий