Свобода людям, независимость нациям!

“Dörd kənd” məsələsi və ya ermənilər “kart”ları niyə qarışdırdılar?..

 

Əslində, əvvəldən güman edilirdi ki, son Brüssel görüşündən sonra ermənilər yenidən qeyri-konstruktiv çıxışlar edəcəklər. Ona görə ki, bu, onların xislətidir – bunlara azacıq vəd veriləndə, maliyyə ayrılanda sanki ağılları başlarından çıxır, başlayırlar xam xəyallara düşməyə.

İndi də belə oldu. Gah dedilər ki, Azərbaycan bizim tələblərimizi yerinə yetirməli, məsələn, “güzgü prinsipi” əsasında qoşunlarını sərhəddən geri çəkməlidirlər. Daha sonra bəyan etdilər ki, dörd kəndin qaytarılması üçün xüsusi referendum keçirilməlidir! Üstəlik, bu ölkədə “kartlar” elə qarışıb ki, nəyi müxalifətin tələb etdiyini, nəyi Paşinyan hakimiyyətinin etdiyini heç də həmişə müəyyən etmək olmur...

Amma son parlament debatlarından belə məlum oldu ki, Paşinyan və komandası mümkün qədər siyasi ardıcıllığı gözləməyə çalışır, özlərinin əvvəlki bəyanatlarını tamam unutmurlar. Qeyd edək ki, Nikol Paşinyan ikinci erməni lideridir ki, reallıq hissini saxlamağa çalışır. Birinci dəfə bunu Levon Ter-Petrosyan etməyə çalışdı. Amma o, duruş gətirmədi və hakimiyyətdə qalmadı. Paşinyan isə hələki hakimiyyətdə qala bilibdi.

Amma ona da realist olmaq elə də asan başa gəlmir. Son vaxtlar az qala, hər ay deyilir ki, bəs Paşinyan devriləcək.

Elə bu günlərdə erməni baş naziri özü bildirdi ki, keçmiş Dağlıq Qarabağ siyasi klanı Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışıb. İndi də müxalifət, xüsusən də Rusiyanın “beşinci kolonu” gah referendum tələb edir, gah da hakimiyyəti ələ keçirəcəyini bildirir. Məhz bu səbəblərdən də nə sülh sazişi imzalanır, nə də dörd kənd Azərbaycana qaytarılır. Üstəlik, Qərb siyasi resurslarının Ermənistana sürəkli miqrasiyası müşahidə olunsa da, Paşinyanın anti-Rusiya bəyanatları da ardıcıl xarakter daşımır. Məsələn, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, onlar MDB-nin bu günlərdə baş tutacaq tədbirində iştirak etməyəcəklər. Amma dünən məlum oldu ki, heç də belə deyil, xarici işlər nazirinin müavini Rusiyaya yola düşübdür.

İndi də mayın 7-də Rusiya prezidentinin inauqurasiya mərasimində iştirak məsələsi müzakirə olunur.

Nikol Paşinyan hələki tədbirdə iştirakla bağlı nə “hə” deyir, nə də ki, “yox”. Amma güman ki, son anda erməni lideri bu tədbirə qatılacaq, ona görə ki, Rusiyaya qarşı birdən-birə tam demarş etmək olmaz.

O ki qaldı ermənilərin Azərbaycanla münasibətlərinə, biz dəfələrlə demişik və yazmışıq ki, ən azı ABŞ-da seçkilər başa çatanadək heç nə baş verməyəcək. Dünyanın indiki mənzərəsinə yalnız ABŞ-dakı seçkilər aydınlıq gətirə bilər – seçkilərin nəticələrinə görə ya indiki qarşıdurma davam edəcək, ya da əksinə, vəziyyət yumşalacaq...

Odur ki, bir az gözləmək lazım gələcək. Hazırda dünyada bir məchulluq var, əsas qarşıdurma vektorunun hara yönələcəyini heç kim təxmin edə bilmir. Burada bir detalı qeyd edək ki, Rusiya-Qərb qarşıdurmasını Qərb – Şərq qarşıdurmasına çevirmək istəyənlər, üstəlik, Azərbaycanı və qardaş Türkiyəni də Şərq düşərgəsinə yerləşdirmək arzusunda olanlar da var.

Əlbəttə, bu, heç də yaxşı perspektiv deyildir. Ona görə də biz konstruktiv neytrallıq nümayiş etdirməliyik, Rusiya ilə bir geosiyasi müstəvidə olmağımız haqqında təsəvvür yaratmamalıyıq. Biz sadəlövh görünmək istəmirik. Amma Qərblə bağlı ümidlərimiz tamam sönməyib.

Əvvəla, ona görə ki, Qərb diplomatları hərdən Cənubi Qafqaz üçün sülh ismarışları da edirlər. Bu xüsusda ən çox nəzərə çarpan ABŞ diplomatlarıdır. Amma arabir Avropadan da konstruktiv xəbərlər gəlir. Məsələn, bu günlərdə Aİ təmsilçisi Toyvo Klaar bəyan etdi ki, Bakı ilə İrəvan arasında sülh yaranması elə də çox vaxt aparmayacaq. Olsun. Biz Aİ təmsilçilərinə, hətta erməni lideri Nikol Paşinyana inanmaq istərdik. Amma onlar bunun fərqindədirlərmi?..

Нет комментариев

Новости автора