Общественно-политическая интернет газета
Böyük oğlum hərbi xidmətdəydi. Fürsət edib, ilk dəfə, ailəlikcə görüşünə gedirdik. Səhər o başdan – vaxtlı çıxmışdıq ki, (necə deyərlər) “N” saylı hərbi hissəyə günün birinci yarısında çata bilək. Tarix: 27 sentyabr 2020, altıncı gün! Avtomobilimiz elə yenicə magistral yola çıxmışdı, oğlum bir gizirin telefonu üzərindən bizimlə bağlantı qurdu və ühulət-sühulətlə anlatdı ki, görüşə getməyək, bəs bu gün görüş olmaya bilər-filan. Aman, Tanrım! Biz bir də haçan belə dəm-dəzaghla yola çıxa biləcəkdik?.. Zatən pandemiya məhduluğu dönəmindəydik... Biz görüşlərin təxirəsalınma səbəbinin nə ola biləcəyini düşünüb-daşınmağa başladıq. Bununla belə, oğlumun sözünə məhəl qoymayıb da, ustuf-ustuf irəliləyirdik ki, elə bu dəm, radio dalğalarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı oxunmağa başladı: “Qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb!
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib!
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin önxətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, döyüş texnikasını aşkar edərək, sıradan çıxarırlar.
Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”!
Aha! Sular duruldu! Demək, o an gəlmişdi! Ali Baş Komandan öz siyasi iradəsini nümayiş etdirərək, möhtəşəm tarixi qərar qəbul etmişdi! Əlbəttə, çox çox məsuliyyətli, cəsarətli və bununla belə, heç şübhəsiz, yüz ölçülüb-bir biçilmiş qərar verilmişdi! O ilin iyulunda Tovuz döyüşləri olmuşdu, ondan öncə haylar Qarabağda yeni hoqqalar vermiş, necə deyərlər, lap ağını çıxarmışdı: qondarma rejimin qondarma “parlament”inə “seçkilər”ə bax, “parlament”i Şuşaya köçürməklərinə bax, həyasız acıqvermələrə bax, daha nələrə, kimlərə bax – deyərəkən, ictimai fəal qüvvələrdən “Şuşanı vur!” xəlqi tələbləri yüksəlməyə başlamışdı... Bax, elə burada bir azca dayanaq! Bəli, işğalçılar artıq bardağı daşıran son damlanı tökməkdə, məsələlərin danışıqlar yolunu faktiki olaraq qapamaqdaydı və iraq olsun, üç onillikdən sonra növbəti illər də zülmət içində gəlib-keçə bilərdi. Düşmənin və havadarlarının istədiyi də bu deyildimi, zatən? Düşünürdülər, nə qədər çox vaxt keçsə, anlaşmaya gəlməkçün anlaşmazlıqlar nə qədər çox uzansa, bir o qədər yaxşıdır – unudular, gedər, bitər yəni... Belə olunca, əlimiz yetməyən Şuşada hayların daha da möhkəmlənmə cəhdlərinə qarşı “Şuşanı vur!” tələbi başa düşülən idi. Ancaq Dövlət baba daha təmkinlidir, təbii; təbii, Dövlət babada olan bilgilər sadə insanlarda olmaya bilər – ali dövlət çıxarları adına hər bilgini paylaşmaq yaxud vaxtından tez paylaşmaq olmaz da olmaz! “Şuşanı vur!” xəlqi məzmun daşıyırdısa, dövləti məzmun “Şuşa, bizi gözlə”, “Şuşayadək döz!” şəklindəydi yəqin. Şuşa yüngül silahlarla, necə deyərlər, dağa əliyalın dırmaşan oğullar sayəsində qurtulunca, göy üzündə Günəş doğdu! Ali Baş Komandan “Şuşanı qoru!” buyurubmuş məgər! Məgər Azərbaycan xüsusi təyinatlıları mümkünsüzü mümkün etmək tapşırığı almış və onu ləyaətlə yerinə yetirmişdir!
Bu barədə Zəfərdən sonralar danışan Müzəffər Ali Baş Komandan İlham Əliyev o vaxtkı bəzi duyğu-düşüncələri, plan-proqramları açıqladı, aydınlığa qovuşdurdu. Bəli, hər sözün öz vaxtı, hər vaxtın öz sözü vardır. Dövlət hisslə-həyəcanla idarə olunmur! “Dövlət ağlı” qavramı heçdən yaranmayıb, heçə də getmir! – “Bir məsələni də mən deməliyəm, təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı, bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”! – Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm açıqlamanı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərərkən dedi. Mən bu altun cümlələri Dövlətçilik şüuru, Dövlət ağlı, Dövlət təmkini qavramlarının ən parlaq açıqlaması kimi görürəm. Bəli, əgər qüsur sayılmazsa, sovet tarixşünaslığından bizlərə bəlli olan deyimi bir qədər dəyişdirərək, bura yazmaq istərdim: “26 sentyabr teziydi, 28 sentyabr gec olardı – biz məhz 27 sentyabrda əks-hücuma keçməliydik”! O ərəfədə və əks-hücumdan sonra yaşananları yada salınca gün kimi aydın olur ki, nə tələsmək nə də gecikmək olmazdı, olmazdı!
