Свобода людям, независимость нациям!

Dilemma: gənc nəsil yaşlı nəslin başını necə yesin?

 

Qarşıdan gələn seçkilərdə 70+ və -80 deputatlara yenidən mandat verilməyəcəyi barədə söhbətlər, yazılar çox maraqlıdır - həm maraqlı, həm də aktualdır.

Ona görə maraqlıdır ki, bu işdə marağı olan gənclər var. Eyni zamanda bu il seçki olacağı barədə anonslar məsələni aktual edir. Hətta bu il seçki olmasa da, vəzifə və mandat məsələsi il on iki ay, 7\24 aktualdır. O Finlandiyadır, iki metrlik kişilər adama iki litr araq, pivə götürüb gedirlər fin hamamına (saunaya), yeyib-içib şellənirlər və siyasətlə işləri olmur, idarəçiliyi qadınlara buraxırlar.

Xüləs, burada kəskin tormozlama və sərt dönüş edərək qayıdaq öz ölkəmizə. Söhbət yaşlı deputatlardan və gənc iddiaçılardan gedirdi.

İndi baxıram ki, təbii olaraq yaşlı deputatlar bu söhbətdən xoşnud deyillər və deyirlər ki, dünya təcrübəsində belə qayda, qanun, adət, ənənə yoxdur, istənilən yaşda adam deputat seçilə bilər.

Bunu düz deyirlər. Amerikanın özündə elə ahıl deputat var ki, onun tay-tuşları hələ ötən əsrdə öz yaxınlarına və seçicilərinə dünyanın fani olduğunu şəxsən isbat ediblər. Hətta nəinki deputat, prezident seçilmək üstündə dalaşan 80 yaşlı kişilər var, adlarını çəksəm, tanıyarsınız. Amma çəkmirəm, çünki istərdim ki, onların yerinə cavab adam seçilsin, heç olmasa, 75 yaşlı biri.

Bizdə isə 70+ yaşlı yoldaşların xətrinə dəyirlər. Halbuki onların təcrübələrindən bəhrələnmək lazımdır. Məsələn, bir neçə deputat var, indi-indi sakitləşiblər, iclasda-filanda oturmağa hövsələlərii çatır, 40-45 yaşları olanda onları nəinki Bakıda, heç ölkədə tutmaq olmurdu, bəlkə arada Finladiyaya-zada da gedirdilər.

Yadıma düşür ki, biz özümüz də cavan olanda düşünürdük və tez-tez deyiridik ki, qocalar siyasətdən getməlidir, meydana cavan adamlar çıxmalıdır. Hətta 30 yaşlı iddialı gənclərin 40 yaşlılara dirəşdiyini, “gedin, cavanlar gəlsin” deyə müraciətlər etdiyini xatırlayıram. Halbuki 40 yaşda siyasətə gəlmək siyasətin 1-ci sinfinə getmək kimi bir şeydir.

Ancaq o vaxt atası yaşda olan siyasətçilərlə, nazir və deputatlarla dör-dör döyüşən gənclərə (35-40 yaşlı adamlara) deyirdilər ki, siz hələ çox gəncsiniz, inşallah, yaşlaşanda, təcrübə toplayanda hakimiyyətə, yüksək vəzifələrə gələrsiniz.

Ay dolandı, il ötdü, aradan bir qərinə vaxt keçdi, o gənclər yaşlaşdılar, saç-saqqalları ağardı. Bir də gördülər ki, artıq yüksək vəzifələrə onların oğlu yaşda gəncləri təyin edirlər. Məlum olur ki, gəncləşmə siyasəti gedir. Bayy! Arada hazırkı 55-60 yaşlı adamların gəncliyi boşa getdi ki...

Bir siyasətdə deyil, mədəniyyət və incəsənətdə, ədəbiyyatda da belədir. Bir xeyli gənc yazıçı var, 20 ildir gözləyirlər ki, yazıçı Anar gedəcək, zülm bitəcək. Doğrusu, işin içində olmadığım üçün Anarın onlara nə kimi zülm etdiyini bilmirəm, amma şübhələnirəm ki, AYB sədri onları yaxşı əsərlər yazmağa qoymur, necəsə təsir edir, onları ruhdan salır.

Yaxşı, bəs o getsə, nə olacaq? AYB sədri postunu bu iddialı gənclərə verəcəklərmi? Yox. O zaman o vəzifəyə Çingiz Abdullayev və ya Rəşad Məcid gələcək. Birinci bu yaxınlarda kəfəni cırıb çıxıb, ikinci də, namxuda, son illərdə çiyninə dövlət quşu qonmuş kimidir, bəlkə də üzümüzə gələn seçkilərdə deputat da seçiləcək.

Yəni bu “yaşlı nəsil-gənc nəsil qovğası” əbədidir, sarsılmazdır, geridönməzdir, həmişə olub və hər zaman olacaq. Vaxtlar olub, gənc nəslin fürsətcil nümayəndələri yaşlı nəsli sıradan çıxarmaq üçün zamanın gərdişindən, dövranın dəyişməsindən səmərəli istifadə ediblər, donosla yaşlıları güllələdiblər. Məsələn, ötən əsrin 30-cu illərində 30 yaşlı gənc siyasi kadrların və ədiblərin köməyi ilə N qədər “köhnə qvardiya”ya məxsus adam ya edam olunub, ya da gedər-gəlməzə yola salınıb.

Amma neynəyəsən, indi o cür radikal qərarlar verilmir, ona görə də kardinal dəyişikliklər olmur. Hər şey tədricən olur. Bu da iddialı gənclərə sərf etmir. Öz yaşları 70 olandan sonra ta vəzifəni, mandatı neynirlər. Bu, 80 yaşlı birinin Rio-de-Janeyroya və ya Taylanda iki həftəlik səfər qazanması kimi bir şeydir.

“Yaşlı nəsil-gənc nəsil” qovğasında konkretlik və effektivlik təkcə kriminal aləmdədir. O mühitdə çox söz güləşdirmirlər, dərhal məsələni həll edirlər. Bir iş var ki, orada heç kim çox yaşlanmır, təqaüdə çıxmaq, 70+-a çatmaq söhbəti yoxdur.

Нет комментариев

Новости автора