Свобода людям, независимость нациям!

Blinken Türkiyəyə niyə gəlmişdi?..

Əslində buna təəccüblənmək lazım deyil - ABŞ dövlət katibi İsrail-HƏMAS müharibəsi başlayandan bölgəyə dörd və yaxud da beş dəfə səfər edibdir. Ona təəccüblənmək lazımdır ki, Blinken elə bu yaxınlarda Türkiyəyə səfər etmişdi. Onu Ankaraya yenidən baş çəkməyə vadar edən nədir? Ona təəccüblənmək lazımdır ki, ötən dəfə soyuq qarşılanan dövlət katibini (bu hətta reportyorların da nəzərindən yayınmamışdı!) nəyə görə bu dəfə Ankarada isti qarşıladılar - Blinkeni Türkiyənin təkcə xarici işlər naziri yox, hətta prezident Rəcəb Tayyib Ərdoğanın özü də qəbul etdi...

Bəs nə demək olar bu xüsusda? Hazırda siyasi təhlilçilər bu suallara cavab verməyə çalışırlar. Öz tərəfimizdən onu deyək ki, Türkiyə regionun ən aparıcı dövlətidir və HƏMAS-İsrail müharibəsinin regional xarakter aldığı bir dövrdə, yəmənli terroçuların Qırmızı dənizdə əməlli-başlı problemə çevrildiyi bir məqamda Türkiyəsiz keçinmək, əlbəttə ki, mümkün deyildir. 

Üstəgəl, burada daha bir problem də var. Türkiyə ilə İran arasında yenidən istiləşmə hiss olunur. İran prezidenti bu yaxınlarda Türkiyəyə səfər etməli idi, amma terror hadisəsi ucbatından bu səfəri təxirə salmaq lazım gəldi, amma ondan tamam imtina da olunmayıb, odur ki, İran da, ABŞ da Ankaranı öz tərəfinə çəkmək istəyir. 

Sözsüz ki, Türkiyəni ABŞ-la daha çox müttəfiqlik telləri bağlayır. Amma son vaxtlar bu müstəvidə soyuq küləklər əsir - özü də ABŞ-ın təqsiri ucbatından. Məsələn, bu yaxınlarda Vaşinqton bəyan etdi ki, guya İsveçin NATO-ya qəbulu və məşhur "F-16" məsələsi heç də əlaqəli deyil. 

Əlbəttə, "F-16" məsələsi bir problem kimi İsveçin NATO-ya üzv olmaq istəyindən əvvəl, hətta prezident Donald Trampın vaxtında mövcud olubdu. O vaxt gündəmdə daha bir məsələ vardı - Ankara Vaşinqtondan "Petriott" komplekslərini ala bilməmiş, bunun əvəzində Rusiyadan "S-400"- lər almışdı. Amerikalılarla türkiyəlilər arasında bu xüsusda çox çəkişmələr oldu, ABŞ Türkiyəni Rusiya ilə sövdələşmədən imtina etməyə vadar etməyə çalışdı, amma bu, alınmadı. Axırda prezident Tramp etiraf etdi ki, "Petriott"lar Türkiyəyə prezident Barak Obamanın günahı ucbatından satılmayıbdır. Beləcə, raket-kompleksləri məsələsi özünü tükəndirdi və sanki gündəmdən çıxdı. Amma "F-16" məsələsi qaldı, baxmayaraq ki, Ankara NATO-nun sonuncu sammitində onların verilməsini İsveçin üzvlük protokollarının ratifikasiyası ilə şərtləndirmədi, - o vaxt Türkiyə bunun müqabilində Avropa İttifaqına inteqrasiyasının sürətlənməsinin dəstəklənməsini bir şərt kimi irəli sürdü. 

Amma indi "F-16"lar məsələsi də ortaya gəlibsə, bunu da normal qarşılamaq lazımdır. Vaşinqton İsveç protokollarının Türkiyə Böyük Millət Məclisinin komitəsində ratifikasiyasını alqışlayır, amma özünə gələndə bunun "F-16"larla əlaqəli olmadığını deyir! Belə də səmimiyyət olurmu? 

Əlbəttə, oxucu deyəcəkdir ki, siyasət olan yerdə qətiyyən səmimiyyət olmur. Düzdür! Amma səmimiyyət olmayan yerdə də ən azı uzunmüddətli müttəfiqlik olmur...

Düşünürük ki, Blinkenin səfərində bu məsələ də müzakirə olunubdur. Belədə isə bir daha deyirik ki, tərəflərin müzakirə edəcəyi çox problem var - dünya sözün əsl mənasında qaynayır. Bir tərəfdən Ukrayna, digər tərəfdən Yaxın Şərq, indi də Qırmızı dəniz! Dünyada sanki yeni qlobal müharibə kabusu dolaşır və bunun bir səbəbkarı terrorçular, Rusiyadırsa, digər bir səbəbkarı da ABŞ-dır. 

Sadaladığımız bütün savaşlarda qarşı tərəflərdən biri də ABŞ-dır. Ona görə də heç bir halda köynəyinin yaxasını qırağa çəkə bilməz - Ukrayna münaqişəsində ona kənarda dayanmaq müyəssər oldusa, çətin ki, bu, Yaxın Şərq münaqişəsində alınsın. Odur ki, Türkiyə həm regional güc kimi, həm ərəb dövlətləri ilə normal münasibətləri olan bir ölkə kimi, həm də Rusiya ilə çox yaxın və sıx əlaqələri olan geosiyasi aktor kimi ABŞ üçün maraqlı və önəmlidir. Amma bu son illərdə Ankara Vaşinqtonun regiondakı siyasətinə və yaxud da avantüralarına dəstək verməyibdir və yəqin, bu dəfə də belə olacaq- hətta Blinken Ankaraya hər gün səfər etsə belə...

 

Нет комментариев

Новости автора