Общественно-политическая интернет газета
Ermənistanın, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki separatçıların bu günlərdə növbəti təxribatlar törədəcəyini gözləyirdik. Bununla bağlı yazılarımızda bildirmişdik. Təsadüfi deyildi. Özəl məlumat da deyildi. Sadəcə, hər dəfə sülh danışıqları intensivləşəndə, buna ümidlər artanda, pozitiv rəylər eşidilən bütün zamanlarda ermənilər böyük təxribatlar törədiblər və bununla da prosesi tormozlayıblar. Təxminlərimizdə yanılmadıq, artıq 1 həftəyə yaxındır ki, ermənilər ardıcıl təxribatlara başlayıb.
İyunun 12-dən bu yana isə hər gün müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərini atəşə tuturlar, hücumlar edirlər: Bu günlər ərzində Kəlbəcər, Gədəbəy, Laçın, Şuşa, Füzuli, Zəngilan, Naxçıvan istiqamətində atəşkəsi dəfələrlə pozublar.
İyunun 15-də isə daha böyük bir alçaqlıq etdilər: Laçın sərhəd-keçid məntəqəsi istiqamətində əsgərlərimiz bayrağımızı qaldırarkən sərhədçilərimizə atəş açdılar. Nəticədə gizirimiz Elşən Rüstəmov güllə yarası alıb...
Silahlı qüvvələrimiz Ermənistana bütün təxribatlar zamanı layiqli cavab verib, atəş nöqtələri susdurulub. Laçındakı postumuza atəş açan düşmən mövqeləri darmadağın edilib.
Müdafiə naziri Zakir Həsənov da 16 iyunda orduya tapşırıq verdi ki, bütün atəş nöqtələri dərhal və sərt şəkildə susdurulsun...
Əlbəttə, ermənilər nə zaman başını qaldırsalar, dəmir yumruq növbəti dəfə boş qafalarına dəyəcək. Başqa variant təbii ki, yoxdur.
“Boş qafaları” ifadəsini təsadüfən işlətmədik. Ağılları olsa, sülh prosesini pozmaq üçün belə anormallıqlar etməzdilər. Şübhə yoxdur ki, erməniləri, separatçıları yenə də fitvalayan kənar güclər növbəti dəfə hərəkətə keçiblər.
Son aylarda Brüsseldə, Vaşinqtonda, Moskvada, Kişinyovda keçirilən görüşlərdən sonra irəliyə doğru addımlar atıldığı bildirilmişdi. Habelə, kommunikasiyaların açılması istiqamətində razılaşmalar olduğu açıqlanmışdı. Xüsusilə Qərb təmsilçiləri sülh müqaviləsinə böyük ümid bəslədiklərini və bunun üçün yaxşı fürsət yarandığını bəyan edirdilər.
Açıq danışmaq mütləqdir: Təbii ki, sülhün baş tutmasını, Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr var. Sirr deyil, Rusiya bölgədə nüfuzunu, sülhməramlı kontingentini saxlamaq üçün tezliklə sülhün əldə olunmasında maraqlı deyil. Bunu aşağı-yuxarı hamımız bilirik. Hətta Rusiya ona da qısqanclıqla yanaşır ki, sülh danışıqları niyə Qərbdə, Avropada aparılır. Kreml sülhün yalnız onun vasitəsilə reallaşması iddiasındadır.
Əslində, sülhün harada baş tutmasının elə bir önəmi yoxdur. Məsələ ondadır ki, Rusiya sadəcə sülhün baş tutmasında maraqlı deyil, buna imkan vermir. Yoxsa çoxdan və elə Moskvada bir müqavilə imzalanardı. Əksinə, bu prosesi uzadırlar. Şübhə yoxdur ki, sülhlə bağlı danışıqların indiki kövrək mərhələsində, Vaşinqton görüşünə hazırlıq getdiyi bir vaxtda sərhəddə və Qarabağda gərginliyin növbəti dəfə artırılmasında Rusiya dairələrinin əməyi və rolu var...
