Общественно-политическая интернет газета
Əzəl başdan deyim ki, tarzən-jurnalist ixtilafında haqlı tərəf həmkarımızdır. Ona görə ki, heç kəsin tanımadığı tarzəni o da tanımaya bilərdi. Adam Sadıqcan deyil, Qurban Pirimov deyil, Əhsən Dadaşov, Abdulla Qurbani, Bəhram Nəsibov, Rəmiş, Ramiz Quliyev, Möhlət Müslümov deyil, kim onu necə, haradan tanısın?
Adətən, virtuoz tarzənlər, solo çıxışlar edənlər tanınır – o da illərlə təntənəli və sürəkli şəkildə (“Çalır Filankəs” kimi) təqdim edildikdən sonra. Buradan-bura heç Alim Qasımovu müşayiət edən tarzəni və kamançaçalanı tanımırıq. Üzdən tanıyırıq, amma adlarını bilmirik.
Bu heç. Amma o söz-söhbətdə bir məqam heç xoşuma gəlmədi. Bəzi həmkarlar peşə həmrəyliyi səngərindən çıxış edərək yazırdılar ki, jurnalist başqa kimisə tanımağa borclu deyil. Yoo. Necə borclu deyil? Bax, burada məsələnin məğzi dəyişir.
Jurnalistlik elə bir peşədir ki, o, tanınmalı olan hər kəsi tanımalıdır. Ciddi sözümdür. Jurnalistika universal və ensiklopedik biliklər tələb edir. Ən yaxşı jurnalistlər hər kəsi tanıyan, çox şeyi bilən, çox oxuyan və çox gəzən jurnalistlərdir. Kim istəmirsə, heç kəsi tanımasın, çox şeyi bilməsin, o, yaxşı jurnalist, populyar imza sahibi olmayacaq.
Bir ara redaksiyamıza tələbələr təcrübə keçməyə gəlirdi. İşləmək üçün müraciət edən gənclər də vardı. Həmişə onlardan son 30 ilin ən parlaq imzalı jurnalistlərindən kimləri oxuduqlarını soruşurdum. Məlum olurdu ki, çoxu heç kəsi tanımır. Demək, bunlar heç vaxt qəzet, sayt oxumayıblar. Amma jurnalist olmaq istəyirlər.
Təsəvvür edin ki, bir yeniyetmə “ulduz” futbolçu olmaq istəyir, amma Peleni, Maradonanı, Eysebionu, Zikonu, Platinini, Hacını, Yaşini, Kipianini, Banişevskini, Maşallah Əhmədovu (bunu siyahıya özüm saldım – qoy bizdən də biri olsun), Messini, Ronaldoları tanımır. O, yaxşı futbolçu ola bilərmi? Əsla ola bilməz.
Yaxud bəstəkar olmaq istəyən birini götürək, Motsartı, Bethoveni, Vivaldini, Ştrausu, Şopeni, Raxmaninovu, Şostakoviçi, Üzeyir Hacıbəylini, Fikrət Əmirovu, Tofiq Quliyevi, Oqtay Kazımini, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu tanımır, əsərlərini də dinləməyib. O necə bəstəkar ola bilər? Mümkün deyil.
Biri gözəl aktyor olmaq istəyirsə, Marçello Mastroyannini, Lui de Fünesi, Jan Pol Belmondonu, Alen Delonu, Mikel Plaçidonu, Silvestr Stalloneni, Sofi Loreni, Vyaçeslav Tixonovu, Tarik Akanı, Türkan Şorayı, Həsən Məmmədovu, Həsən Turabovu, Rasim Balayevi, Yusif Vəliyevi, Fazil Salayevi tanımalıdır. Tanımırsa, ondan aktyor və aktrisa çıxmayacaq.
Leonardo da Vinçini, Mikelancelonu, Van Qoqu, Qogeni, Qoyanı, Pikassonu, Repini, Səttar Bəhlulzadəni, Maral Rəhmanzadəni (“Qara kvadrat”ın müəllifi Maleviçi özüm siyahıya salmadım, onun çəkdiyini adi malyar da çəkə bilərdi) tanımırsa, əlinə fırça alıb molbertə yaxın getməməlidir.
Klassikləri inkar etdiklərinə və yerdən-yerə vurduqlarına baxmayın, gənc yazıçılar Dikkensdən, Drayzerdən, Hüqodan, Tolstoydan ta Bıkovskiyə, Steynbekə, Markesə, Anara, Elçinə qədər hamısının əsərlərini oxuyublar, yoxsa heç köşə də yaza bilməzdilər. Klassik şairlərmizi, eləcə də Cavidin, Müşviqin, Əli Kərimin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin şeirlərini oxumayanlar, onlardan bəhrələnməyənlər necə şeir yaza bilərlər?
Mendeleyevi tanımayan kimyaçı, Nyutondan xəbərsiz fizik, Ford, Opel, Dizel və Tesla (bunlar adam soyadlarıdır) barədə məlumatı olmayan avtomobil mühəndisi, Kolt və Makarovun adını eşitməyən silah ixtiraçısı olmadığı kimi, Fellinini, Spilberqi, Koppolanı, Tarantinonu, Həsən Seyidbəyliyini, Tofiq Tağızadəni tanımayan birinin də rejissor olması absurddur.
Bu işlər belədir. Bir sənətin zirvəsində olmaq istəyirsənsə, özündən əvvəl o zirvənin pillələrində yer tutanların hamsını tanımalı, yaradıcılqlarını, həyat yollarını, fəaliyyətlərini bilməlisən.
İndi təsəvvür edin ki, əsl jurnalist bütün bu sahələrin adamları ilə eyni zamanda o korifeyləri, dühaları tanımalıdır, tanımağa borcludur. Jurnalistin borcu o adamlara deyil, öz peşəsinin qarşısındadır.
Bir bu deyil. Jurnalist tarixi hadisə və şəxsiyyətləri bilməlidir, bir ölkənin adı çəkiləndə jurnalist onun hansı qitədə, arxipelaqda yerləşdiyini, paytaxtının hansı şəhər olduğunu bilməlidir (ən azı böyük dövlətlərin). Jurnalist bütün sahələrə aid terminologiyadan baş çıxarmalıdır, çünki müsahibi o terminləri işlədəcək, bu da gəlib həmin sözün oxşarını və ya təhrif olunmuş variantını yazacaq, özünü biabır edəcək (belə şeylər çox olur).
Bir sözlə, çoxlarına asan iş kimi gəlir, amma bu, olduqca çox bilik, erudisiya, savad tələb edən sahədir.
Amma bu o demək deyil ki, jurnalistlər hamını tanıya bilər. Söhbət dahilərdən, korifeylərdən, parlaq sənətkarlardan gedir. Hərçənd əsl jurnalist gərək aşpaz Nüsrəti, motorist Gülbalanı, bərbər Zöhrabı da tanısın. Ziyanı yoxdur.
КомментарииОставить комментарий