Свобода людям, независимость нациям!

Bizə görə öz həmvətənlərini döyən Dominqes...

 

Bəri başdan deyim ki, idman növlərində milliləşdirilmiş və ya milliləşdirilməmiş legionerlərin istifadəsinə qarşı deyiləm. Hətta bunu alqışlayıram. Çünki əsas məsələ qələbə qazanmaqdır. Bir legioner idmançı sənin bayrağını bütün dünyanın görəcəyi yüksəkliyə qaldırırsa, himnini ən mötəbər yerlərdə çaldırırsa, demək, yaxşı iş görür.

Söhbəti düşəndə hamımızın köksünü qabardan “Qarabağ”ın uğurlarında legioner futbolçuların (Reynaldo, Aqolli, Muharrem, Almeyda, Şehiç, Gerye, Ovusu, Kadi, Juninyo, Zubir, Vesoviç, Yankoviç, Benziya və başqaları) xidmətini danmaqmı olar? Hesab etməyin ki, öz eloğlularının qapısına Madriddə qol vuran və “Atletiko”nun baş məşqçisi Simeonenin 5-6 il sərasər göynədən Pedro Enrikyeni unutmuşuq. Əsla.

Legionerlər gəldi-gedərdir, amma onların köməyi ilə qazandığımız qələbələr bizimdir.

Eyni şey müharibədə də keçərlidir. Ruslar o vaxt almanlara “sovet xalqı” adı qoyduqları 72 millətin alay və diviziyaları ilə qalib gəliblər, indi hamı qalıb qıraqda qələbə paradını ruslar keçirir.

Əslində legioner idmançıların xidmətindən istifadə edən ölkələr çoxdur. Məsələn, nə vaxt baxırsan, rinqdə iki bir-birinə oxşayan boksçu döyüşür, azca araşdırırsan, məlum olur ki, ikisi də kubalıdır. Təkcə bizim Dominqes finala çıxana qədər iki həmvətənini döyüb.

Boksda kubalılara çatan yoxdur. Ənənələri var. Kareteni, cüdonu yaponların əlindən aldığımıza baxmayın, boksu heç kəs kubalılardan ala bilmir. O gün bizim Dominqes kubalı boksçuya qalib gələndə düşünürdük ki, bitdi, ölkəsinə qayıdanda Dominqesin cibinə marixuana atıb tutacaqlar, ya da aparıb Bermud adaları tərəfdə batıracaqlar, amma Kubanın prezidenti Migel Dias-Kanel Bermudes çıxıb onunla qürur duyduğunu dedi. Yəqin ki, o belə fikirləşir: “Yenə də bizimki. Onu xəlq edən anaya əhsən!”

Amma düzü, Paris olimpiadasına qatılan 48 idmançımızın 23-nün legioner olması bir az adamın qanını qaraldır. Az qala yarıbayarıdır. Yenə onlar qatıldıqları yarışlarda uğurlu olsalar, medal qazansalar, adama təsir eləməz. Hərçənd hazırda qazanılmış və ikisi də təmin edilmiş 4 medaldan üçünü legionerlərin qazanması onları bəyənməyənlərə qarşı tutarlı arqumentdir.

Könül istər ki, döyüş növlərinin xaricində də milli idmançı ilə yarışa qatılaq və medal qazanaq. Amma mümkün olmur. Adi tennis nəmənə şeydir ki, serb Novak Cokoviçin qabağına bir gənc çıxara bilmirik. Ölkə caydaq və əzələli gənclərlə doludur. 30-40-nı yığıb şərait yaratmaq, məşq etdirmək lazımdır. Hər şey intensiv məşqin, yaxşı şəraitin, pulun başındadır.

Qaçış məsələsində optimist olmaq mümkün deyil. Qarabağ atından bərk qaçanlara çata bilmərik. Üzgüçülük də onun kimi. Amerikalılar, avstraliyalılar 500 metr o tərəfdə qan iyi hiss etmiş köpək balığı kimi üzürlər. İndiyə qədər o qədər ağırlıqlar görmüş xalq olaraq, son vaxtlar ağırlıqqaldırmada uğurlu çıxış edə bilməməyimiz təəssüf doğurur. O vaxt bir soydaşımıza burda yiyə durmadılar, 2016-cı ildə getdi Rio olimpiadasında Qazaxıstana qızıl medal qazandırdı. Sonra da dopinq-şopinq söhbəti çıxdı.

Ancaq güllə atıcılığında niyə geridəyik, heç cür anlaşılan deyil. Qəpiyə güllə atmaq üzrə usta olduğumuza dair köhnə zarafatı edərək, keçək ciddi söhbətə. Son 35 ildə müharibə vəziyyətində olan, Qarabağ civarında saatlarla kol dalında, ağac başında torpağa sinərək hədəf manşırlayan onlarla atıcımızdan biri necə olur ki, olimpiya lisenziyası qazana bilmir? Bu işə diqqət verilməlidir. Bizə ən çox belə idmançılar lazımdır. Görürsünüz ki, Vartazar yenə qaşınır, onun tüfənginin durbinini vurmaq lazım gələcək. Bizə badmintonçu lazım deyil, türkün sözü, kəskin nişançı lazımdır

Bu günlərdə internet resurslarında özbəkistanlı məşqçi Sardor Nodirovla müsahibə vardı, jurnalist ondan Özbəkistan yığmasında milliləşdirilmiş idmançının olmaması barədə soruşur, Nodirov deyir ki, bu, bizə lazım deyil, öz idmançılarımızı yetişdirəcəyik.

Jurnalist əl çəkmir: “Amma olimpiadada daha çox qızıl medal ala bilərdiniz”. Nodirov deyir: “Hamının güləcəyi uğur bizə niyə lazımdır?”

Burada Nodirov haqlı deyil, heç kəs milliləşdirilmiş idmançının qızıl medal almasına gülməz. Ona qalsa, “ağ adamlar”ın yaşadığı Avropa ölkələrinin idmançılarının çoxu qaradərilidir və onlar medal qazananda bütün ölkə ürəkdən gülür, sevinir, yerində dingildəyir. Çünki ortada bayraq söhbəti var.

O gün Cokoviç çempion olanda milli bayrağı üzünə tutub zırın-zırın ağladı, amma qızıl medal qazanandan dərhal sonra bizim Hidayəti bayraqla sevinc şousu göstərməyə qoymadılar.

Amma yenə də milli idmançı yetişdirmək lazımdır, həm də çox. O qədər çox ki, bir yarısı gedib başqa, medala tamarzı ölkələrə medal qazandırsınlar.

Нет комментариев

Новости автора