Digər bir məsələ, şübhə isə məhz Zəngəzur dəhlizi ilə bağlı müqavimət göstərən İranla bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq bəyan Azərbaycanda bir neçə gün öncə səfərdə olarkən bəyan etdi ki, Zəngəzur dəhlizi İranla bağlı olan problemdir. İranın postmüharibə dövründə Azərbaycana qarşı qərəzinin, təxribatlarının, terror və təhdidlərinin əsas səbəbi də məhz budur. İran Zəngəzur dəhlizinə qarşıdır. Buna görə də bu dəhlizlə bağlı anlaşma əldə olunmaması üçün Ermənistana əlindən gələn dəstəyi verir, əslində isə onlara da ən böyük pisliyini edir.
Dəhlizin açılmasını özünə qarşı təhlükə hesab etməsi molla rejiminin xəbisliyindən başqa bir şey deyil. Həm də İran narkotranzit xəttini tamamən itirdiyi üçün belə kəmfürsətlik edir...
Bu reallıqları hər kəs fərq edir, bilir, təhlilini aparır. Bu səbəbdən çox danışmağa, yazmağa, detallara varmağa ehtiyac da yoxdur. Ortada olan həqiqət bundan ibarətdir ki, Ermənistan sülh danışıqlarının nəticə verə biləcəyi ərəfədə təxribatları heç də təkbaşına törətmir. Ermənistanın atəş açan snayperlərinin, avtomatlarının tətiyində həm də rus və molla barmağı var...
Ermənilər tarixən kənar güclərin diqtəsilə hərəkət edib. “Ermənizm xəstəliyindən” əziyyətçəkən bu toplum vasitəsilə Cənubi Qafqazda sabitliyin əldə olunmasına qarşı olan hər bir qüvvə tarixən öz istəyinə nail ola bilib. İndi də ermənilər öz ampluasındadır.
Ancaq indi ortada fərqli reallıqlar da var: 19, 20-ci əsrlərdən fərqli olaraq 21-ci əsrdə Azərbaycan artıq dünyada sözü, çəkisi olan və bölgədə şərtləri qardaş Türkiyə ilə birlikdə diqtə edən qalib dövlətdir.
Ermənilər və onların fitva verənləri elə sanmasın ki, 30 il təxribatlarla, pozuculuqla Azərbaycan torpaqlarını işğalda saxladıqları kimi, bir 20-30 il də sülh prosesini uzada biləcəklər. Xeyr, Azərbaycan bəyan edib: Biz Ermənistanın nazı ilə oynamayacağıq. Sülh istəmirlər, cəhənnəmə istəsinlər! Anti-terror əməliyyatları ilə Qarabağdakı separatçıları tamamən yox etmək üçün Azərbaycanın güc strukturlarına uzağı 1 həftə vaxt lazımdır.
Ondan sonra qapılar tamamən bağlanacaq! Vətəndaş olmaq istəməyən Qarabağ ermənilərinə “cəhənnəmə qədər yolunuz var” deyiləcək. Kim ki, dinc vətəndaş olaraq yaşamağı seçəcək, qala bilər.
Azərbaycan hələlik bunu son variant kimi saxlayır, istəyir ki, məsələlər dinc şəkildə həll olsun, Ermənistanla da normal qonşuya çevrilək. Ancaq onlar sülh istəmirlərsə, sülh olmayacaq, yalvarası deyilik. Biz sülhsüz də inkişaf edəcəyik, xoşbəxt olacağıq, sərhədlərimizi də möhkəmlədib yaşayacağıq. Ondan sonra Ermənistanın daha qara günləri başlayacaq. Bu zaman Azərbaycana kimsə nəsə irad bildirərsə, buna siyasi və diplomatik olaraq çox ağır cavab veriləcək. Əgər hansısa güclərin Ermənistana, ermənilərə belə canı yanırsa, onları indidən başa salsın, anlatsın. Sonra gec olacaq, lap gec...
Ermənilər sadəcə onu anlamalıdır ki, bu gün Rusiya və İran dairələrinin korporativ maraqlardan doğan fitvalarına uyub, sülhü pozmaqla Ermənistanın gələcəyini pozurlar. Çox keçmədən bölgədə Rusiya da, İran da tam təsirsiz olacaq. Rusiya uzağı bərabər oyunçulardan biri ola biləcək. Zaman artıq yeni və fərqli şərtlər diqtə edir...
Elşad MƏMMƏDLİ
КомментарииОставить комментарий