Siyasi iradə, Dövlət_Xalq birliyi olunca, öz liderinə inam bəslənincə, nə xarüqələr yaratmaq olursa, biz onu qədim və ya orta yüzilliklər tarixindən, gələcəyin vicdanından soruşmuruq – tarixin o altun səhifəsini biz yaratdıq, biz! – Azərbaycan xalqı! Azərbaycan ordusu! Azərbaycan dövləti! Azərbaycanın Müzəffər Ali Baş Komandanı! Bəli, Şəhidlər ölmədi, Vətən bölünmədi! Yenə şanlı ordunun Ali Baş Komandanının sözlərinə üz tutmaq istəyirəm: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”!
Bəs müharibə olmaya bilərdimi?
Sual ritorikdir – cavabı özündədir. Çün, söhbət elə bir işğalçıdan gedir ki, onlar arxalandıqları böyük güclərin (belə demək olarsa) çarpaz qucağında elə qudurmuşdu, heç bir yazılı-yazısız qayda-qanun, haqq-hüquq, kişilik-mərdlik tanımır, tanımaq istəmirdi. XX yüzilin sonu – XXI yüzilin əvvəlində bizim qarşımıza çıxarılmış “Qordi düyünü” ancaq mübarək Azərbaycan qılıncıyla kəsilib, çözülə bilərdi! Elə də oldu!
Rəhmətlik şair Şaqi Vəli demiş:
“Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!
Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.
Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər”!
Dərvişanə, sufiyanə, irfan qatlı bu şeirin energetikası, yaratdığı ümumi ovqat aydındır, sanıram. Mən bu şeiri hər dəfə fərdilikdən xəlqiliyə, ölkə taleyinə indeksləməkdən çəkinmirəm və burada həm öz əvəzsiz itkilərimizə ağı görürəm, həm Dəmir Yumruqla başı əzilmiş yağı düşmənin halının ifadəsini görürəm. Bəli, olacaqlar oldu – kainatın ruhu var, ərşin-gürşün nizamı var! Haylar kiminsə forpostu olmaq, gələcəkdə kiminsə qucağına yuvarlanmaq eşqi ilə əbədi “qalib” ola bilməzdi – illa mümkün deyildi! Ustad Məmməd Araz deyirdi, “Əbədiyə qəh-qəh çəkir əbədi dünya”! Əbədi yalnız haqdır, həqiqətdir, ədalətdir! Şair İbrahim İlyaslı isə eynən belə yazır: “Haqq deyilən heç nə yoxdu, amma dəyər axtarmağa”... Bu ümidsizlik də elə o haqqın incəlib üzül ha üzüldəymiş görükdüyü vaxtların dedirtdikləriydi. Yoxsa, mənim tanıdığım, bildiyim şair haqqa tapınan, haqqa tapan, haqqı tapan şairdir. Mən onun sanki ümidsizmiş kimi təsbitini də, “Əgər qiyamətin qopacağını bilsəniz və əlinizdə bir fidan olsa, onu qiyamət qopmadan əkməyi bacararsınızsa, əkin”! hədisi-şərifinə bənzədərdim bir növ. Hacı Bektaş Vəli öyüdüdür: “Ara, bul”! Haqqı arayan haqqı bulur, əfəndim!
Bəlkə, siyasi məzmunlu yazıda şairlərə çox istinad etmək o qədər də yerində sayılmaz; bununla belə, 27 Sentyabrın bizim üçün yalnız siyasi, hərbi, tarixi məzmunda qalmayıb, bütün (təkrar edirəm, bütün!) əməli fəaliyyət sahələrini, ağla gələn bütün pozitiv kateqoriyaları əhatə etdiyinə inanırıqsa, onda şairin də, onun şeirinin də, duyğu-düşüncənin də yeri vardır, əfəndim, vardır...
Beləliklə, müharibəni biz istəmədik, biz işğala uğramş hər hansı xalq, ölkə, dövlət nə etməliydisə, onu etdik! Beynəlxalq hüquq nə diqtə edirsə, onu etdik biz.
Sonra isə yenə də olanlar oldu! – Yenə sentyabrlar gəldi, yenə ədalət tərəzisini əyməyə çalışanların qafasına Dəmir Yumruq endi! 44 günlük müharibə ilə məsələni əsaslı şəkildə həll etmiş Azərbaycan, bu dəfə nəinki 44 saat, heç 24 saat belə çəkməyən antiterror tədbirləti ilə 200 illik ağırlaşmış çibanı qazıdı, kökünü qurutdu!
Budur, 27 Sentyabr – Anım Günü – şərəf günü, qürur günüdür! Belə günlər günə sığmır, ömrə sığmır, tarixə sığmır! Bu günü bizə bəxş edənlərə əbədi ehtiram!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
КомментарииОставить комментарий